“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Cebheinfo.az” xəbər verir ki, bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub.
Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Balakən–Bakı xətti üzrə hərəkət edən qatarlara "Standart" və "Standart+" sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq.
Bu marşrut üzrə qatarlar saat 23:50-də Bakıdan, 22:00-da isə Balakəndən yola düşəcək.
Bununla yanaşı, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə də hər iki istiqamətdə əlavə qatar reysləri təşkil ediləcək:
Həmçinin Qurban bayramı ilə əlaqədar olaraq mayın 27-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə sərnişinlər üçün ikitərəfli reyslər fəaliyyət göstərəcək. Qatar Gəncədən 07:15-də, Mingəçevirdən isə 08:40-da hərəkət edəcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.
Həmçinin Abşeron dairəvi dəmir yolu üzrə 27, 28 və 29 may tarixlərində qatarların hərəkəti şənbə-bazar günlərinin cədvəli ilə təşkil ediləcək.