EN

​Rusiya Ermənistanı iqtisadi blokadaya alır Yüzlərlə yük maşını sərhəddə qalıb, vəziyyət gərginləşir

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanda keçiriləcək parlament seçkilərinə iki həftə qalmış, Rusiya bu ölkəyə qarşı ciddi iqtisadi məhdudiyyətlər tətbiq etməyə başlayıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Moskva bir sıra erməni məhsullarının öz bazarına daxil olmasına qadağa qoyub. Hazırda Ermənistana məxsus yüzlərlə yük avtomobili günlərdir ki, Rusiya sərhədində – "Yuxarı Lars" buraxılış məntəqəsində növbə gözləyir. İllərdir bu yollarda çalışan erməni sürücülər yaranmış vəziyyəti birmənalı olaraq Rusiyanın İrəvana qarşı yönəlmiş siyasi təzyiqi kimi qiymətləndirirlər.

Yerli jurnalistlərə danışan sürücülərdən biri vəziyyətin süni şəkildə gərginləşdirildiyini bildirib:

"Maşınların içində erməni konyakı var. Artıq 3-4 gündür ki, sənədləri gətirmirlər. Bəzi maşınlar yoxlama, bəziləri isə geri qaytarılma qərarını gözləyir". 

Digər bir sürücü isə baş verənlərin arxasındakı siyasi ssenarini gizlətməyərək deyib:

"Bütün bunlar, başqa bir seçim edəcəyimiz təqdirdə bizə nələrin gözlədiyini göstərən bir xəbərdarlıqdır".

Son zamanlar Rusiya rəsmiləri demək olar ki, hər gün Ermənistanı Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında sürətlə seçim etməyə çağırırlar. Rəsmi İrəvan isə hələlik tələsmədiyini, qərar vermək məqamının çatmadığını bəyan edir.

Bu həftənin sonunda Astanada Aİİ Ali Şurasının iclası keçiriləcək və Rusiya rəsmilərinin bildirdiyinə görə, həmin iclasda Ermənistanın bu qurumdakı statusu məsələsi müzakirə olunacaq. Hazırda seçki kampaniyası ilə məşğul olan Baş nazir Nikol Paşinyan isə bu sammitə qatılmayacaq, Ermənistanı iclasda baş nazirin müavini təmsil edəcək.

Sərhəddəki böhranla paralel olaraq, artıq bir neçə gündür ki, Rusiyanın "Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmət) qurumunun əməkdaşları Ermənistandadırlar. Onlar erməni həmkarları ilə birlikdə ölkədəki 8 istixana və 4 balıqçılıq təsərrüfatında yoxlamalar aparırlar. Rusiya tərəfinin iddiasına görə, bu müəssisələrdən ixrac olunan güllərdə xarici zərərli orqanizmlər aşkar edilib, erməni nərə balığının çəkisi isə "şübhəli" fərqlər göstərib.

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin mətbuat katibi Anuş Harutyunyan vəziyyətlə bağlı bunları qeyd edib:

"Ermənistandan Rusiyaya idxal edilən fitosanitar nəzarət altındakı məhsulların və balıqçılıq məhsullarının Aİİ qanunvericiliyinin tələblərinə uyğunluğu yoxlanılır. Yoxlamalar başa çatdıqdan sonra nəticələr ümumiləşdiriləcək və Rusiya tərəfi bunu erməni tərəfinə təqdim edəcək".

Sərhəddə çarəsiz vəziyyətdə qalan erməni sürücülər bildirirlər ki, onların yük maşınlarını "Yuxarı Lars" buraxılış məntəqəsindən təxminən 5 kilometr aşağıda yerləşən Çmi kəndinin müvəqqəti gömrük ərazisinə köçürüblər. Məqsəd digər ölkələrin avtomobilləri üçün əsas keçid məntəqəsini açıq saxlamaqdır.

Təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən bir sürücü deyib:

"Sənədlərim yoxdur, burada tamamilə süni bir vəziyyət yaradılıb. Mən anlayıram ki, bu süni şəraitdə yüklərin qəsdən xarab olmasına çalışırlar. Hansı instansiyaya yaxınlaşıramsa, heç kim cavab vermək istəmir, ancaq "gözlə, gözlə" deyirlər. Dünən yox, srağagün gözümün qabağında 5 maşın gülü, 2 maşın çiyələyi və 1 maşın balığı geri qaytardılar".

Sürücünün sözlərinə görə, təxminən 10 yük maşını ilə Rusiyaya 190 ton bibər aparmaq istəyiblər. Baxmayaraq ki, məhsullar Ermənistanda fitosanitar yoxlamadan keçib və heç bir problemi olmayıb, Rusiya gömrüyü keçidə icazə verməyib:

"Eyni ixracatçının yükü ilə 9 maşın gəlmişdik. O doqquzdan biri mənəm ki, hələ sənədlərimi verməyiblər, amma hələ geri də qaytarmayıblar. Mənimlə gələn digər bütün maşınlar artıq malın Ermənistana geri qaytarılması barədə akt alıblar. Halbuki həmin maşınlar Ermənistanda yoxlanılmışdı və tərəvəzlərdə heç bir xəstəlik olmadığına dair sertifikatları var idi. Əgər məni indicə geri qaytarsalar, Ermənistana çatmağım ən azı 5 gün çəkəcək. Bibər artıq 11 gündür yoldadır, mən onu Ermənistana qaytarandan sonra nə edəcəm, bilmirəm".

Hazırda Rusiya təkcə kənd təsərrüfatı məhsullarını deyil, həmçinin Ermənistandan gətirilən güllərin idxalını, məşhur "Cermuk" mineral sularının və bir neçə erməni şirkətinə məxsus alkoqollu içkilərin satışını da məhdudlaşdırıb.

Ermənistanınbmüxalifətçi deputatı Qarnik Danielyan da həyəcan təbili çalaraq bəyan edib ki, Ermənistanın özünün Qida Təhlükəsizliyi Müfəttişliyi "Baqrataşen" (Sadaxlı) keçid məntəqəsindən Rusiyaya ixrac olunmalı olan çiyələk yüklərini geri qaytarıb və bunu yükdə qadağan olunmuş maddələrin tapılması ilə əsaslandırıb. Dövlət qurumu isə cavabında bunun növbədənkənar bir hal olmadığını, gündəlik cari iş prosesi olduğunu iddia edib.

Zərərə düşən erməni iş adamları və daşıyıcılar isə vurğulayırlar ki, siyasi rəqabətin bədəlini iqtisadiyyat ödəyir:

"Bu, birbaşa siyasi təzyiqdir. İndi anladığımız qədərilə, bu proses Ermənistandakı seçkilərlə bağlıdır. Yükdaşıyanlar vasitəsilə seçkilərin nəticələrinə təsir etməyə çalışırlar".

Məlumat üçün qeyd edək ki, Ermənistan iqtisadiyyatında bu sahə sürətlə böyüyürdü. Ötən il Ermənistan böyük hissəsi Rusiyaya olmaqla 53 milyon dollar dəyərində gül-çiçək ixrac etmişdi. Sırf müqayisə üçün, cəmi beş il əvvəl bu ixracın həcmi cəmi 7.4 milyon dollar idi.

Paşinyanın "Axalkalaki-Qars" alternativi və sürücülərin reallığı: "Avropa uzaqdır, Rusiya isə ən böyük bazardır"

Yaranmış ağır iqtisadi böhran fonunda Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış yolu kimi alternativ marşrut təklif edib. O, dünənki bəyanatında Axalkalaki-Qars (Gürcüstan-Türkiyə) marşrutunu alternativ yol kimi göstərib və bildirib ki, bu xətt artıq Azərbaycan marşrutu kimi ixrac və idxal üçün açıqdır.

Paşinyan bunu ölkənin iqtisadi həyatında "böyük hadisə" adlandırsa da, real işlə məşğul olan erməni yükdaşıyıcıları bu bəyanatlara bədbin yanaşırlar. Onların fikrincə, zaman hər şeyi göstərəcək, lakin hazırda ən yaxın və ən böyük bazar yenə də Rusiyadır. Bəzi ekspertlər və sürücülər isə hesab edirlər ki, bu cür alternativ marşrut bəyanatları bəlkə də Moskva ilə gərginliyi azaltmaq üçün bir manevrdir:

"Hamı gözəl başa düşür ki, bizim iqtisadiyyatımız Rusiya bazarı olmadan bu məhsulları heç bir yerə ixrac edə bilməz. Əgər real alternativimiz olsaydı, məncə, Rusiyanın da bizə qarşı münasibəti dəyişərdi. Amma hələ ki, vəziyyət günü-gündən çətinləşir".

Sürücülər Avropa bazarının onlar üçün əlçatmaz olduğunu, həm logistik problemlərin, həm də rəqabətin həddindən artıq güclü olduğunu deyirlər:

"Məsələn, gülü hansı ölkəyə ixrac edəcəyik? Dünya gül birjası Niderlanddadır, hamı gülü, şitili, toxumu oradan alır. Biz hara satacağıq? Yaxud mən bu bibəri hara aparım, hansı ölkə bunu bizdən alacaq? Avropanın İspaniya, Yunanıstan, İtaliya kimi ölkələri var, bütün Avropanı tərəvəzlə elə onlar təmin edir".

Sərhəddə günlərlə çarəsiz gözləyən erməni sürücülərdən birinin danışdığı son detal isə Rusiya tərəfinin Ermənistana qarşı münasibətinin və eyhamının faktiki xülasəsidir. Sürücü rus gömrükçülərindən prosesin nə vaxt bitəcəyini, sənədlərin nə zaman veriləcəyini soruşduqda aldığı qeyri-adi cavabı belə nəql edib:

"Gömrükçüdən soruşursan ki, "yaxşı, niyə belə edirsiniz, problem nədir?" Heç bir söz demir, sadəcə üzünə gülümsəyərək əlləri ilə "ürək işarəsi" edir. Biz də bunu bir tapmaca kimi buraxırıq, qoy eşidənlər özləri təxmin etsinlər ki, o, "ürək" göstərməklə nə demək istəyirdi. Axı mən qadın da deyiləm ki, deyim məndən xoşu gəldi, ona görə ürək etdi..."

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
azpolitika.info

1Sources