EN

Yuxusuzluq kökəlmənin gizli səbəbi ola bilər

Rusiyalı psixoloq Rodion Çepalov bildirib ki, yuxusuzluq çəki artımına təkcə fizioloji deyil, psixoloji baxımdan da birbaşa təsir edir.

Azreform.info -ın xəbərinə görə, o, “Lenta.ru”ya açıqlamasında qeyd edib ki, insan az yatanda beyin ətraf mühiti daha stresli və təhlükəli qəbul edir, orqanizm isə sürətli enerji toplama rejiminə keçir.

“İnsan 4-5 saat yatır, bütün günü qəhvə ilə ayaqda qalmağa çalışır, axşam isə özünü saxlaya bilməyib şirniyyat və ya yağlı qidalara yönəlir. Bu, iradəsizlik deyil, sinir sisteminin resursları tez bərpa etmək cəhdidir”, – deyə Çepalov bildirib.

Psixoloq bunun bir neçə mexanizmini izah edib. Onun sözlərinə görə, birinci səbəb emosional həddindən artıq yeməkdir. Yuxusuzluq əsəbilik və narahatlığı artırır, yemək isə insan üçün sakitləşdirici vasitəyə çevrilir.

“İkinci səbəb özünüidarənin zəifləməsidir. Yorğun beyin qərarları daha pis verir, buna görə də insan qəlyanaltılardan imtina etməkdə çətinlik çəkir. Üçüncü səbəb isə fiziki aktivliyin azalmasıdır. Pis yuxudan sonra insanlar daha az hərəkət edir və passiv istirahətə üstünlük verirlər”, – deyə o izah edib.

Çepalov vurğulayıb ki, xroniki yuxusuzluq hətta qida qəbuluna münasibəti də dəyişir. Sadə qidalar daha az cəlbedici görünür, beyin isə yüksək kalorili yeməklərə daha çox meyl edir.

Psixoloqun fikrincə, yuxu “itirilmiş vaxt” deyil, sinir sisteminin bərpası üçün əsas ehtiyaclardan biridir. O əlavə edib ki, bəzi hallarda yuxu rejiminin normallaşdırılması sərt pəhrizlərdən daha tez çəki azalmasına kömək edə bilər.

Həmidə İbrahimova

Chosen
9
2
azreform.info

3Sources