EN

ABŞ İranı BOMBALADI: Tehran "amansız cavab" HAZIRLAYIR

Xəbər verdiyimiz kimi, ABŞ ordusu İranın cənubundakı raket qurğularına və hərbi katerlərinə zərbələr endirib.

Musavat.com xəbər verir ki, bu hadisədən sonra İran hərbçiləri ABŞ-nin yeni hücumunun cavabsız qalmayacağı barədə xəbərdarlıq ediblər.

“Fars” agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmisi Əbülfəzl Şəkarçi bəyan edib ki, İrana qarşı “hər hansı yeni təcavüz” regionun hüdudlarından kənara çıxacaq “çox daha sərt”, genişmiqyaslı və amansız cavabla qarşılaşacaq.

İran mediası ABŞ-nin bu hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı 4 hərbçisinin həlak olduğunu bildirsə də, rəsmi Tehran hələlik bu məlumatı təsdiqləməyib. Eyni zamanda, İranın vitse-prezidenti İsmail Səqab İsfahani ABŞ-nin “xoş məram dilini” anlamadığını və yalnız güc dilindən başa düşdüyünü vurğulayıb.

O qeyd edib ki, əgər İran Qətərdəki mayeləşdirilmiş təbii qaz (LNG) obyektlərinə “sarsıdıcı zərbə” endirməsəydi, düşmən ölkənin qalan infrastrukturuna və enerji sektoruna hücumlarını davam etdirəcəkdi.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi kapitan Tim Hokins bildirib ki, Amerika qoşunları öz qüvvələrini İran təhdidindən qorumaq üçün ölkənin cənubuna zərbələr endirib. Onun sözlərinə görə, hədəflər zenit-raket qurğuları və Hörmüz boğazında mina basdırmağa çalışan İran katerləri olub.

Hokins ABŞ-nin hələ də atəşkəs rejimi çərçivəsində “təmkin nümayiş etdirdiyini” əlavə edib. Zərbələr nəticəsində Bəndər-Abbas limanında Amerika təyyarələrini hədəf alan zenit-raket kompleksinin (ZRK) və SEPAH-a məxsus 2 gəminin məhv edildiyi bildirilir.

SEPAH-ın

Yerli mənbələr Bəndər-Abbas aeroportu yaxınlığında və Hörmüz boğazındakı Larak adasının cənubunda ardıcıl partlayış səslərinin eşidildiyini və İran HHM sistemlərinin işə düşdüyünü təsdiqləyib.

Hərbi gərginlik fonunda dünya bazarlarında "Brent" markalı neftin qiyməti 1%-dən çox artaraq bir barel üçün 97,32 dollara yüksəlib. İran Silahlı Qüvvələrinin rəsmisi İbrahim Zülfaqari ABŞ-nin bölgədəki "hərbi avantüraları" fonunda hər hansı razılaşmadan söhbət gedə bilməyəcəyini qeyd edərək, dünya birliyini 200 dollarlıq neft qiymətinə hazır olmağa çağırıb.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində radikal bəyanatla çıxış edib.

O bildirib ki, Tehranın əlindəki zənginləşdirilmiş uran ehtiyatları ya dərhal məhv edilmək üçün ABŞ-yə təhvil verilməli, ya da MAQATE-nin nəzarəti altında elə İranda məhv edilməlidir. Tramp zənginləşdirilmiş uranı "nüvə tozu" adlandıraraq, ABŞ-nin İranın nüvə infrastrukturunu bombalamasına eyham vurub.

ABŞ Dövlət katibi Marko Rubio isə Vaşinqton və Tehran arasında sazişin mətninin razılaşdırılmasının bir neçə gün çəkə biləcəyini və hazırda Qətərdə danışıqların getdiyini bildirib. Rubio həmçinin vurğulayıb ki, Hörmüz boğazı "bu və ya digər şəkildə" mütləq açıq qalacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri Məhəmməd Baqer Zolqədr isə xalqa ilk müraciətində ABŞ və İsrailə qarşı mübarizədə geri çəkilməyəcəklərini və düşməni diz çökdürəcəklərini bəyan edib.

İqbal RZAYEV,
Musavat.com

Chosen
27
musavat.com

1Sources