EN

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub - ŞƏRH

Bakı, 26 may, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, yeni iş yerlərinin açılması, bölgələrə daxili və xarici sərmayələrin cəlb olunması, ən müasir texnologiyaların tətbiq edilməsi, istehsal və ixrac imkanlarının daha da artırılmasıdır. Mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının nəticələrini yüksək dəyərləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısı prezident kimi fəaliyyətə başlayarkən regionların inkişafı istiqamətində hədəfləri bəyan etmişdi. Buna görə də 2004-cü ildən müvafiq dövlət proqramları həyata keçirildi. Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Belə ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunaraq bölgələrdə sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayıb.

Onun sözlərinə görə, regionların inkişafında aqrar sektor xüsusi əhəmiyyət daşıyır. Çünki ərzaq təhlükəsizliyi milli təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Ötən dövr ərzində bu sahənin inkişafı ilə bağlı həm regional dövlət proqramları çərçivəsində, həm də digər müstəvilərdə tədbirlər həyata keçirilib. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da böyük işlər görülür. Bu ərazilərin kənd təsərrüfatının inkişafı üçün ciddi potensialı var. Müşavirədə dövlətimizin başçısı kənd təsərrüfatında mövcud vəziyyəti faktlarla təqdim edib. Təbii ki, kənd təsərrüfatında əhəmiyyətli nəticələr var. Lakin müasir dövrün reallıqları bu sahədə daha böyük məqsədlərə çatmağı hədəfləyir. Prezident bu hədəfləri də müşavirədə açıqlayıb.

Samir Vəliyev qeyd edib ki, müşavirədə aidiyyatı dövlət qurumlarının rəhbərləri məruzələrlə çıxış ediblər: “Dövlətimizin başçısı kənd təsərrüfatının inkişafı üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib. Yeri gəlmişkən, Prezidentin sərəncamı ilə kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı da təsdiq olundu. Bu proqramın uğurlu icrası aqrar sektorun inkişafına böyük təkan verəcək və qarşıda duran hədəflərə nail olunacaq”.

Chosen
15
1
azertag.az

2Sources