EN

Zahid Oruc: Ölkəmizdə uğurlu ailə obrazları yüz minlərlədir

BAKI, 26 may. TELEQRAF

"Ailə institutu milli kimliyin, sosial harmoniyanın və cəmiyyətin davamlı inkişafının əsas sütunudur. Azərbaycanın dünya siyasi xəritəsindəki mövcudluğunu qoruyan çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən milyonlarla ailədir".

Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci il üzrə məlumatına münasibət bildirən deputat Zahid Oruc deyib.

O qeyd edib ki, 30 ildən sonra qazandığımız Qarabağ Zəfəri "qaçqın və məcburi köçkün ailələr" məfhumunu tarixə qovuşdurdu: "Gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən azərbaycanlı ailələrə yol açdı. Tarixi dönüşün rəmzi olaraq 21-ci əsrin tək qalib xalqının öz "Milli Ailə Günü" olması təbii və layiqli bir qərar olardı.

Hazırda dünyada ənənəvi ailə modelləri böhran yaşayır. Postmodern dəyərlər sistemi, avropalaşmanın aqressiv təbliği və mədəni hegemonluq ailə institutunu ciddi sınaqlar qarşısında qoyur. Ona görə də müzakirəyə təqdim edilən ailə institutun barometri sayılacaq 2025-ci il üzrə Ailə, qadın uşaq məsələləri üzrə Dövlət Komitəsinin Məlumatı mühüm analitik sənəddir.

Sənəddə diqqət çəkən ilk məsələ azərbaycanlı ailələrin üzləşdiyi risklərdir. 2025-ci ildə Qadın Dəstək Xəttinə 3954 müraciət daxil olub. Onların 28 faizi psixoloji dəstək, 17 faizi zorakılıq, 15 faizi hüquqi yardım, 9 faizi boşanma məsələləri ilə bağlıdır. Rəqəmlər göstərir ki, zorakılıq artıq yalnız fiziki yox - psixoloji, hüquqi və sosial müdafiə problemi kimi də ciddi yer tutur.

İkinci məsələ mühafizə orderləridir. Komitənin tövsiyəsi - qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması - düzgün yanaşmadır. Çünki zorakılıqda vaxt amili həlledicidir. Zərərçəkən şəxs müdafiəni həftələrlə gözləyirsə, nəticə ağır olur”.

Deputat bildirib ki, üçüncü ciddi məsələ qohum nikahlarıdır: "Milli Məclisin iki il öncə qəbul etdiyi qanun öz bəhrəsini verir: statistikaya baxsaq, 2022-ci ildə 2542 olan belə nikahların sayı 2024-cü ildə 2058-ə, 2025-ci ildə isə 1412-ə düşüb. Azalma var, lakin problem tam aradan qalxmayıb. 2025-ci ildə ən yüksək göstəricilər Bakı üzrə 360, Lənkəran-Astara üzrə 223 nəfərdir. Göründüyü kimi, qohum nikahları təkcə hüquqi qadağa ilə aradan qalxmır - davranış dəyişikliyi, maarifləndirmə, tibbi-genetik məsləhət və məktəblərin sistemli işi vacibdir.

Dördüncü problem ana və uşaq ölümü göstəriciləridir. 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü 26 nəfər qeydə alınıb. Xüsusilə narahatedici odur ki, şəhər yerlərində müvafiq göstərici 2024-cü ildəki 12,2-dən 2025-ci ildə 22,1-ə yüksəlib. Kənd yerlərində azalma müşahidə edilsə də, rəqəmlər hələ yüksək olaraq qalır. 2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib; hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7-dir. Əhalinin demoqrafik artımına ehtiyac duyduğumuz dövrdə "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında" yeni qanun layihəsi təklifini parlament də dəstəkləyəcək.

Beşinci məsələ qızların təhsil və ixtisas seçimidir. Qız uşağının təhsildən yayınması sonradan erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və sosial təcridə yol açır. Formalaşan reallığı dəyişmək üçün ilk həlqə - məktəbdir.

Nəhayət, informasiya mühiti ilə bağlı sənəddə göstərilir ki, sosial şəbəkələr, "TikTok" və "YouTube" kanalları ailə münaqişələrini sensasiyaya çevirir, boşanmanı, zorakılığı, xəyanəti reytinq aləti kimi istifadə edirlər. Ailə institutunu ideallaşdırmadan, lakin nüfuzdan da salmadan - sağlam münasibətlər, məsuliyyətli valideynlik və qarşılıqlı hörmət nümunələri ictimai məkanda birinci yerdə dayanmalıdır.

Ölkəmizdə uğurlu ailə obrazları 100 minlərlədir. Övladlarını təhsilli və vətənpərvər böyüdən, yaşlılara qayğı göstərən, çətinliklərə baxmayaraq, ailə birliyini qoruyan, şəhid və qazi ailələrinin dəyərlərini yaşadan, Qarabağa və Şərqi Zəngəzuru qazana, indi qayıdaraq yeni həyat quran ailələrin nümayişi ailə institutunu xarici hücumlardan qorumaq deməkdir".

Chosen
5
3
teleqraf.com

4Sources