EN

Mahmud Sadıqov: "Araz-Naxçıvan"ın əsas məqsədi UEFA Çempionlar Liqasında layiqli çıxışdır"

"Araz-Naxçıvan" futzal klubunun hədəfi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir.

Bunu "Report"a açıqlamasında klubun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, heyətdən gedən oyunçuların adlarını açıqlayıb:

"Jan Karlosla Elan Delonun müqaviləsinin müddəti başa çatıb və onlarla yeni sözləşmə imzalanmayıb. Özlərinə də bu barədə məlumat verilib. Digər oyunçularla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılacaq və bundan sonra yekun qərar veriləcək. Yeni oyunçuların keçidi üçün isə hələ tezdir. Avropanın digər ölkələrində çempionatlar davam edir. Heyətə qatılması nəzərdə tutulan futzalçılarla yaxın müddətdə təmas qurulacaq".

Klub rəsmisi komandanın hədəflərini diqqətə çatdırıb:

"Ağır mövsüm oldu və müəyyən boşluqlar yarandı. Bütün bunlara baxmayaraq, əsas hədəf olan çempionluq son oyunda qazanıldı. "Araz-Naxçıvan"ın məqsədi hər zamankı kimi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir".

Qeyd edək ki, "Araz-Naxçıvan" 2025/2026 mövsümündə Azərbaycan çempionu olub.

Chosen
11
far.az

1Sources