Qurban ibadəti İslamda xüsusi əhəmiyyət daşıyan əməllərdən biridir və bu ibadətin düzgün yerinə yetirilməsi üçün ən vacib məsələlərdən biri də hansı heyvanların qurban kimi kəsilə biləcəyini bilməkdir. Çünki hər heyvan qurban üçün uyğun sayılmır və bunun dini qaydaları vardır.
Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullanın sözlərinə görə, qurbanlıq heyvan dəvə, inək, qoyun və ya keçi olmalıdır:
"Beş yaşı tamam olmamış dəvə, iki yaşı tamam olmamış inək və keçi, həmçinin yeddi ayı tamam olmamış qoyun qurbanlıq üçün kifayət etmir. Adətən qoyun kəsildiyi üçün diqqət etmək lazımdır ki, yeddi aydan az olmasın".
Bəs qurban ətini necə paylamaq lazımdır sualına gəldikdə isə ilahiyyatçı qeyd edib ki, qurban kəsən şəxs ətin üçdə birini özü üçün götürə bilər:
"Yəni kəsdiyiniz qurbanın ətindən özünüzün yeməyiniz qadağan deyil. Digər üçdə birini istədiyiniz müsəlmana hədiyyə edə bilərsiniz. Daha yaxşı olar ki, sonuncu üçdə bir hissəni müsəlman fəqirlərə sədəqə verəsiniz. Əlbəttə, bəzi insanlar qurban ətini tanış imkanlı şəxslərə də verirlər. Bu, haram deyil. Həmçinin qurban kəsən şəxsin özünün həmin ətdən yeməsi də haram deyil. Sadəcə, daha çox savab qazanmaq istəyirsinizsə, onu layiqli və ehtiyaclı insanlara çatdırmağa çalışın.
Bəzən deyirlər ki, bir nəfərin körpəsi var və onun üçün əqiqə qurbanlığı kəsmək istəyir. Əgər həmin şəxs Qurban bayramı günü müstəhəb qurban kəssə, bu qurban körpənin əqiqə qurbanını da əvəz edə bilər".
Həmidə İbrahimova