EN

Çindən elektrik avtomobili ixracı qlobal miqyasda 40% artıb

Aprel ayında Çin rekord həcmdə elektrik avtomobili ixracı ilə bazarlarda mövqeyini gücləndirib...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına əsasən, Çin istehsalı olan elektrik avtomobillərinin (EV) qlobal ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.

Statistikaya görə, Çin aprel ayında xarici bazarlara 278 081 ədəd elektrik avtomobili çıxarıb ki, bu da sektor üzrə yeni artım göstəricisi kimi qiymətləndirilir.

Çin gömrük məlumatlarına istinadən bildirilir ki, ən böyük artım Braziliya istiqamətində qeydə alınıb. Apreldə bu ölkəyə ixrac 221% artaraq 38 144 ədədə çatıb və bu, bütün ölkələr arasında ən yüksək göstərici olub.

Regional bölgüyə əsasən, Asiya Çin EV-lərinin ən böyük idxalçısı olaraq qalır və bu regiona 110 613 ədəd avtomobil göndərilib. Bu göstərici illik müqayisədə 20% artım deməkdir.

Avropa ikinci yerdə qərarlaşıb və burada 83 813 elektrik avtomobili idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir. Latın Amerikası və Karib hövzəsi isə 52 897 ədəd idxalla 80% artım göstərib.

Avropa İttifaqı ölkələrinə ixrac da yüksəliş trendi nümayiş etdirib. Məlumata görə, Çin EV-lərinin Aİ bazarına ixracı 41% artaraq 63 063 ədədə çatıb.

Analitiklər bu artımı Çin avtomobil sənayesinin qlobal bazarda rəqabət gücünün yüksəlməsi və elektrik mobilliyi sektorunda istehsal miqyasının genişlənməsi ilə izah edirlər.

Poliqon.info

Chosen
5
poliqon.info

1Sources