EN

XEYİRXAHLIQ, PAKLIQ VƏ ALLAHA İNAM

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Ulu Öndər Heydər Əliyev həmişə milli-mənəvi dəyərlərimizin formalaşmasına böyük önəm verib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra dini bayramlar, o cümlədən Qurban bayramı böyük təntənə ilə qeyd olunur. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir. Mənbələrdə göstərilir ki, insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası da ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında, dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı, altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi islamda məsləhət görülmür.

Qurban kəsiləndə belə deyilməlidir: "Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbi Allah üçündür".

İNSANLARI HALALLIĞA VƏ BİRLİYƏ ÇAĞIRIŞ

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara və kasıblara paylamalıdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək, insanları hallalığa, paklığa və birliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir və şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim borcumuzdur. Artıq qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunur.

MÜTƏRƏQQİ İSLAMİ DƏYƏRLƏRƏ BAĞLILIQ

Qeyd edək ki, işğal altındakı torpaqlarımızda olan 67-i müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Artıq dini abidələrimiz təmir və bərpa olunur və bəziləri istifadəyə verilib. Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparıb. Azərbaycan xalqı belə tolerant bir mühitdə Qurban bayramını qeyd edir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqının əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub-saxlayıb. İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramı müsəlmanların Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarının təcəssümüdür.

Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban bayramınız mübarək.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
sesqazeti.az

1Sources