Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
İlahiyyatçı Elşad Miri bəzi televiziya kanallarında ona qarşı efir qadağalarının tətbiq olunduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə şəxsi ictimai şəbəkə hesabında paylaşım edib.
Elşad Miri qeyd edib ki, İctimai TV-də ona qarşı tətbiq edilən qadağanın hələ də qüvvədədir.
O, məsələni məzhəb yanaşması ilə əlaqələndirib:
“Dünən İctimai Tv-nin şəxsimə qoyduğu qadağayla əlaqəli bir status paylaşdım. Bunu da Balakişi Qasımovun (Balash Kasumov) 3-cü dəfə həmin quruma Baş direktor seçilməsi xəbərini oxuyandan sonra yazdım: “İctimai TV-dəki şəxsimə olan qadağa yenə qüvvəsində qalacaq. Məzhəbçilik çox pisdir, çox.”
Bu statusumda əsas məsələnin qadağa yox, direktorun məsələyə məzhəb prizmasından yanaşması olduğunu vurğulamışdım. Çünki intellektual görünənlər məzhəb məsələsində din(i)darlaşırlar.
Bunu nəyə görə dediyimi də izah edim. Çıxışlarım, danışıqlarım İctimai TV-nin Baş direktorunun məzhəbinə zidd olduğuna görə İTV-dəki dostlarım məndən nə müsahibə ala, nə də verilişlərə dəvət edə bildiklərini demişdilər. Bu ittihamdırmı? Əlbəttə, xeyr. Çünki vaxtilə Şahin Həsənli dünyasını dəyişəndə, Allah rəhmət eləsin, prosesin canlı yayımlanmasına etiraz edənlər də bundan payını alıblar”.
İlahiyyatçı paylaşımında bəzi televiziya rəhbərlərinin onun dini mövzulardakı çıxışlarına görə efirə dəvət edilməsinə maneə yaratdıqlarını iddia edib. O, həmçinin millət vəkili Fazil Mustafa-nın da uzun illər müəyyən televiziya kanallarına dəvət olunmadığını vurğulayıb:
“Təsəvvür edin, həmin şəxslərdən biri İran sevdalıları tərəfindən iftardan qayıdarkən güllələnən millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafadır. İctimai TV-nin qapıları illərdir Fazil bəyin üzünə də qapalıdır. Səbəbi geniş izah etməyə ehtiyac yoxdur. İran sevdalısı olmağın, məzhəb təəssübkeşliyinin təhlükəli olduğunu dilə gətirməyimin əbəs olmadığını təkcə bu fraqment də göstərir.
Kəramət Böyükçöl dünən yazmışdı ki, “Elşad Miri İTV-nin ona qadağa qoymasından gileylənən bir status paylaşıb. Halbuki İTV-nin jurnalistləri tez-tez canımı boğaza yığıb, məni verilişə çağırırlar, getmirəm. İTV-nin rəhbəri Balakişi Qasımovdan xahiş edirəm ki, Elşad Miriyə olan qadağanı götürüb, əvəzinə mənə qadağa qoysunlar”. Lakin burada unudulan nüans hansısa kanala dəvət edilib-edilməməyim deyil. Məzhəbçiliyin təhlükəli olduğunu göstərməkdir. Çünki Allaha şükürlər olsun internet resurslarında 100 minlərlə abunəsi olan müxtəlif kanallarım var və hansısa kanala çıxmaq arzusunda da deyiləm. Hətta bəzi mövzular və ya məsələlərlə əlaqəli olaraq hər kanala da çıxmıram.
Konkret bir-iki misal verim. İctimai TV-nin öz youtube kanalında Balakişi Qasımovun 3-cü dəfə Baş direktor seçilməsiylə əlaqəli videoya cəmi-cümlətanı 171 baxışı var. Eyni anlarda çəkdiyim 17 dəqiqəlik videoma baxış isə 43 min 700-dür.
İndi məsələnin başqa qəribə tərəfinə toxunum. Dünənki statusumu xəbər kimi ilk Müsavat saytı dərc edib. Ondan sonra isə digər saytlar da xəbəri ictimailəşdiriblər. Təəccüblü tərəfi odur ki, qadağa qoyanlardan biri də elə Müsavat TV-dir :)). Həmin kanalın efirlərində haqqımda danışılsa da, cavab haqqım yaransa da, bu kanal da rəhbərinin məzhəbçiliyinə görə mənə qadağa qoyanlardandı. (Sevinc Telman Qızı, Rauf Abbasov Arifoglu)”.
Elşad Miri paylaşımında Müsavat TV, Real TV və Xəzər TV ilə bağlı da oxşar iddialar səsləndirib:
“Digər yasaqlayıcı zehniyyətin simalarından biri də Real TV-nin direktoru olan Mirşahindir (Mir Shahin Agayev) Seyid olduqlarına görə, seyidlər özlərini ərəb olduqlarını iddia edirlər, seyidlər haqqındakı çıxışıma və Allahşükür Paşazadə ilə münasibətə görə Mirşahinin də qadağalar siyahısındayam. Halbuki Allahşükür Paşazadənin kanalında özü barəsindəki 11 gün əvvəlki videosuna da cəmi 17 dəfə baxılıb. Bu yasaqlayıcı zehniyyət o qədər inkişaf edib ki, eyni yanaşmanı Mirşahinin oğlunun kanalında da müşahidə edirik. Yəqin məsələ genetikdir. Orda da dəfələrlə əleyhimdəki çıxışları göstərmək olar.
Qadağalar Xəzər TV-də də var. Amma Murad Dadaşovun (Murad Dadashovhansı məzhəbə mənsub olduğunu bilmirəm. Yazılası, danışılası çox məsələ olsa da, hələlik bu qədər”
O bildirib ki, sosial şəbəkələrdə geniş izləyici auditoriyasına malik olduğu üçün televiziya efirlərinə çıxmağı əsas məqsəd hesab etmir.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.