Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli parlamentin mayın 26-da keçirilən plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”, eləcə də gender bərabərliyinin təmin edilməsi üzrə hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, həmçinin iqtisadi və sosial məqamları ilə bağlı bir sıra fikirlərini səsləndirib.
Redaktor.az millət vəkilinin çıxışını olduğu kimi təqdim edir:
"1. Gender bərabərliyinin təmin edilməsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən əmək hüquqlarının qorunması, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişiklikləri müsbət qiymətləndiririk. 2025-ci il üzrə qadınların orta aylıq nominal əməkhaqqı 874,5 manat, kişilər arasındaisə bu göstərici 1264,5 manat təşkil edib.2015-ci ildə qadınların orta aylıq nominal əməkhaqqı kişilərin orta aylıq nominal əməkhaqqının 53,9 faizini təşkil etdiyi halda, 2025-ci ildə bu nisbət 69,2 faiz olub. Amma bu orta statistik göstəricidir. Belə ki, dövlət idarəetmə, sosial təminat, ticarət və təhsil sahələrində qadınların orta aylıq nominal əməkhaqqı kişilərin orta aylıq nominal əməkhaqqının 86-89 faizini təşkil etdir ki, bu da beynəlxalq praktikadakı ümumi orta göstəricidən yüksəkdir. Amma peşə, elmi-texniki fəaliyyətdə 52 faiz, maliyyə sahsində isə 56 faiz təşkil edir ki, bu da çox aşağı göstəricidir. Kişilərin əmək haqqı orta statistik əmək haqqından 15 faiz yüksək olduğu halda,qadınların əmək haqqı orta əmək haqqının 79 faizi səviyyəsindədir. Bu fərqlilik bir sıra obyektiv məqamlarla izah edilsə də, bunun başqa tərəfi də var: Qadınların orta əməkhaqqının kişilərin orta əməkhaqqına yaxınlaşması və bərabərləşməsi təkcə hüquqi və iqtisadi tərəfli bir məsələ deyil, həm də həm qadının özünün, həm də ailəsinin güzaranına müsbət təsir edən çox mühüm bir sosial məsələdir.
Əməyinin ödəniş sistemini cinsindən asılı olmayaraq bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında təkmilləşdirmək məsələsi Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişdə də özəksini tapıb. Ona görə də əmək haqqlarda gender səbəbli fərqin çox olduğu belə sahələrdə nəticələri yaxşılaşdırmaqdan ötrü, müvafiq qanunda edilən dəyişikliklərin işlək reallaşdırma mexanizminin də hazırlayıb sistemli şəkildə həyata keçirilmsini, eləcə də müvafiq təşkilati və digər tədbirlərin də görülməsini vacib hesab edirik ki, optimal müddətdə qadınların orta aylıq nominal əməkhaqqı kişilərin orta aylıq nominal əməkhaqqına daha da yaxınlaşdırılması mümkün olsun. Əmək bazarının tələblərinə uyğun olaraq qadınların məşğulluq imkanlarının genişləndirilməsi və onların daha yüksək əməkhaqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi, eləcə də əmək bazarında daha çox işçi tələb olunan peşələr üzrə işaxtaran və işsiz qadınların rəqabət qabiliyyətinin artırılmasına yönələn peşə hazırlığının təşkili istiqamətində əlavə tədbirlərin görülməsini vacib hesab edirik.
2. Azərbaycanda qadınların pensiya yaşı 65-ə qaldırılıb və bu xeyli ölkələrdəkindən, eləcə də MDB məkanna aid ölkələrdəkindən yüksəkdir. Ona görə də hazırda ölkəmizdə qadınların erkən pensiya çıxması məsələsi böyük aktuallaıq kəsb edir. Son illər qanunvericilikdə bu istiqamətdə bir sıra dəyişikliklər edilib. Azərbaycanda sosial-demoqrafik göstəricilər, real orta və sağlam ömür uzunluğu indiki pensiya yaşını ciddi şəkildə mübahisələndirir və pensiya sistemi ilə bağlı yeni yanaşmaları zəruri edir. Bu yöndə dəyişikliyə ehtiyacı olan məsələlərdən biri də çoxuşaqlı ailə anlayışına yenidən baxılmasıdır. Hazırda çoxuşaqlı ailə dedikdə qanunvericiliklə 5 və daha çox uşağı olan ailələr nəzərdə tutulur və müavinət verilir. 5 və daha çox uşağı olan ailələr uşaqlı aillərin cəmi 3 faizə qədərini təşkil edir. Çoxuşaqlı ailə modeli beş uşaqdan üç üç uşağa endirilsə, bu həm həmin anaların 5 il tez pensiyaya çıxması hüququ qazandırar, həm də xeyli uşaq müavinət ala bilər. Bu isə öz növbəsində hazırda əksəriyyət təşkil edən bir və iki uşaqlı ailələrdən üç və daha çox uşaqlı ailə modelinə keçid üçün stimul yaradar.
3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələrə və bu sahədəki müsbət dinamikanı müsbət hesab edirik. Bu yöndə 2024-cü ildən etibarən regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, ictimai fəallığını təşviq etmək, eləcə də gənc qızların rəqəmsal bacarıqlarının artırılması məqsədilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları”, “Qızların təhsilə cəlb edilməsi”, “Mənim kitabxanam” və sair bu kimi layihələrin həyata keçirlməsini yüksək qiymətləndirir və belə layihələrin dairəsinin genişləndirilməsini vacib hesab edirik".
NURİYYƏ