EN

Şoyqunun sağ əlinə milyardlıq zərbə

Rusiyada Müdafiə Nazirliyi ətrafında korrupsiya qalmaqalları dərinləşməkdə davam edir.

Musavat.com xəbər verir ki, Moskva məhkəməsi keçmiş müdafiə naziri SergeyŞoyqunun birinci müavini olmuş Ruslan Tsalikov və ailəsinə məxsus milyardlarla rubl dəyərində əmlakın dövlətə keçirilməsi barədə qərar qəbul edib.

Məlumata görə, Moskvanın Nikulinski rayon məhkəməsi Baş Prokurorluğun iddiasını tam təmin edib və Tsalikov, eləcə də onun qohumlarına aid ümumi dəyəri 5,5 milyard rubl olan aktivlərin müsadirəsinə qərar verib. Söhbət Moskva və Şimali Osetiyadakı daşınmaz əmlakdan, iri məbləğdə vəsaitdən və digər aktivlərdən gedir.

Müsadirə olunan əmlaklar arasında Moskvanın Zemlyanoy Val küçəsində yerləşən “Sugar Factory” biznes mərkəzində obyektlər, Domodedovoda torpaq sahəsi, eləcə də paytaxtın Hamovniki və Meşanski rayonlarında kommersiya və yaşayış obyektləri var. İş qapalı rejimdə araşdırılıb. Rəsmi səbəb kimi müdafiə sahəsində dövlət müqavilələri və Müdafiə Nazirliyi nümayəndələrinin şəxsi məlumatlarının mövcudluğu göstərilib. Maraqlıdır ki, dövlət mediası məhkəmə qərarını demək olar ki, işıqlandırmayıb.

İstintaq materiallarına görə, Tsalikov nəzarətində olduğu “Tektum” və “Dominus Zed” şirkətləri vasitəsilə Moskvanın mərkəzində yeddi kommersiya obyektini təxminən 520 milyon rubla əldə edib. Birinci şirkət keçmiş nazir müavininin qızları — Yelizaveta Qoqiçayeva və Yuliya Qoqayevaya, ikinci şirkət isə oğulları Daniel və Zaur Tsalikovlara məxsus olub.

Rusiya İstintaq Komitəsi hesab edir ki, bu şirkətlər korrupsiya yolu ilə əldə olunan vəsaitlərin yuyulması üçün istifadə edilib. Baş Prokurorluğun iddiasında Müdafiə Nazirliyinin podratçısı olan “Sandora” şirkətinin hesablarındakı təxminən 3 milyard rubl da yer alıb.

Qalmaqallı işdə diqqət çəkən başqa detal isə Şoyqunun keçmiş mətbuat katibi Rossiyana Markovskaya-nın anasının da cavabdehlər arasında göstərilməsidir. İddialara görə, Tsalikov ona təxminən 70 milyon rubl dəyərində mənzil və iki avtomobil dayanacağı rəsmiləşdirib.

Musavat.com

Chosen
14
musavat.com

1Sources