EN

Paşinyan xalqın 75%-ni Qərbə aparır - Rusiya ŞOKDA

Ermənistanda ABŞ-nin “Beynəlxalq Respublikaçılar İnstitutu”nun sifarişi ilə “Breavis” şirkəti tərəfindən keçirilən son ictimai rəy sorğusunun nəticələri diqqətləri çəkib. Sorğuda 1511 nəfər iştirak edib və nəticələr göstərir ki, Ermənistan cəmiyyətində həm hakimiyyətə dəstək, həm də siyasətçilərə qarşı ciddi etimadsızlıq paralel şəkildə mövcuddur.

Sorğunun nəticələrinə əsasən, baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası ölkədə ən çox dəstəyə malik siyasi qüvvə olaraq qalır. Respondentlərdən 491 nəfər Paşinyanı və onun komandasını dəstəklədiyini bildirib. Müxalif düşərgədə isə vəziyyət fərqlidir. “Bizim yolumuz” Partiyası və iş adamı Samvel Karapetyanı dəstəkləyənlərin sayı cəmi 93 nəfər olub. Eyni zamanda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun tərəfdarlarının da sorğuda iştirak etdiyi qeyd olunub.

Araşdırma göstərir ki, Paşinyan fərdi etibar göstəricilərində də rəqiblərini qabaqlayır. Respondentlərin 29 faizi ona etibar etdiyini bildirib. Bu göstəricinin 27 faizi onu birinci, 2 faiz isə ikinci seçim kimi qiymətləndirib. Sorğuda ikinci ən çox etibar edilən şəxs iş adamı Samvel Karapetyan olub. Respondentlərin 8 faizi ona etibar etdiyini deyib.

Parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da müəyyən səviyyədə dəstək qazansalar da, onların göstəriciləri daha aşağı olub. Keçmiş prezident Robert Köçəryana etibar edənlərin göstəricisi isə 4 faiz təşkil edib.

Sorğunun ən diqqətçəkən məqamlarından biri isə Ermənistan cəmiyyətində siyasətçilərə qarşı geniş yayılmış inamsızlıqdır. Belə ki, iştirakçıların 40 faizi “heç kimə etibar etmirəm” cavabını verib. Bundan əlavə, respondentlərin 13 faizi suala cavab verməkdə çətinlik çəkdiyini bildirib. Bu nəticə göstərir ki, ölkədə siyasi institutlara və siyasi liderlərə inam hələ də zəif olaraq qalır.

Respondentlərə ünvanlanan “Ermənistan düzgün, yoxsa yanlış istiqamətdə irəliləyir?” sualına verilən cavablar isə maraqlı mənzərə ortaya çıxarıb. İştirakçıların 61 faizi ölkənin düzgün istiqamətdə inkişaf etdiyini bildirib. 28 faiz əks fikir səsləndirib, 11 faiz isə mövqeyini açıqlamayıb və ya suala cavab verməkdə çətinlik çəkib.

Partiya mənsubiyyətinə görə nəticələr arasında ciddi fərqlər müşahidə olunub. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarlarının 95 faizi Ermənistanın düzgün istiqamətdə getdiyini bildirib. Əks düşərgədə isə vəziyyət tam fərqlidir.

Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokunun tərəfdarlarının 86 faizi, Samvel Karapetyanı dəstəkləyənlərin isə 83 faizi ölkənin yanlış idarə olunduğunu düşünür. Qərarsız seçicilər arasında da maraqlı nəticələr qeydə alınıb. Bu qrupun 45 faizi Ermənistanın düzgün istiqamətdə irəlilədiyini desə də, 32 faiz bunun əksini düşünür. Bu isə göstərir ki, siyasi baxımdan tərəddüd edən seçicilər arasında da hakimiyyətə müəyyən üstünlük verilir.

Sorğuda yaş qrupları üzrə etibar səviyyələri də araşdırılıb. Nəticələrə görə, Nikol Paşinyana ən yüksək etibar 56 yaşdan yuxarı şəxslər arasında qeydə alınıb. Bu yaş kateqoriyasında respondentlərin 45 faizi ona etibar etdiyini bildirib. 36-55 yaş qrupunda bu göstərici 26 faiz, 18-35 yaş aralığında isə cəmi 15 faiz olub.

Samvel Karapetyana etibar göstəriciləri isə yaş qrupları üzrə daha stabil görünür. 56 yaşdan yuxarı respondentlərin 10 faizi, 36-55 yaş qrupunun 7 faizi, gənclərin isə 8 faizi ona etibar etdiyini bildirib.

Araşdırma göstərib ki, xüsusilə gənclər arasında siyasətçilərə qarşı etimadsızlıq daha yüksəkdir. 18-35 yaş aralığında respondentlərin 53 faizi “heç kimə etibar etmirəm” cavabını verib. Bu göstərici 36-55 yaş qrupunda 45 faiz, 56 yaşdan yuxarı şəxslər arasında isə 23 faiz təşkil edib. Bu nəticə Ermənistan gənclərinin mövcud siyasi sistemdən narazı olduğunu və alternativ siyasi fiqurlar görmədiyini göstərən əsas siqnallardan biri hesab olunur.

Sorğuda Ermənistan vətəndaşlarının xarici siyasət prioritetləri də diqqət mərkəzində olub. Respondentlərin 75 faizi ölkənin Avropa İttifaqına mümkün üzvlüyünü dəstəklədiyini bildirib. Bu nəticə Ermənistan cəmiyyətində Qərbə inteqrasiyaya marağın yüksək olduğunu göstərir və ölkənin gələcək geosiyasi istiqaməti baxımından mühüm mesaj kimi qiymətləndirilir.

Ermənistanda Nikol Paşinyanın dəstəyini qorumasının əsas səbəbləri nədir? Siyasətçilərə qarşı 40 faizlik etimadsızlıq hansı problemlərdən xəbər verir? Gənclərin siyasətə inamsız yanaşması gələcək seçkilərə necə təsir göstərə bilər? Müxalifətin aşağı reytinq göstərməsi Ermənistan siyasətində hansı boşluğu yaradır? Ermənistan vətəndaşlarının 75 faizinin Avropa İttifaqına üzvlüyü dəstəkləməsi region siyasətinə necə təsir edə bilər? Yaşlı nəslin Paşinyana daha çox etibar etməsinin səbəbləri nə ola bilər? Ermənistan cəmiyyətində qərarsız seçicilərin çoxluğu siyasi sabitlik üçün risk hesab edilə bilərmi?

MEHEMMED.jpg

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında burada bir sıra səbəblər gördüyünü söyləyib:

“Ermənistanda keçirilən bu rəy sorğusu göstərir ki, Nikol Paşinyan kifayət qədər öz reytinqini qoruyur. Rəy sorğuları Ermənistanda ictimai-siyasi vəziyyəti, liderlərin reytinqini müəyyən edir. Paşinyanın mövqeyinin güclənməsinin əsas səbəbi onun həyata keçirdiyi siyasət və islahatlardır. Həmçinin hakimiyyətin sülh formulu və Azərbaycanla sülh istiqamətində həyata keçirdiyi siyasət müxalifətdən fərqli olaraq müharibəni təbliğ etmir. Ona görə də onun reytinqi yüksəkdir. Samvel Karapetyanın və Köçəryanın reytinqi zəifdir. Onlar Rusiyanın narrativlərini təbliğ edir. Xalq da prosesləri düzgün qiymətləndirir. Çünki xalq müharibə partiyasına deyil, sülh partiyasına səs verəcək. Seçicilərin 40 faizi hələ müəyyən etməyib ki, kimə dəstək verəcək. Əsas mübarizə o elektoratın dəstəyini qazanmaq uğrunda gedir. Düşünürəm ki, Paşinyan daha çevik şəkildə onların səsini alacaq. Müxalifətin aşağı reytinqi onların müstəqil olmamasından irəli gəlir. Ermənistanda Paşinyan müxalifəti zəiflətməyə çalışır. Çünki müxalifət Ermənistanı 90-cı illərə qaytarmaq və Azərbaycanla müharibə ehtimalını artırmaq istəyir. Düşünürəm ki, Ermənistanda siyasi proseslər tam fərqli müstəvidə davam edəcək. Baş nazir qələbə əldə edərsə, Azərbaycanla yekun sülh müqaviləsini bağlamağa çalışacaq. Eyni zamanda Türkiyə ilə normallaşma regionda yeni siyasi transformasiyadır. Bu da Ermənistanda daxili siyasi nizamin zəif müxalifətsiz formalaşmasıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
2
musavat.com

1Sources