sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Qaradağ Lökbatan" çox yaxşı təşkilatlanmış və intizamlı komandadır. İkinci Liqada həm "Xankəndi", həm də rəqibimiz mövsüm ərzində göstərdikləri oyunla çempionluğa layiq olduqlarını sübut etdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi "Şimal"ın kapitanı Tural Cəlilov deyib.Xaçmaz təmsilçisinin oynayan-məşqçisi komandasının Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununda qarşılaşacağı "Qaradağ Lökbatan" ilə matçdan gözləntilərini bölüşüb:"Rəqibin heyətinə nəzər salanda keyfiyyətli futbolçuların üstünlük təşkil etdiyini görmək mümkündür. Komandanın böyük əksəriyyəti Premyer Liqa təcrübəsinə malik oyunçulardır və bu da onların oyun üslubunda özünü aydın şəkildə göstərir. Düşünürəm ki, qarşıdakı görüşdə şanslar demək olar bərabərdir. Belə matçlarda xırda detallar, futbolçuların psixoloji hazırlığı və meydanda soyuqqanlı davranış həlledici rol oynayır. Biz də oyuna çox ciddi hazırlaşmışıq. Həftə ərzində həm taktiki, həm də psixoloji baxımdan komandamı hazırlamağa çalışmışıq. Qarşılaşmanın məsuliyyətini və əhəmiyyətini hamı dərk edir. Mövsüm boyu Birinci Liqada qalmaq uğrunda böyük mübarizə aparmışıq, çətin anlarımız da olub. Buna baxmayaraq, futbolçular sona qədər inamını itirmədi və son tura qədər döyüşərək pley-off şanslarını qorudular. Bu baxımdan komandamdan çox razıyam. Onlar həm xarakter, həm də kollektiv ruh göstərdilər. Mövsümün əvvəlində əsas məqsədimiz liqada qalmaq idi və hazırda hədəfə çatmaq üçün bir addım lazımdı. İnanıram ki, futbolçularım meydanda sona qədər mübarizə aparacaq və azarkeşlərimizi sevindirəcəklər. İnşallah, yaxşı nəticə qazanıb mövsümü istəyimiz kimi başa vurarıq".Qeyd edək ki, pley-off matçı mayın 27-də Şamaxıda keçiriləcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq və saat 16:00-da start götürəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.