ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının “qorunması” məqsədilə ordu qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalayıb. Sənədə əsasən, Moskvanın tərəf olmadığı beynəlxalq müqavilə və ya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan xarici məhkəmələrin qərarları ilə həbs edilən Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi gücdən istifadə oluna bilər. Bu addım Rusiyanın xarici siyasətində yeni hüquqi və təhlükəsizlik yanaşması kimi qiymətləndirilir.Bu qanun Rusiyanın beynəlxalq münasibətlərinə hansı potensial təsirləri göstərə bilər?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada belə bir qanunun meydana çıxması beynəlxalq hüquq sistemində ciddi ziddiyyətlərin və uyğunsuzluqların mövcud olduğunu göstərir. Eyni zamanda bu addım beynəlxalq münasibətlər sistemində yaranmış yeni reallığın artıq Rusiyanın maraqlarına tam uyğun gəlmədiyini ortaya qoyur. Məhz buna görə də Moskva müəyyən vətəndaş kateqoriyaları üçün xüsusi yanaşmalar formalaşdırmağa və onların müdafiəsi adı altında özünü fövqəladə səlahiyyət sahibi kimi aparmağa çalışır.
“Beynəlxalq hüquqa zidd yanaşmaların doğru hesab edilməsi mümkün deyil. Hərçənd Rusiya bu məsələdə müəyyən şərtlər irəli sürür və bildirir ki, Milli Təhlükəsizlik Şurasının qərarı olmadan xarici dövlətlərin və məhkəmələrin qərarları qəbul edilə bilməz. Lakin digər dövlətlərin qanunvericiliyinə məhəl qoymamaq, həmin ölkələrin hüquqi sisteminə etinasız yanaşmaq və zərurət yaranacağı halda hərbi müdaxilə imkanını gündəmdə saxlamaq, əslində zorakılıq və imperiya düşüncəsinin təzahürü kimi qiymətləndirilir”-deyən politoloq bildirib ki, bu yanaşma onsuz da kövrək vəziyyətdə olan beynəlxalq münasibətlər sisteminin daha da zədələnməsinə səbəb ola bilər. Böyük dövlətlərin beynəlxalq hüquqa seçici münasibəti və digər ölkələrin suverenliyinə hörmət etməməsi qlobal hüquq sisteminin deformasiya olunmasına gətirib çıxarır. Bu baxımdan Rusiyanın atdığı addım həm də onun beynəlxalq hüquqa və beynəlxalq institutlara etimadsızlığının göstəricisi kimi görünür.
Politoloq vurğlayıb ki, bu qanun Rusiyanın genişlənmə siyasətinə hüquqi don geyindirmək cəhdi kimi də diqqət çəkir. Başqa dövlətlərin ərazilərinə müdaxilə etmək, onların qanunvericiliyinə əhəmiyyət verməmək və suverenliyinə təsir göstərmək üçün hüquqi əsas formalaşdırılması cəhdi beynəlxalq hüququn ruhuna uyğun deyil.
Əli Mustafa hesab edir ki, belə bir qanunun praktikada tətbiqi gələcəkdə Rusiya ilə digər dövlətlər arasında yeni ziddiyyətlər və qarşıdurmalar yarada bilər. Bu isə beynəlxalq münasibətlərdə gərginliyi artırmaqla yanaşı, beynəlxalq hüquq sisteminə olan inamı da daha da zəiflədəcək. Buna görə də bu addım beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan və qlobal münasibətlər sisteminə mənfi təsir göstərə biləcək qərar kimi qiymətləndirilir.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.