EN

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

Monaş Universitetinin alimləri yeni araşdırmada müəyyən ediblər ki, gün ərzində qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər. 

“MedicalXpress” portalının məlumatına görə, araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub.

Tədqiqatda 55-80 yaş arasında olan 225 avstraliyalının qan təzyiqi 24 saat ərzində xüsusi cihazlarla izlənilib. Məlum olub ki, qan təzyiqində böyük dəyişikliklər olan insanlarda yaddaş, planlama və problem həll etmə bacarıqları daha zəif olur. Alimlər bildirirlər ki, yüksək və dəyişkən qan təzyiqi beynin ağ maddəsinə zərər verə və beyni qoruyan qan-beyin baryerinin fəaliyyətini poza bilər. Bu dəyişikliklər isə gələcəkdə demensiya riskini artıra bilər.

Araşdırmanın müəlliflərindən Madeline Gibson deyib ki, qan təzyiqindəki kiçik dəyişikliklər belə beyin fəaliyyətində yaşlanmaya bənzər təsir yaradır. Onun sözlərinə görə, bu dəyişikliklər təxminən əlavə 7 illik yaşlanma effekti ilə müqayisə olunur. Professor Mathev Pase isə bildirib ki, adi həkim müayinəsində ölçülən bir dəfəlik təzyiq göstəricisi tam məlumat vermir. O vurğulayıb ki, qan təzyiqi gün və gecə ərzində dəyişir və bu dəyişikliklər beyin sağlamlığı barədə vacib məlumat daşıyır.

Alimlər bildirirlər ki, xüsusilə orta yaş dövründə qan təzyiqinə nəzarət gələcəkdə yaddaş problemlərinin qarşısını almaqda mühüm rol oynaya bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources