EN

Qız uşağının bulvarda nə işi var?

Kubra Məhərrəmova yazır...

 

Mövzuya başlamazdan əvvəl cəmiyyətin "qız uşağının bulvarda nə işi var ki?" deyən qövmündən çəkinməyərək məsələni ictimailəşdirən gənc xanıma, ümumiyyətlə bu məsələni gün işığına çıxaranlara, həmçinin heç nədən qorxmayaraq köməyə çatan oğlana öz təşəkkürümü bildirirəm.

 

O, cəmiyyətin məlum və gözlənilən reaksiyasına baxmayaraq video paylaşdı, polisə rəsmi müraciət etdi, ərizə yazdı və bildirdi ki, bulvarda tək gəzərkən tanımadığı bir "kişi" ona qarşı əxlaqsız hərəkət edib, sonra da ona və onu müdafiə etmək üçün gələn gənc oğlana soyuq silahla hücum edib.

 

Nə yaxşı ki, bulvar ərazisindəki kameraların görüntüləri üzə çıxdı və hadisənin necə baş verdiyini hər kəs gördü.

 

Çünki iki gün idi ki, hücuma məruz qalmış qızın ünvanına yazılmayan rəy qalmamışdı...

 

Mən İlahi ədalətə inanıram, inanıram ki, kim nəyi qınayırsa, onu yaşamamış ölməyəcək.

 

İnşallah bu gənc qıza iftira atanlara da əxlaqsız təkliflər olunar, öz dərilərində hiss edərlər bunun nə olduğunu.

 

Keçək əsas məsələyə. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb və Səbail Rayon Məhkəməsin qərarı ilə o həbs edilib. Onun üzərindən üç ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb.

 

Ortaya Şamxalın videosu çıxıb. Adam özünü qoyub axırıncı yola, gicliyə.

 

Deyir ki, "qadına-qıza əl atmağım özümdən asılı deyil". Görəsən bu "anlaqsız" özünü niyə dənizə atmır? Niyə özünə bıçaqla xəsarət yetirmir? Elə qadın-qız görəndə "özündən asılı olmur"?

 

Təbii ki, bu aktyor oyunu onu müəyyən sonluqdan xilas etməyəcək. Amma bu cür davranış onun nə dərəcədə alçaq olduğunu bir daha ortaya qoyur. Hər dəfə belə dəyyusları görəndə, deyirəm, ay Allah, şükür ki, hüquq-mühafizə orqanları var! Əks halda küçələrdə nələrin baş verəcəyini heç kim bilməzdi.

 

Qeyd edim ki, bu Şamxalın ilk hücumu deyil. Bundan əvvəl də bir qadına belə hücum edib. Sadəcə həmin qadın şikayət etməyib. Qorxubmu, çəkinibmi, bilmirəm.

 

Onu da qeyd edim ki, bu qəbildən olan "kişilərin" bir əsas xüsusiyyəti var. Onlar qorxaqdırlar. Özü də it qorxağı. İtlər də məni bağışlasın.

 

Bu qəbildən olan "kişilər" heç vaxt özündən güclüyə hücum etməz, zəif qurban axtararlar. Çox zaman da təhdid edərək məqsədlərin nail olurlar.

 

Lakin bu dəfə gənc qızın qətiyyəti digər qız və qadınları xilas etdi.

 

Ümid edirəm, hüquq-mühafizə orqanları Şamxal Nəcəfovu xüsusi saxlanma kamerasında saxlayarlar. Oranın sakinləri isə Şamxala həyatın neçə bucaq olduğunu başa salarlar.

 

Başa salarlar ki, əyninə şalvar geyinməklə deyil kişi olmaq. O şalvarı adamın əynindən elə çıxararlar ki, bir də əyninə şalvar tapılmaz.

 

Bu hadisədə məni ən çox qürurlandıran gənc oğlanın köməyə qaçması oldu. Deməli gənc nəsil elə də itirilmiş deyil. Onlar ədalətsizliyə qarşı çıxmağa iddialıdırlar. Allah belə gənclərimizi qorusun.

 

Deyirəm, kaş elə bir gücüm olaydı, sosial şəbəkələrdə hücuma məruz qalan qız(lar)ın qarasınca rəy yazanları bir-bir tapıb bu videonu onların diqqətinə çatdıraydım. Göstərəydim ki, bu gənc qız sizin hamınızdan namuslu və qeyrətlidir. Öz namusunu şərəfsiz "kişidən" görün necə qorudu. Amma siz manyaka, gicə, dəliyə dəstək olursunuz.

 

Cəmiyyətimiz üçün günahkar hər zaman öləndir. Öldürənlə işi yoxdur ki.

 

Ona görə də belə "kişilərin" beli yerə dəymir. Elə bilirlər ki, bu ölkənin sahibi onlardır. Bu hadisə təkcə bir küçə insidenti deyil. Problem daha dərindir.

 

Elə biri də dünən 21 yaşlı arvadını marketdə işlədiyi üçün bıçaqlayıb öldürdü. Qız da hicablı, yaşyarımlıq uşağı qaldı yetim. Belə xəbərlər də, hər gün çıxır. Biri keçmiş arvadını, o biri indiki arvadını, biri keçmiş nişanlısını öldürür.

 

Bəzi "kişilər" niyə özlərini Sultan Süleyman zənn edir, görəsən?

 

Cavab verirəm. Çünki cəmiyyətimiz üçün əsas günahkar qadındır.

 

Qadın qız uşağı dünyaya gətirir, günahkardır, hamilə qala bilmir, günahkardır.

 

Qadın öz haqqını tələb edir, günahkardır. Təhsil almaq, işləmək, özü qazanmaq istəyir, günahkardır.

 

Öz arzularının ardınca getmək istəyir günahkardır.

 

Qadını mühakimə edən, onu susdurmağa, sındırmağa çalışan düşüncə dəyişmədikcə, bu xəbərlər də dəyişməyəcək. Amma ümid yeri də var. Qızlarımız artıq qorxmur. Bu isə əladır.

Tarix: 26 May 2026, 19:09   
Chosen
40
pravda.az

1Sources