Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Avrasiya İqtisadi İttifaqından uzaqlaşması Moskvanın sərt reaksiyasına səbəb olub.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 29-da keçiriləcək Aİİ iclasında Ermənistanın Avropa İttifaqına üzvlük istəyi və mümkün şəkildə təşkilatdan çıxışı məsələsinin müzakirə olunacağını açıqlayıb.
Uşakov bildirib ki, toplantıda Ermənistanın addımlarının Aİİ-yə üzv ölkələrin iqtisadi təhlükəsizliyi üçün yarada biləcəyi risklərə qiymət veriləcək.
Kreml rəsmisi vurğulayıb ki, Rusiya bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıq şəkildə bəyan edib və Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında yer almasının mümkün olmadığını hesab edir.
Məlumata görə, Astanada keçiriləcək forumda Ermənistanı baş nazir Nikol Paşinyan deyil, vitse-premyer Mher Qriqoryan təmsil edəcək. Paşinyanın qarşıdan gələn seçkilərlə bağlı tədbirə qatılmayacağı bildirilib.
Musavat.com