Bu şəxslər qurban kəsməkdən azaddır
Qurban bayramında kimlərin heyvan kəsməli olduğu sualı ətrafında müzakirələr aktivləşir. Əksər insanları isə tək sual düşündürür: aylıq maaşla dolanan və borcu olan şəxslər qurban kəsməlidirmi?
Məsələyə aydınlıq gətirən ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, İslam dini insanı gücü çatmayan işlərlə yükləmir. Onun sözlərinə görə, borca girərək qurban kəsmək tamamilə yanlış addımdır:
"Bu ibadət insanın Allah qarşısında məsuliyyət hissini, paylaşma əxlaqını, nemətə şükür etməsini və maddi imkana sahib şəxsin cəmiyyət qarşısında vicdani borcunu ifadə edir. Qurani Kərimdə buyurulur ki, “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır” Həcc surəsi 22 surə 37 ayə. Bu ayə göstərir ki, qurbanın mahiyyəti görüntü və forma deyil, niyyət, ixlas və mənəvi məsuliyyətdir.
İslam alimləri qurban hökmünü izah edərkən ilk növbədə insanın maddi vəziyyətini əsas götürüblər. Çünki İslam insanı gücü çatmayan məsuliyyətlə yükləmir. Quran buyurur ki, Allah heç kəsi gücünün çatmadığı işlə mükəlləf etməz (Bəqərə surəsi 2 surə 286 ayə). Buna görə də qurban yalnız imkanı olan şəxslərə aid ibadətlərdəndir. Borcu olan, maddi imkanı olmayan insan qurban kəsməyə bilər. Borca girərək qurban kəsmək doğru sayılmır. İnsan yalnız öz imkanından verməlidir, özünü süni şəkildə çətin vəziyyətə salmamalıdır.
Hənəfi məzhəbinə görə ağlı başında olan, həddi büluğa çatmış, səfərdə olmayan və nisab miqdarında maddi imkanı olan müsəlməna qurban vacib sayılır. Bu hökmün əsas dəlillərindən biri Məhəmməd peyğəmbərin s.ə.s bu hədisidir: “İmkanı olduğu halda qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın” (İbn Macə, Ədahi 2). Hənəfi alimləri bu hədisdəki sərt xəbərdarlığı əsas götürərək qurbanı vacib hökmündə qiymətləndiriblər. İmam Əbu Hənifə qurban ibadətini imkanlı müsəlman üçün ciddi məsuliyyət kimi izah edib".
Ekspertlər qeyd edir ki, Şafii, Maliki və Hənbəli məzhəblərində qurban kəsmək vacib yox, güclü sünnə sayılır. Yəni imkanı olanın kəsməsi tövsiyə edilir, kəsməyən isə günah qazanmır.
Maaşla dolanan, borcları olan və gündəlik dolanışığını çətinliklə təmin edən ailələr üçün bu ibadət vacib deyil. Dinimiz insanı "el-aləm nə deyər" düşüncəsi ilə məcburiyyət qarşısında qoymur.
Hənəfi fiqhinə görə, əsas ehtiyaclardan əlavə 85 qram qızıl və ya bu dəyərdə pulu olan şəxs varlı sayılır və qurban kəsməlidir. Lakin burada da ailənin real dolanışığı və borcları mütləq nəzərə alınmalıdır.
Qurbanın əsas hədəfi heyvan kəsmək yox, xəsislikdən uzaqlaşmaq, kasıblara əl tutmaq və yardımlaşmaqdır. Ailəsinin ehtiyaclarını güclə ödəyən insanların əsas vəzifəsi elə öz ailəsini qorumaqdır.
Yəni, borcu olan, aylıq maaşla çətinliklə dolanan və kənarda qızıl və ya pul şəklində əlavə sərvəti olmayan şəxslərin Qurban bayramında heyvan kəsmək öhdəliyi yoxdur.
Əfsanə Kamal
Demokrat.az