EN

Teatrın psixologiyası


İnsan dünyaya gəldiyi andan etibarən bir səhnəyə çıxır. Bəzən övlad, valideyn, dost, düşmən, bəzən isə sadəcə susaraq rol oynayan bir tamaşaçı olur. Maraqlıdır ki, biz “həyat” dediyimiz bu böyük səhnədə ən çox özümüz olmaqdan qorxuruq. Çünki insanın ən ağır rolu başqasını oynamaq deyil, özünü oynamaqdır.İnsan qəribə varlıqdır.O, həqiqi hisslərini gizlətmək üçün illərlə maskalar hazırlayır, sonra isə bir teatr tamaşasına baxıb özünü tapmağa çalışır. Bəlkə də buna görə teatr əsrlərdir ölmür. Çünki insan dəyişsə də, daxili boşluğu dəyişmir. Teatr sənəti məhz bu qorxudan doğuldu. İnsan öz içində gizlətdiyi duyğuları əvvəlcə sözə, sonra hərəkətə, sonra isə səhnəyə çevirdi. İlk teatr məbədlərdə yarananda insanlar tanrıları canlandırmırdı; əslində onlar öz qorxularını, günahlarını və içlərində boğduqları hissləri canlandırırdılar. Teatr sadəcə sənət deyildi. O, insan psixologiyasının ilk etiraf otağı idi.

Məşhur dramaturq William Shakespeare demişdi:“Bütün dünya bir səhnədir, insanlar isə sadəcə aktyor.”Bu fikir əsrlər keçsə də köhnəlmədi. Çünki insan dəyişsə də, maskaları dəyişmədi. 

Müasir psixologiyada “persona” anlayışı var. İsveçrəli psixoloq Carl Jung personanı insanın cəmiyyət qarşısında taxdığı psixoloji maska adlandırırdı. Maraqlıdır ki, qədim teatrda aktyorlar da səhnəyə maska ilə çıxırdı. Demək ki, teatr insan ruhunu psixologiyadan əsrlər əvvəl anlamışdı. Səhnədə taxılan maska ilə həyatda taxılan maska arasında yalnız bir fərq var: səhnədə aktyor bilir ki, rol oynayır. Həyatda isə insanlar çox vaxt oynadıqları rola çevrilirlər. Bəlkə də buna görə teatr bizi bu qədər sarsıdır. Çünki biz səhnədə başqasını yox, gizlədilmiş özümüzü görürük. Bir insan səhnədə ağlayanda tamaşaçı niyə kövrəlir? Çünki insan beyni həqiqi duyğu ilə canlandırılmış duyğunu tam ayırd edə bilmir. Psixoloqlar buna “emosional yoluxma” deyirlər. Səhnədəki ağrı bizə keçir. Teatrın sehri də bundadır,orada olmayan hadisə bizdə real hiss yaradır.

Məşhur aktyor Charlie Chaplin deyirdi: “Yaxından baxanda həyat faciədir, uzaqdan baxanda isə komediya.” Teatr da elə budur - insanın faciəsini estetikaya çevirmək bacarığı. Səhnə insanın ən gizli tərəflərini açır. Çünki insan gündəlik həyatda hisslərini gizlətməyi öyrənir. “Ağlama”, “özünü ələ al”, “güclü ol” kimi cümlələr insan ruhunu illərlə susdurur. Amma teatr susmur. Teatr insanın içində qışqıran səslərin sənətə çevrilmiş formasıdır. Bəlkə buna görə bəzi aktyorlar oynadıqları obrazlardan çıxa bilmirlər. Çünki insan uzun müddət bir duyğunu yaşadıqda beyin onu gerçək qəbul etməyə başlayır. Teatr sadəcə rol deyil; o, bəzən insanın psixologiyasını dəyişdirən ikinci həyatdır.

Rus teatr nəzəriyyəçisi Konstantin Stanislavski aktyorlara belə deyirdi: “Rolunu oynama. Ona yaşa.” Bu cümlə sadəcə teatr üçün deyil, həyat üçün də keçərlidir. İnsanların çoxu yaşayır kimi görünür, amma əslində sadəcə öyrəndikləri rolları təkrarlayırlar. Gülümsəməli yerdə gülümsəyir, susmalı yerdə susurlar. Həyat isə ssenarisi əvvəlcədən yazılmış tamaşaya çevrilir. Ən qəribəsi budur ki, insanlar səhnədəki saxtalığa “sənət”, həyatda isə eyni saxtalığa “normal” deyirlər. Teatrın fəlsəfəsi insanın parçalanmış ruhunu göstərir. Hər insanın daxilində iki səhnə var:birincisi cəmiyyətə göstərdiyi tərəf, ikincisi isə  heç kim görməyəndə danışdığı özü. İnsan ən çox ikinci səhnədə yorulur.

 

Məşhur yazıçı Fyodor Dostoevsky yazırdı: “İnsan hər şeyə öyrəşən varlıqdır.”

Elə ən təhlükəlisi budur. İnsan saxta gülüşlərə, məcburi rollara, hiss etmədən yaşamağa alışır. Bir gün isə öz həqiqi üzünü unudur. Teatr məhz bu unutqanlığa qarşı çıxır. O, insana özünü xatırladır. Səhnədə bir aktyor susanda belə, bəzən bütün zal onu anlayır. Çünki insan ruhu sözlərdən daha çox susqunluğu anlayır. Həyatda isə insanlar ən çox danışdıqları anda bir-birindən uzaq düşürlər.

Teatrın gücü dekorasiyada deyil. Onun gücü insanın içində gizlətdiyi həqiqəti qəfil qarşısına çıxarmasındadır. Çünki yaxşı tamaşa bitəndən sonra insan sadəcə zalı tərk etmir - o, əvvəlki özü kimi də qalmır. Qədim Yunanıstanda insanlar teatrı əyləncə üçün yox, ruhlarını təmizləmək üçün izləyirdilər. 

Bir aktyor səhnədə susaraq pəncərəyə baxanda, bəzən bütün zal onun daxilindəki fırtınanı anlayır. Çünki insan ruhu sözlərdən çox susqunluğu anlayır. Həyatda insanlar ən çox danışdıqları anda bir-birindən uzaqlaşırlar, amma teatrda bir neçə saniyəlik səssizlik belə insanın içini dağıda bilir. Məşhur aktyor Al Pacino demişdi: “Aktyor olmaq başqa insanların ruhuna girə bilməkdir.” Bəlkə də buna görə bəzi aktyorlar zamanla özlərini itirirlər. Çünki insan uzun müddət başqasının ağrısını yaşayanda bir nöqtədən sonra hansı hissin özünə aid olduğunu ayırd edə bilmir. Səhnə təkcə obraz yaratmır, bəzən insanın şəxsiyyətini yenidən formalaşdırır.

Psixologiyada bir anlayış var: “kölgə tərəf”. Carl Jung insanın gizlətdiyi, qəbul etmək istəmədiyi hisslərin onun daxilində yaşadığını deyirdi. Teatrın ən böyük gücü isə həmin kölgəni işığa çıxarmasıdır. İnsan səhnədə qatili, dəlini, qorxağı, xəyanətkarı izləyərkən əslində öz içində gizlətdiyi tərəflərlə qarşılaşır. Buna görə böyük tamaşalar insanı narahat edir. Çünki həqiqət heç vaxt rahat olmur.

Məşhur rejissor Konstantin Stanislavski deyirdi:“Teatr insan həyatının güzgüsü deyil. O, həmin güzgünü sındıran çəkicdir.” Çünki yaxşı tamaşa insanı sadəcə əyləndirmir. Onu dəyişdirir. Teatrın yaranmasının əsas səbəbi insanın özünü anlamaq cəhdi idi. İnsan başqasının hekayəsinə baxaraq öz yaralarını tanımaq istəyirdi. Çünki bəzən insan öz ağrısını birbaşa qəbul edə bilmir. Amma səhnədə onu görəndə anlayır.Əslində həyat teatrın bənzəri deyil. Teatr həyatın özüdür. Fərq sadəcə ondadır ki, səhnədə tamaşanın nə vaxt bitəcəyini bilirik. Həyat səhnəsində isə insan pərdənin nə zaman bağlanacağını heç vaxt bilmir.

 

                                                                                                        Hüseyn Bağırov


Chosen
46
news365.az

1Sources