EN

Tarixdə ilk dəfə: Çindən dünyanı silkələyən ADDIM

Çin insan inkişafının ilkin mərhələlərinə kosmik mühitin təsirini araşdırmaq üçün süni insan embrionlarını orbitə göndərərək misilsiz eksperiment həyata keçirib.

Musavat.com xəbər verir ki, tədqiqat alimlərə Yer kürəsindən kənarda uğurlu çoxalmanın mümkün olub-olmadığını anlamağa kömək edə bilər.

“Daily Galaxy” nəşrinin məlumatına görə, araşdırma gələcəkdə insanların Yer kürəsindən kənarda yaşaması və çoxalması ilə bağlı mühüm məlumatlar verə bilər.

Eksperiment “Tyançjou-10” kosmik gəmisinin göyərtəsində aparılır.

Gəmi Vençan kosmodromundan buraxılıb və “Tyanqun” orbital stansiyasına yeddi tondan artıq yük çatdırıb. Elmi avadanlıqlar arasında kök hüceyrələrdən yaradılmış süni embrionabənzər strukturlar da yer alıb.

Çinli tədqiqatçıların sözlərinə görə, bu strukturlar həqiqi embrion deyil və dölə çevrilmək qabiliyyətinə malik deyil. Bununla belə, onlar bölünə və inkişafın ilkin mərhələlərini imitasiya edə bilir. Bu isə insan embrionları üzərində aparılan tədqiqatlarda mövcud olan etik məhdudiyyətlər olmadan bioloji prosesləri öyrənməyə imkan yaradır.

Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun alimləri bildiriblər ki, eksperiment iki fərqli model üzərində qurulub.

Modellərdən biri embrionun uşaqlıq divarına yapışma mərhələsini, digəri isə toxuma və orqanların formalaşdığı əsas hüceyrə qatlarının yaranma prosesini imitasiya edir.

Nəzarət məqsədilə eyni nümunələr paralel şəkildə Yer kürəsində də yetişdirilir. Orbitdə beş gün qaldıqdan sonra nümunələrin dondurularaq geri qaytarılması və müqayisəli analiz aparılması planlaşdırılır.

Alimlər mikroqravitasiya və kosmik radiasiyanın hüceyrə bölünməsinə, həmçinin toxumaların formalaşmasına təsirini də araşdırırlar. Daha geniş nəticələr əldə etmək üçün zebra balığı və siçan embrionları ilə də oxşar eksperimentlər həyata keçirilir.

Mütəxəssislər qeyd edirlər ki, Yer kürəsindən kənarda çoxalma məsələsi gələcəyin kosmik missiyaları üçün ən mürəkkəb problemlərdən biri olaraq qalır. Çəkisizlik şəraitində hüceyrələrin daha sürətli qocaldığı, radiasiyanın isə DNT-yə zərər vurduğu bildirilir ki, bu da orqanizmlərin normal inkişafını çətinləşdirir.

Perspektivdə bu araşdırmalar Ay və Marsa uzunmüddətli missiyaların planlaşdırılması, hətta Yer kürəsindən kənarda ilk daimi insan koloniyalarının yaradılması üçün əsas rol oynaya bilər.

Musavat.com

Впервые

Chosen
25
musavat.com

1Sources