EN

Azərbaycanın memarlıq siması qədimliklə müasirliyin təbii vəhdətini yaradır - ŞƏRH

Bakı, 28 may, AZƏRTAC

Azərbaycanın coğrafi mövqeyi bütün tarixi dövrlərdə onu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və iqtisadi yolların qovuşduğu məkana çevirib. Şərqlə Qərbin arasında yerləşən ölkəmiz yalnız coğrafi deyil, həm də mədəni körpü rolunu oynayıb. Bu xüsusiyyət Azərbaycan xalqının düşüncə və həyat tərzində, ən əsası isə memarlıq və şəhərsalma ənənələrində öz ifadəsini tapıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev vurğuladığı kimi, Azərbaycanın memarlıq siması qədimliklə müasirliyin təbii vəhdətini nümayiş etdirir və bu, milli irsimizin qorunması ilə inkişafın harmoniyasının ən gözəl nümunəsidir: "Bakının tarixi siması ilə müasir memarlıq nümunələrinin vəhdəti bu gün dünyanın diqqətini cəlb edir. İçərişəhərin əsrlərə söykənən tarixi ilə müasir göydələnlərin eyni şəhər məkanında ahəngdar şəkildə birləşməsi Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindən biridir. Paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq işləri, yeni parkların, bulvarların, sosial obyektlərin və nəqliyyat infrastrukturunun yaradılması şəhərsalma siyasətinin sistemli şəkildə həyata keçirildiyini göstərir".

A.Novruzov qeyd edib ki, bu gün Bakı ilə yanaşı ölkəmizin digər şəhərlərində də geniş abadlıq və yenidənqurma işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq layihələri bunun ən parlaq nümunəsidir. Müasir infrastruktur yaradılarkən milli memarlıq ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini nümayiş etdirir. Azad olunmuş ərazilərdə salınan yeni yaşayış məntəqələri ekoloji dayanıqlılıq, innovativ texnologiyalar və rahat yaşayış prinsipləri əsasında qurulur. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş quruculuq və abadlıq işləri də Azərbaycanın ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son illərdə Naxçıvan şəhərində və rayon mərkəzlərində müasir yaşayış kompleksləri, inzibati binalar, məktəblər, xəstəxanalar, idman obyektləri və yeni yol infrastrukturu istifadəyə verilib. Tarixi abidələrin bərpası və qorunması istiqamətində görülən işlər Naxçıvanın qədim memarlıq ənənələrinin yaşadılmasına xidmət edir. Möminə Xatun türbəsi, Əlincəqala, Nuh türbəsi kimi tarixi-mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanıdılması milli-mənəvi dəyərlərimizə verilən önəmin göstəricisidir: "Eyni zamanda, Naxçıvanda ekoloji layihələrin həyata keçirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi, alternativ enerji mənbələrinin tətbiqi və kənd yaşayış məntəqələrinin müasirləşdirilməsi regionun davamlı inkişafına mühüm töhfə verir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə yanaşı, milli memarlıq üslubunun qorunması Naxçıvanın simasında da özünü aydın şəkildə göstərir".

Deputat deyib: "Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan şəhərsalma siyasətini yalnız bugünkü tələblər əsasında deyil, gələcək nəsillərin maraqları nəzərə alınmaqla formalaşdırır. Müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunması və milli-mədəni irsin yaşadılması ölkəmizin inkişaf modelinin əsas istiqamətlərindəndir. Nəticə etibarilə Azərbaycan öz tarixi köklərinə sadiq qalaraq müasir dünyaya inteqrasiya edən ölkədir. Şərqlə Qərbin qovuşduğu bu məkan yalnız coğrafi mövqeyi ilə deyil, memarlığı, şəhərsalma siyasəti və mədəni dəyərləri ilə də fərqlənir. Tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılması Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu siyasət ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır".

Chosen
4
1
azertag.az

2Sources