EN

Yaponiyada dəhşətli hadisə: Ayının mədəsindən insan qalıqları çıxdı

Yaponiyanın Yamaqata prefekturasında dəhşətli hadisə baş verib.

Demoktrat.az xəbər verir ki, bu barədə "Inquirer" nəşri məlumat yayıb.

Məlumata görə, meşəyə göbələk yığmağa gedən 78 yaşlı kişi bir daha geri qayıtmayıb. Bir müddət sonra onun meyiti meşəlik ərazidə tanınmaz və parçalanmış halda tapılıb. Ahıl insanın bədəninin müxtəlif nahiyələrində vəhşi heyvana aid diş və caynaq izləri aşkarlanıb.

Hadisə yerinin yaxınlığında axtarış aparan ovçular bir ayı aşkar edərək onu güllələyiblər. Yırtıcının cəsədi yarıldıqdan sonra onun mədəsindən insan bədəninin fraqmentləri tapılıb. Bununla da təqaüdçünü məhz həmin ayının öldürdüyü rəsmən təsdiqlənib.

Polis yerli sakinləri meşəyə tək getməməyə və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb. Həlak olan şəxsin adı ailəsinin xahişi ilə açıqlanmır.

Mütəxəssislər xatırladırlar ki, son vaxtlar meşələrdə yem çatışmazlığı səbəbindən ayılar getdikcə daha tez-tez yaşayış məntəqələrinə yaxınlaşır. Lakin insan tələfatı ilə nəticələnən hücumlar nadir hallarda baş verdiyindən hər belə hadisə cəmiyyətdə geniş rezonans doğurur. (oxu.az)

Demoktrat.az
Chosen
25
1
demokrat.az

2Sources