EN

Uşaqlarda autizm valideynlərin zehni sağlamlığı ilə əlaqəlidir - Araşdırma

Yeni genişmiqyaslı araşdırma göstərib ki, valideynlərdə depressiyanın olması uşaqlarda autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (DÇHP) riskinin artması ilə əlaqəli olsa da, hamiləlik dövründə antidepressant qəbulunun özü bu riski əhəmiyyətli dərəcədə artırmır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, araşdırma Honq Konq Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar 25 milyondan çox hamiləliyi əhatə edən 37 elmi işi təhlil ediblər. İlkin nəticələrə əsasən, hamiləlik zamanı antidepressant qəbul edən qadınların uşaqlarında sonradan autizm spektr pozuntusu və ya DÇHP diaqnozu daha çox qeydə alınıb.

Lakin alimlər ailədə neyroinkişaf pozuntularının tarixçəsi və valideynlərin psixi sağlamlıq problemləri kimi amilləri nəzərə aldıqdan sonra bu əlaqənin zəiflədiyini və demək olar ki, aradan qalxdığını bildiriblər.

Tədqiqat zamanı maraqlı bir məqam da ortaya çıxıb. Belə ki, hamiləlik dövründə antidepressant qəbul edən ataların uşaqlarında da autizm və DÇHP riskinin artdığı müşahidə olunub. Bu isə alimlərin fikrincə, problemin əsas səbəbinin dərmanlardan çox, genetik və ailəvi psixi sağlamlıq faktorları ola biləcəyini göstərir.

Tədqiqatın aparıcı müəllifi Vinq-Çunq Çanq bildirib ki, əldə edilən nəticələr mövcud tibbi tövsiyələrlə uyğunluq təşkil edir. Hazırkı klinik qaydalara əsasən, tibbi göstəriş olduğu hallarda hamiləlik zamanı antidepressant müalicəsinin davam etdirilməsi məqsədəuyğun hesab olunur.

Alimlər xatırladıblar ki, antidepressantların hamiləlik dövründə istifadəsi ilə bağlı narahatlıqlar 2015-ci ildə Kanadada aparılan və geniş müzakirələrə səbəb olan araşdırmadan sonra artmışdı. Həmin tədqiqatda antidepressantlarla autizm riski arasında mümkün əlaqə irəli sürülmüşdü. Lakin sonrakı elmi işlər valideyn depressiyasının daha mühüm rol oynaya biləcəyini göstərib.

Mütəxəssislər vurğulayıblar ki, autizm və depressiya eyni ailələrdə tez-tez rast gəlinir və onların ortaq genetik və bioloji mexanizmləri ola bilər. Eyni zamanda, hamiləlik zamanı müalicə olunmayan depressiyanın da ana və uşağın sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyi qeyd olunub.

Psixiatrlar əlavə ediblər ki, hamiləlik dövründə antidepressant istifadəsi ilə bağlı qərarlar qəbul edilərkən həm dərmanların mümkün riskləri, həm də ağır depressiyanın müalicəsiz qalmasının yarada biləcəyi təhlükələr nəzərə alınmalıdır.

Chosen
21
1
unikal.az

2Sources