EN

Tarixçi alimdən İrəvanın verilməsi ilə bağlı SENSASİON açıqlamalar

Anar İsgəndərov: “Ermənilər öhdəlik götürdülər ki, gələcəkdə Qarabağla bağlı iddiaları bir daha dilə gətirməyəcəklər”

Mayın 28-də müsəlman şərqində İlk Cümhuriyyətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 108-ci ildönümüdür. Bu mövzuda Cümhuriyyət dövrünün araşdırmaçısı, tarix elmləri doktoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Musavat.com-a maraqlı və olduqca əhəmiyyətli açıqlamalar verib. Müsahibəni təqdim edirik:

- Anar müəllim, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı çoxsaylı araşdırmaların müəllifisiniz və o dövrün qaranlıq səhifələrinə işıq salan ziyalılarımızdansınız. Bu şərəfli tariximizlə bağlı nələr demək istərdiniz?

- Hər bir qaranlıq gecənin işıqlı  bir səhəri olur. Azərbaycan xalqının tarixində bu qaranlıq gecə 1918-ci ilin Mart soyqırımı, bu işıqlı səhər isə həmin ilin 28 Mayıdır. 28 may Azərbaycan xalqının müstəqillik tarixində ən şərəfli zirvədir. Bu, birmənalı belədir. Riyaziyyatda buna aksioma deyirlər. Hər xalqa müstəqillik nəsib olmur. Sayı bizlərdən on dəfələrlə çox olan xalqlar var, ancaq onların çoxu müstəqilliyə sahib deyil. Xoşbəxtik ki, dünyanın 200-ə qədər müstəqil dövləti sırasında Azərbaycan da var. Dünyanın bir çox xalqlarının tarixində zirvələr mövcuddur. Anadolu türkləri üçün 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrin ikinci yarısında vahid dövlət halında birləşmə, amerikanlar üçün 4 iyul ən böyük tarixi hadisədir. Allah - təala belə bir xoşbəxt günü bizim xalqımıza da nəsib edib. Bu xoşbəxt tarix 1918-ci il mayın 28-dir.

Vaxtilə Karl Marks yazırdı ki, qədim Yunanıstan olmasaydı, qədim Roma olmazdı, qədim Roma olmasaydı, müasir Avropa olmazdı. Məhəmməd Əmin Rəsulzadə isə yazırdı: “I Cahan Savaşı olmasaydı, fevral burjua inqilabı olmazdı, fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti olmazdı”.

- Professor, Cümhuriyyət mövcud olduğu qısa zaman kəsiyində hansı uğurlara imza atdı?

- 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna  baxmayaraq, 350 ilə imza atdı. Onlardan bir qismini nəzərdən keçirək: 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi.

Coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif adlar altında təsbit olunan bu ərazi Azərbaycan, dövlət isə Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı. Bakı şəhəri öz tarixində ilk dəfə olaraq bütün Azərbaycanın paytaxtına çevrildi.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsi imzalandı. 1918-ci il iyunun 21-də Azərbaycanın ilk dövlət rəmzlərini qəbul etdi. İyunun 21-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq (Osmanlı bayrağına oxşar) qəbul edildi. Noyabrın 9-da hazırkı üçrəngli bayrağımız və səkkizguşəli ulduz qəbul edildi. 1918-ci il iyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar qəbul etdi. 1918-ci il iyunun 27-də Azərbaycan (türk) dilinin dövlət dili elan olunması haqqında qərar qəbul etdi. 1918-ci il iyunun 27-dən - iyulun 1-dək Qaraməryəm yaxınlığında Qafqaz İslam Ordusu Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvəllərini darmadağın etdi. 1918-ci il iyulun 15-də erməni-daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları təhqiq etmək və tarixi həqiqətləri dünyaya çatdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. 1918-ci il iyulun 20-də Qafqaz İslam Ordusu Şamaxını Bakı soveti qüvvəllərindən azad etdi. 1918-ci il iyulun 30-da  Yelizavetpol şəhəri Gəncə, Qaryagin Cəbrayıl adlandırıldı. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakı şəhərini Sentrokaspi qüvvələrindən azad etdi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik  etdiyi Milli hökumət Bakı şəhərinə daxil oldu. Bakı şəhəri ilk dəfə bütün Azərbaycanın paytaxtına çevrildi. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti təsis edildi.

 - Parlamentin tərkibi də çox maraqlıdır...

 - Azərbaycan Parlamentində türk-müsəlman əhalisinə - 80, ermənilərə 21, ruslara 10, almanlara 1, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer ayrıldı. Parlamentin demokratik tərkibi hətta bugünkü Avropa Şurasını da təəccübləndirir. Parlament  17 ay ərzində 145 iclas keçirmiş, müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-u qəbul olunub. Parlamentdə 11 fraksiya və 11 komissiya fəaliyyət göstərirdi. Eyni zamanda bu dövrdə Azərbaycanda hakimiyyət bölgüsü aparıldı:1.Qanunverici, 2.İcraedici 3.Məhkəmə hakimiyyəti. 1918-ci ilin dekabrında Azərbaycan parlamenti Bakı şəhərinin azad edilməsində şəhid olmuş türk və Azərbaycan əsgərlərinin şərəfinə Bakının ən hündür yerində abidənin ucaldılması haqqında qərar qəbul etdi.

1918-ci ilin dekabrında milli valyuta olan Bakı bonu tədavülə buraxıldı. 1918-ci il dekabrın 28-də parlamentdə Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edildi. 1918-ci il dekabrın 28-də general Tomson Fətəli xan Xoyskinin başçılıq etdiyi hökuməti tanıdığını bəyan etdi. 1919-cu ilin yanvarında Qarabağda erməni separatçılarının qanunsuz hərəkətlərinə son qoymaq üçün Qarabağ general-qubernatorluğu yaradıldı. Fevralda Xosrov bəy Sultanov qubernator təyin olundu. 1919-cu ilin fevralında ermənilər tərəfindən Naxçıvana edilən hücumların qarşısını almaq üçün Naxçıvan general-qubernatorluğu yaradıldı. 1919-cu il martın 21-də Əlifba islahat komissiyası yaradıldı. Məqsəd latın əlifbasına keçməkdən ibarət idi. 1919-cu ilin martından Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. 1919 və 1920-ci illərdə 31 mart dövlət səviyyəsində milli matəm günü kimi qeyd olundu. 1919-cu il iyunun 15-də Denikin təhlükəsinə qarşı Gürcüstanla hərbi pakt imzalandı. 1919-cu il iyulun 21-də parlament Azərbaycan Respublikasının Müəssislər Məclisinə  seçkilər haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə seçkilərdə qadın və kişi bərabərliyi təsbit olundu. 1919-cu il avqustun 11-də Parlament Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Yəni, rəngindən, irqindən, cinsindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri qanun qarşısında bərabər elan olundu.

1919-cu il avqustun 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması barədə polkovnik V.Haskelin bəyanatı elan edildi və amerikalı polkovnik Edmund Delli bu zonaya qubernator təyin olundu. Lakin Azərbaycan hökumətinin ciddi müqaviməti və Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində amerikalılar öz niyyətlərini reallaşdıra bilmədilər. 1919-cu il avqustun 22-də Dağlıq Qarabağ erməniləri Azərbaycan hökuməti qarşısında 26 bənddən ibarət öhdəlik götürdülər. 1919-cu il avqustun 25-də ingilis qüvvələri Bakını tərk etdilər. 1919-cu ilin avqustunda Xəzər hərbi dəniz donanması yaradıldı. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi haqqında qanun qəbul etdi. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı Dövlət  Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Dərslər noyabrın 15-də başladı. 1919-cu ilin yayında Azərbaycan hökuməti  maliyyə çətinliklərinə baxmayaraq, Dağıstan Dağlılar Respublikasına  50 milyon manat həcmində yardım göstərdi. 1919-cu ilin avqustunda Lənkəranda qiyamçı qüvvələr darmadağın edilərək bölgədə Cümhuriyyətin hakimiyyəti bərpa olundu. 1919-cu il sentyabrın 3-də Lənkəran bölgəsindəki rus hərbi qüvvələri tərksilah edildi. 1919-cu ilin oktyabrında mətbuatda senzura ləğv olundu. 1919-cu ildə Bakı neftini dünya bazarına çıxarmaq üçün Bakı-Batum neft kəməri bərpa edilərək istifadəyə verildi.

1919-cu ilin sonunda İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Hərbi feldşer məktəbi və Hərbiyə məktəbi açıldı. 1920-ci il yanvarın 11-də Versalda Azərbaycan Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanındı. Azərbaycan beynəlxalq münasibətlərin subyektinə çevrildi.

1920-ci il yanvarın 14-də Azərbaycanın Paris Sülh konfransının Ali Şurası tərəfindən de-fakto tanınması şərəfinə Təzəpir məscidində dualar oxundu. Parlamentin təntənəli iclası keçirildi, Hürriyyət mey danında Milli ordunun rəsmi keçidi oldu. 1920-ci il martın 20-də sovet Rusiyası ilə ticarət müqaviləsi imzalandı. Lakin Rusiya bu müqaviləyə riayət etmədi. 1920-ci il martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti İran tərəfindən de-fakto və de-yure tanındı.

1920-ci il martın 20-də İranla bağlanmış müqaviləyə əsasən Tehranda səfirlik, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ərdəbildə, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradıldı. 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ordusunun sayı 40 minə çatırdı. Bunun 30 mini piyada, 10 mini isə suvari idi. 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin sonuncu – 145-ci iclası axşam saat 20.45-də başladı və 23.25-dək davam etdi.

 - Bəs işğal Azərbaycan Xalq Cümhuriyyətinin əlindən nələri aldı?

- 1920-ci il aprelin 27-də Parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyətin kommunistlərə verilməsi haqqında qərar qəbul etdi. 1920-ci ilin aprel  işğalı Azərbaycan Xalq Cümhuriyyətinə aşağıdakıları həyata keçirməyə imkan vermədi: Bakı neftini dünya bazarına tam gücü ilə çıxara bilmədi.

- Müstəqilliyimizin bərpası ilə cümhuriyyətçilərin bu arzusu da çin oldu…

- Bəli. 1994-cü ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında “Əsrin müqaviləsi” imzalandı. Bakı nefti dünya bazarına  Bakı-Ceyhan Beynəlxalq neft kəməri vasitəsilə çıxarıldı. Azərbaycanda ali hərbi məktəb aça bilmədi. Müstəqilliyimizin yenidən bərpasından sonra çoxlu sayda ali hərbi məktəblər açıldı. Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi. 1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Parlament seçkilərini keçirə bilmədi.1995-ci ilin noyabrında parlament seçkiləri keçirildi. Xalq Cümhuriyyəti ərəb əlifbasından Latın qrafikalı əlifbaya keçidi təmin edə bilmədi. Müstəqilliyin yenidən bərpası dövründə isə latın qrafikalı əlifbaya keçildi. Aqrar məsələni, yəni torpaq məsələsini həll edə bilmədi. 1996-cı ildə aqrar məsələ həll olundu. Qafqaz İslam Ordusunun şərəfinə abidə qoya bilmədi. 2000-ci ildə Şəhidlər xiyabanında bu əzəmətli abidənin açılışı oldu. Ermənistan və sovet Rusiyasının günahı üzündən həmin dövlətlərlə qonşuluq münasibətlərini qura bilmədi. Bu gün də Ermənistanın təcavüzkar siyasəti nəticəsində onunla qonşuluq münasibətlərini qurmaq mümkün olmamışdır. Hazırda Rusiya Federasiyası ilə bütün istiqamətlərdə səmimi münasibətlər, o cümlədən müttəfiqlik münasibətlərimiz mövcuddur. XX əsrdə xalqımız üç Respublika yaşadı. Birinci Respublikanın ömrü qısa, amma ərazisi böyük idi. Birincini Azərbaycanın milli-demokratik ziyalıları qurdular, xalq da onları müdafiə etdi. İkinci Respublikanın ömrü birinciyə nisbətən uzun oldu, amma xeyli ərazimizi əlimizdən aldılar. İkinci Respublika birinci Respublika dövründə qazanılanların üzərində xətt çəkdi.

İkinci Respublika kənar müdaxilə nəticəsində quruldu. Bu Respublika müstəqil yox, müttəfiq adlandı. Üçüncü Respublika 1991-ci ildə quruldu. Üçüncü Respublika özünü birinci Respublikanın siyasi varisi elan etdi. Bu Respublika xalqın tələbi və iradəsinin nəticəsi kimi yarandı. 30 ildən çoxdur ki, bu Respublika yaşayır, yaradır və dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür. Azərbaycan Respublikası Birinci Respublikanın qaldırdığı üç rəngli bayrağını Azərbaycanın suveren ərazisində həmişəlik dalğalanması üçün bütün istiqamətlərdə mübarizəsini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Azərbaycanın öz tarixi torpaqlarını azad etmək üçün güclü ordusu, ən müasir silahları, qətiyyətli  dövlət başçısı başda olmaqla xalqla hakimiyyətin sarsılmaz birliyi mövcuddur. Aprel döyüşləri göstərdi ki, düşmən ordusunun yenilməzliyi haqqında yazılanlar Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Vətənini sevən, onun üçün canını verməyə hazır Azərbaycan əsgəri, illər idi ki, Ali Baş Komandanın əmrini səbrsizliklə gözləyirdi. Ali Baş Komandan siyasi qərarını qəbul etdi,17 il idi ki, Vətəni qorumaq üçün yetişdirdiyi əsgəri 44 gün ərzində düşməni darmadağın etdi. Düşmənin havadarlarının etiraz və təzyiqləri heç bir nəticə vermədi. Vətən torpağı üçün ölüm-dirim müharibəsinə girən Azərbaycan əsgərini heç bir güc saxlaya bilməzdi və saxlaya bilmədi. Düşmən danışıqsız kapitulyasiya aktını imzaladı. İllərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olundu. Cümhuriyyətin əmanəti üçrəngli bayrağımız hazırda Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır. Əvvəlki illərdən fərqli olaraq 2021-ci ildən  “Müstəqillik günü”nü qalib ölkənin vətəndaşları kimi qeyd edirik. Bundan böyük xoşbəxtlik nə ola bilər?  Şəhidlərin intiqamını alan, öz ərazi bütövlüyünü  və suverenliyini bərpa edən, qalib  Azərbaycan! Müstəqillik günün mübarək! Yaşa, min yaşa!

- Ümumiləşdirəndə bu, şərəfli tarixdir, Cümhuriyət qurucuları nə mümkündürsə onu edə bilib, eləmi?

- Üç faktı deyəcəyəm: mənə bir baş nazir göstərin ki, dünyada atasına “mənə pul göndər” yazsın. Mənə bir siyasi partiya lideri göstərin ki, öləndə də son sözü “Azərbaycan” olsun. Mənə bir dövlət başçısı göstərin ki, ölüm onu haqlayır, ancaq ölümə tabe olmur, kursantına əmr edir: “Kursant, sən o torpaqları azad etməlisən!”. Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev. Bu xalq dünyaya elə dəyərli insanlar bəxş edib ki, onlar hamı üçün böyükdür, təkcə Azərbaycan xalqı üçün yox. Dünyanın başqa ölkəsində nə elə bir baş nazir olub, nə siyasi rəhbər, nə də dövlət başçısı. Hər üçü Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının yetirmələridir. Ona görə də bu xalq heç bir zaman torpağını əsarətdə qoya bilməz və ya əsarətlə razılaşa bilməz! Ona görə də qanunauyğun bir hal idi ki, 44 günlük Vətən müharibəsində xalq Ali Baş Komandanın rəhbərliyi altında öz  torpaqlarına sahib oldu.

- Anar müəllim, 29 mayda İrəvanın ermənilərə verilməsi ilə bağlı Milli Şuranın qərarı daim müzakirə olunur. Ənənəvi sual: bu, baş verməyə bilərdimi?

- 1918-ci ildə Cənubi Qafqazla bağlı qərarı Osmanlı dövləti verirdi. Artıq Osmanlı dövləti həmin dövr üçün qalib dövlət idi. Osmanlı da fikirləşirdi ki, Cənubi Qafqazın xəritəsi belə olmalıdır: Gümrünü o tutub və heç kimə verməyəcək, onda Avropanın Ermənistanla bağlı maraqlarını da təmin etmək xatirinə ona da bir paytaxt vermək lazımdır. Bu paytaxt hara ola bilər? Qərara gəldilər ki, bu paytaxt İrəvan ola bilər. Eyni zamanda narazı olan Azərbaycan milli demokratik qüvvələrini də razı salmaq üçün onlara da söz verdi ki, Bakı şəhəri Bakı Soveti qüvvələrindən alınacaq və Bakı elan olunan Cümhuriyyətin paytaxtı olacaq. Azərbaycan nümayəndə heyəti istəsə də, istəməsə də, bu qərarla razılaşmağa məcbur oldu.

- O zaman erməni silahlılarının mövcudluğu faktı da var idi, eləmi?

- Dro, Andranik, Njdenin silahlı dəstələri var idi. Söhbət 25 minlik ordudan gedirdi. Kimsə o dövrü bilmir, elə fikirləşir ki, cümhuriyyətçilər elə əl qaldırdılar, dedilər İrəvan ermənilərə verilsin. Adama sual verirlər, onlar niyə elə deməli idi ki? Məcburiyyət üzündən buna “hə” deyildi, məcburiyyət yüzündən, başqa yol mümkün deyildi. Axı, Cümhuriyyət heç Tiflisdən Gəncəyə gələ bilmirdi.

- Bu reallığı İrəvandan olan üç Milli Şura üzvləri də bilirdi. Bəs niyə onlar göz yaşı içərisində, yalvararaq etiraz edirdilər?

- Onlar da oralı olduğuna görə deyirdilər. Ancaq reallıqda adama sual verərlər: etiraz edirsən, ordunu göstər. Yol yox idi axı…

- Anar müəllim, sonradan cümhuriyyətçilər, rəhbər şəxslər, Məhəmməd Əmin başda olmaqla Milli Şura üzvləri İrəvanın Ermənistana hansı şərtlərlə verilməsi barədə hardasa nə isə yazdılarmı? Arxivlər bu haqda nə deyir?

- Ermənilər öhdəlik götürdülər ki, gələcəkdə Qarabağla bağlı iddiaları bir daha dilə gətirməyəcəklər. Zəngəzur, Naxçıvan söhbəti yoxdur, ancaq Qarabağdan bağlı. Amma çox təəssüflər olsun ki, biz  erməni sifətini tanıyırıq, bu gün bu, sabah başqa söz deyir. Amma onlar şifahı öhdəlik olduğuna görə, öhdəliklərinə riayət etmədilər.

- Bəs Batum razılaşması?

- Batum Müqaviləsi imzalandı, bizimlə ayrı, Ermənistanla, Gürcüstanla ayrı imzalandı. Batumda Azərbaycan öz tarixində ilk müqaviləsini imzalayıb. Batum Müqaviləsi ilə Osmanlı gələcəkdə bizə yardım məsələsini təsbit etdi. Yardım etdi də. Eyni zamanda Osmanlının bizə tövsiyəsi bu oldu ki, yardım əbədi olmaz, sən də ordu yarat, silah al! Təbii ki, Osmanlı zabitləri də gəldilər və bizə ordu yaradıcılığında hər cür kömək etdilər. Nuru paşa bura gələndə elə bilirdi ordu var. Gəlib gördü ordu yoxdur, hərbi nazir Ənvər paşa qardaşı idi, yazırdı “abi, Osmanlının şərəf və ləyaqətini qorumaq istəyirsənsə, mənə ordu göndər, burada ordu yoxdur”.

- Yəni İrəvanla bağlı ortada heç bir sənəd-sübut yoxdur?

- Müvəqqəti Milli Şuranın mayın 29-dakı iclasının stenoqramı durur. Orada mövcud vəziyyət izah olunub, deputatlara da imkan verilib, sözlərini deyiblər. Amma ondan sonraki dövrdə isə hətta xatirələr də daxil olmaqla bu məsələyə toxunan cümhuriyyətçi olmayıb.

- Niyə?

- Bu gün bu məsələ realdır. O vaxt aktual deyildi.

- Kütləvi qırğınlardan sonra İrəvan xanlığının ərazisində demoqrafik vəziyyət necə idi?

- Erməni tarixçi Korkodyan Moskvada nəşr olunan “Naseleniya Armenii: 1831-1931” kitabında yazırdı ki, Birinci Dünya Müharibəsi başlananda bu ərazidə, yəni Ermənistan SSRİ-də 365 min türk-müsəlman yaşayırdı. Müharibənin sonunda isə, yəni 1918-ci ildə Ermənistanda cəmi 20 min türk-müsəlman qalmışdı. 1922-ci ildə 70 min türk-müsəlman Ermənistan SSR-ə geri qayıtdı. Yəni bu qədər əhali qalmışdı...

Chosen
2
2
moderator.az

10Sources