Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ atəşkəs razılaşmasına baxmayaraq, növbəti dəfə İranın hərbi hədəflərinə zərbələr endirib.
“AzPolitika” xəbər verir ki, bu barədə aparıcı beynəlxalq media orqanları məlumat yayıblar.
Məlumata görə, ABŞ ordusu İranın dörd pilotsuz təyyarəsini vurub və ölkədəki yerüstü hərbi idarəetmə məntqəsinə zərbə endirib. ABŞ ordusu vurduğu hərbi hədəflərin Hörmüz boğazında ABŞ qoşunları və kommersiya gəmiçiliyi üçün təhlükə yaratdığını iddia edib.
Bundan öncə, bazar ertəsi günü ABŞ Hörmüz boğazında mina yerləşdirməyə çalışdığını iddia etdiyi İran qayıqlarına, eləcə də sahildəki hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdiyini bəyan etmişdi. Nəticədə bir neçə İran hərbçisinin həlak olduğu bildirilmişdi. Həmin gün də ABŞ tərəfi zərbələri müdafiə xarakterli adlandırmışdı.
Ötən gecə isə anonimlik şərti ilə danışan ABŞ rəsmisinin “Reuters”-ə dediyinə görə, ABŞ ordusu Hörmüz boğazı ərazisində təhlükə yaradan dörd İran hücum PUA-sını vurub. Mənbə əlavə edib ki, PUA-ların buraxıla biləcəyi Bəndər Abbas liman şəhərindəki İranın yerüstü idarəetmə məntəqəsi də hədəfə alınıb.
"Bu hərəkətlər ölçülü, sırf müdafiə xarakterli olub və atəşkəsi qorumağa yönəlib", - deyə mənbə bildirib. Bundan bir müddət sonra ABŞ Mərkəzi Komandanlığı rəsmən bu məlumatı təsdiqləyib.
İran cavab verib
İran mediası zərbələri təsdiqləyib və qeyd edib ki, hücumlar ötən gecə yerli vaxtla saat 1:30 radələrində baş verib və ərazidə üç partlayış müşahidə olunub.
İran ABŞ-nin zərbələrini cavabsız qoymadığını bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qüvvələrinin Bəndər Abbas hava limanı yaxınlığındakı bir obyektə etdiyi "düşmən hücumuna" cavab olaraq "ABŞ hava bazasına" zərbə endirdiyini bildirib. SEPAH-ın mətbuat xidmətinin açıqlaması “Tasnim” xəbər agentliyi tərəfindən dərc edilib. Söhbətin hansı hava bazasından getdiyi dəqiqləşdirilməyib.
İran tərəfi zərbənin "ciddi xəbərdarlıq" olduğunu bildirib və əlavə edib ki, “hər hansı bir təcavüzə daha sərt cavab veriləcək”.
Bu arada, Amerika mediasının verdiyi xəbərlərə görə, ötən gecə Küveytdəki hava hücumundan müdafiə qüvvələri, o cümlədən Amerika hərbi obyektlərinin yerləşdiyi hava bazasına raket və dron hücumlarını dəf edib. Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin "düşmən raket və dron hücumları" ilə qarşılaşdığını bildirib.

ABŞ-nin zərbələri Donald Trampın İranla danışıqlara dair ziddiyyətli bəyanatları fonunda həyata keçirilib. Tramp əvvəlcə Ağ Evdə keçirilən Nazirlər Kabineti toplantısında danışıqların yaxşı getdiyini bəyan edib: "Düşünürəm ki, danışıqlar masasında hər şey çox yaxşı gedir. Onlar bizə verməli olduqlarını verməyə başlayırlar. Əgər versəydilər, əla olardı, əgər verməsələr, sol tərəfimdəki adam (Pentaqon katibi Pit Heqset - red.) onları məhv edəcək".
Tramp iddia edib ki, İran nümayəndələri danışıqlar zamanı Amerika tərəfinin irəli sürdüyü şərtlərlə razılaşmağa başlayıblar: “İranın uranı Rusiyaya verilməyəcək, Hörmüz hamı üçün açıq olacaq”
Eyni zamanda, ABŞ Prezidenti İranın zənginləşdirilmiş uranının Rusiyaya və ya Çinə verilməsinə qarşı çıxıb.

Tramp eləcə də, Hörmüz boğazının İranla istənilən razılaşmanın bir hissəsi olaraq hamı üçün açıq olacağını və heç bir ölkə tərəfindən idarə olunmayacağını bəyan edib. Üstəlik, əlavə edib ki, bütün bunların qarşılığında ABŞ Tehrana qarşı sanksiyaları aradan qaldırmaq və maliyyə güzəştləri etmək fikrində deyil: "Xeyr, biz sanksiyaların aradan qaldırılması və ya vəsait ayrılması barədə danışmırıq. Onlar düzgün davrandıqda və düzgün iş gördükdə, biz onların pullarını götürməsinə icazə verəcəyik. Amma biz bunu hazırda etməyəcəyik".
Yəni, ABŞ başçısı belə bir götrüntü yaradıb ki, İrandan hər şey istəyir, əvəzində isə heç nə vermək fikrində deyil…
Tramp Hörmüz boğazının beynəlxalq sular olduğunu və ABŞ-nin bu su yolunu izləyəcəyini bildirib: "Boğaz hamı üçün açıq olacaq. Bu, beynəlxalq sulardır. Heç kim ona nəzarət etməyəcək".
"Bu, İsraili partladardı… Oman da vurula bilər, neft isə ucuzlaşacaq”
Omanın rolu ilə bağlı suala cavab olaraq Tramp deyib ki, Oman da digər ölkələr kimi davranmalı olacaq və əlavə edib ki, lazım gələrsə, ABŞ bu ölkəyə də güc tətbiq edəcək: "Oman hamı kimi davranacaq, yoxsa onları partlatmalı olacağıq. Onlar bunu başa düşürlər".
Xatırladaq ki, daha əvvəl İran tərəfi Omanla Hörmüz boğazına nəzarətlə bağlı müzakirələr aparıldığını bildirmişdi.
Tramp həmçinin, ABŞ-nin özünün kifayət qədər enerji ehtiyatlarına malik olduğunu deyib və Hörmüz böhranını əsasən qlobal problem kimi xarakterizə edib, çünki bir çox digər ölkələr regiondan enerji axınlarından daha çox asılıdır. ABŞ Prezidenti neft qiymətlərinin düşəcəyinə də söz verib.

O, həmçinin növbəti dəfə iddia edib ki, Amerika zərbələri olmasaydı, İran tez bir zamanda nüvə silahı əldə edəcəkdi: "Əgər biz onları “B-2” bombardmançı təyyarələri ilə vurmasaydıq, İran iki həftə sonra nüvə silahına sahib olardı, çünki onlar buna hazır idilər".
Tramp özünün sonradan Obama dövründə İranla əldə olunmuş nüvə sazişindən çıxmaq qərarına münasibət bildirərək deyib ki, İran əks halda nüvə silahı əldə edəcək və ondan istifadə edəcəkdi: "Bu, İsraili partladardı. Bütün Yaxın Şərqi partladardı. Amma bu, heç vaxt baş verməyəcək".
Tramp daha sonra daha bir mübahisəli bəyanat verib. O deyib ki, İranla münaqişənin bitməsi ərəb ölkələrinin İbrahim Sazişlərinə qoşulmasından asılıdır. Tramp İranla bağlanan müqaviləni İbrahim Sazişləri ilə əlaqələndirib: "Ərəb ölkələri İbrahim Sazişlərinə qoşulmaqdan imtina edərsə, ABŞ İranla müqavilə bağlamaq istəməyə bilər".
Tehran isə ABŞ-nin öhdəlik götürdüyünü deyir
"Tasnim" agentliyi rəsmi mənbələrə istinadən yaydığı məlumatda isə bildirilib ki, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin Qətər səfərindən sonra İslam Respublikasının 12 milyard dollar məbləğində dondurulmuş aktivlərinin azad edilməsi məsələsində irəliləyişlər əldə edilib, lakin bu məsələnin bəzi təfərrüatları hələ razılaşdırılmayıb.
"Son iki-üç gündə ümumi irəliləyişə baxmayaraq, bəzi məqamlar üzrə fikir ayrılıqları hələ də mövcuddur və mesaj mübadiləsi davam edir", - məlumatda bildirilib.
Qeyd olunub ki, mövcud fikir ayrılıqları həll edildikdən sonra memorandum birgə razılaşdırılmalıdır, çünki ABŞ tərəfindən birtərəfli elan tamamilə qeyri-dəqiq ola bilər: "Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasının elan edilməsi, İranın dondurulmuş aktivlərindən 12 milyard dolların azad edilməsi (ümumi 24 milyard dollardan), dəniz blokadasının aradan qaldırılmasının başlanması və Hörmüz boğazının açılması mümkün sazişin ilk addımlarının bir hissəsidir".
Bundan sonra nüvə məsələsi üzrə danışıqlar üçün 60 günlük (uzadılma imkanı ilə) atəşkəs müddəti nəzərdə tutulub. Birinci mərhələdə İran zənginləşdirilmiş uranla bağlı fəaliyyətlər, dayandırma və digər nüvə məsələləri üzrə öhdəlik götürməyib.
"İranın neft, neft-kimya məhsullarının satışına mane olan sanksiyalar danışıqlar müddəti ərzində ləğv edilməlidir", - məlumatda qabardılıb.
Vurğulanıb ki, Hörmüz boğazının açılması və dəniz blokadasının aradan qaldırılması 30 gün ərzində baş verəcək: "İslamabaddakı danışıqlardan sonra İranla ABŞ arasında birbaşa danışıqlar olmayıb, mesaj mübadiləsi və mümkün memorandumun hazırlanması prosesi vasitəçi vasitəsilə aparılır. Memorandum 14 bənddən ibarət olacaq".

Sənədə görə, ABŞ İranın dəniz blokadasının aradan qaldırılmasına dair öhdəlik götürüb. Bunun müqabilində İran bir ay ərzində ticarət gəmilərinin keçid sayını müharibədən əvvəlki səviyyəyədə bərpa etməyi öhdəsinə götürüb.
Bütün bu açıqlamalardan cəmi bir neçə saat sonra ABŞ ordusu yuxarıda qeyd edilən zərbələri endirib. Bu onu göstərir ki, ABŞ danışıqlar masasındakı təzyiqini hərbi təzyiqlərlə paralel yürütmək taktikası güdür. Lakin xeyli vaxtdır davam edən bu taktika hələlik heç bir ciddi nəticə verməyib. İran geri çəkilənə bənzəmir, üstəlik, körfəzdəki ərəb ölkələrini və ABŞ maraqlarını yeni zərbələrlə hədələyir.
Trampın bütün bu ziddiyyətli bəyanatları və qərarları fonunda onun bir fikri daha çox diqqət cəlb edir. Belə ki, İranda döyüş əməliyyatlarının mümkün yenidən başlama müddəti ilə bağlı suala cavab olaraq Tramp deyib ki, İranla münaqişə ABŞ-nin Vyetnam, Koreya və Əfqanıstandakı daha uzun müharibələri ilə müqayisə edilə bilər. Bəli, region üçün əsas təhlükə və xüsusilə İsraili təmin edən ən “ideal” ssenari də məhz budur…
Cəlal Məmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.