EN

Azərbaycan borusu Ermənistandan keçəcək?

Ermənistanın baş naziri Nikol Pashinyan ABŞ-lə birlikdə həyata keçirilən “TRIPP” (“Trump Route for International Peace and Prosperity”) layihəsinin tərkib hissəsi kimi ölkə ərazisindən keçəcək yeni neft və qaz kəmərlərinin tikintisindən danışıb.

Paşinyan bu barədə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası çərçivəsində Kotayk vilayətinin Qoxt kəndində tərəfdarları qarşısında çıxışında deyib. O bildirib ki, ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında artıq layihənin icrasına dair çərçivə sazişi paraflanıb və sənədin bir ay ərzində rəsmi şəkildə imzalanması gözlənilir.

Baş nazirin sözlərinə görə, layihə çərçivəsində Mehri dəmir yolu yenidən açılacaq, Ermənistan üzərindən yeni nəqliyyat marşrutları yaradılacaq, qaz və neft kəmərləri çəkiləcək, enerji və internet xətləri qurulacaq.

Paşinyan bildirib ki, Ermənistan bütün bu infrastrukturdan tranzit gəliri əldə edəcək: “Ərazimizdən keçən hər xətt və qatar dövlət büdcəsinə gəlir gətirəcək”.

Bundan bir gün əvvəl Abovyan şəhərində başqa seçki görüşündə Paşinyan Ermənistanın artıq “bir yol, bir müttəfiq və bir boru xəttindən” asılı olmayacağını bəyan etmişdi. O demişdi ki, ölkə alternativ enerji və logistika marşrutları quracaq və yeni qaz kəmərindən tranzit haqqının bir hissəsini qaz şəklində alacaq.

Baş nazir konkret olaraq hansı ölkənin qazının bu marşrutdan ötürüləcəyini açıqlamayıb. Lakin beynəlxalq və regional mənbələrdə əsas ehtimal kimi Azərbaycan qazı göstərilir. Çünki “TRIPP” layihəsinin əsas elementlərindən biri Azərbaycanı Naxçıvan və Türkiyə ilə Ermənistan üzərindən birləşdirəcək yeni nəqliyyat və enerji dəhlizidir.

“Reuters” yazır ki, Vaşinqton regionda Rusiya və İranı qismən yan keçən alternativ enerji-logistika sistemi formalaşdırmağa çalışır. ABŞ-ın Ermənistana son aylarda verdiyi siyasi dəstək də məhz bu strategiyanın bir hissəsi hesab olunur.

Ekspertlər qeyd edirlər ki, nəzəri baxımdan Ermənistan üzərindən Azərbaycan qazının Naxçıvan və Türkiyəyə ötürülməsi, İran qazının Gürcüstan istiqamətinə nəqli, həmçinin Mərkəzi Asiya resurslarının Qərbə çıxışı mümkündür.

Hazırkı geosiyasi şəraitdə əsas ssenari Azərbaycan marşrutu sayılır. Çünki Bakı artıq TANAP və “Cənub Qaz Dəhlizi” vasitəsilə Türkiyə və Avropaya qaz ixrac edir və yeni marşrut Naxçıvan bağlantısını da gücləndirə bilər.

Paşinyanın açıqlamaları Ermənistan-Rusiya münasibətlərinin kəskin soyuduğu dövrə təsadüf edir. Moskva artıq İrəvana xəbərdarlıq edib ki, Avropa Birliyinə inteqrasiya prosesi davam edərsə, Ermənistan güzəştli qaz və neft tədarükünü itirə bilər. Hazırda Ermənistan istehlak etdiyi qazın böyük hissəsini Rusiyadan alır.

Analitiklərin fikrincə, Paşinyan seçki öncəsi bu layihəni Ermənistanın regional blokadadan çıxışı və iqtisadi transformasiyası kimi təqdim etməyə çalışır. Əgər layihə reallaşarsa, Ermənistan ilk dəfə olaraq həm Şərq-Qərb, həm də Şimal-Cənub enerji və tranzit xətlərinin kəsişdiyi ölkəyə çevrilə bilər.

Chosen
49
vaxt.az

1Sources