EN

​Rusiyadan qonşu ölkələrə yeni təhdid “Bu ölkələrlə sərhəddə münaqişə şəraiti yaranır”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Finlandiya və Estoniya Rusiya ilə sərhəd müqavilələrini pozurlar. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Sərhəd Xidmətinin rəisi Vladimir Kulişov "Rossiyskaya Qazeta"ya verdiyi müsahibədə deyib.

O iddia edib ki, Finlandiya hakimiyyəti "23 iyun 1960-cı il tarixli Sovet-Finlandiya Dövlət Sərhədi Rejimi haqqında Müqavilədə göstərilməyən yerlərdə" maneələr qurub, Estoniya isə Çud gölü və Narva çayının sularının delimitasiyası haqqında müqavilələrdən yayınmağa çalışır: "Onlar dövlət sərhədində münaqişə vəziyyətləri üçün şərait yaradır və sərhəd sularında naviqasiya təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərir".

O, həmçinin Finlandiya və Estoniya tərəfindən "təxribatçı hərəkətlərin artması" barədə məlumat verib. Kulişov Rusiya ilə sərhədi keçməklə bağlı məhdudiyyətləri, o cümlədən sərhəd açılış saatlarının azaldılmasını və nəzarət məntəqələrinin bağlanmasını, sərtləşdirilmiş nəzarəti, insanların və nəqliyyat vasitələrinin keçməsi qaydalarında dəyişiklikləri misal gətirib. O, bütün bu tədbirlərin “rusların hüquqlarını və maraqlarını pozduğunu" vurğulayıb.

Rusiya Sərhəd Xidmətinin rəhbəri əlavə edib ki, Moskvanın çağırışlarına baxmayaraq, Helsinki və Tallindən bu problemlərin həlli üçün "konstruktiv yanaşma" yoxdur və bu da Rusiyanı "müxtəlif ssenarilər üçün hazırlıqlara məcbur edir".

Kulişovun sözlərinə görə, Rusiyanın qərb sərhədlərində ümumi vəziyyət əhəmiyyətli dərəcədə pisləşib: “Finlandiya, Baltikyanı ölkələr və Polşa sərhəd kontingentlərini gücləndirir, yeni hərbi bazalar tikir, çoxlu sayda silah alır, qoşun daşıma imkanlarını təkmilləşdirir və NATO-nun himayəsi altında fəal şəkildə təlimlər keçirir, Rusiya ilə qarşıdurma ssenarilərini məşq edir”.

Kulişov vurğulayıb ki, Moskva bunu milli təhlükəsizliyə təhdid kimi görür və "dost olmayan Avropa dövlətləri ilə sərhəddə qüvvələrini artırmağa davam edir”.

Qeyd edək ki, mayın 25-də Vladimir Putin xaricdəki rusların həbs olunması, saxlanılması, cinayət təqibi və ya digər təqiblər halında onları qorumaq üçün ordudan istifadə etməyə icazə verən qanun imzalayıb. Rusiya parlamenti 2014-cü ildə Krımın ilhaqından və 2022-ci ildə Ukraynanın tammiqyaslı işğalından əvvəl də oxşar qətnamələr hazırlamışdı.

Buna paralel olaraq, Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkələrdə etnik rusların hüquqlarını "qorumaq" üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək planlarını açıqlayıb. Nazirlik iddia edib ki, “Latviya, Litva və Estoniya hakimiyyəti rus dilinin istifadəsini qadağan edir, tarixi yenidən yazır və repressiya, hədə-qorxu siyasəti" yürüdür.

Mayın 26-da yüksək vəzifəli Avropa rəsmiləri "The Wall Street Journal" qəzetinə deyiblər ki, Rusiya növbəti 12 ay ərzində NATO-ya hücum edə bilər. Bu fonda Alyans Baltikyanı ölkələri müdafiə etmək üçün qoşunların yerləşdirilməsini sürətləndirmək üçün plan hazırlamağa başlayıb.

Beləliklə, Ukraynadakı müharibənin dalana dirənməsi fonunda Rusiya-NATO sərhədindəki “ikinci cəbhə”də eskalasiya artırılır və bu prosesdə daha çox Rusiya maraqlı tərəf kimi görünür.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
azpolitika.info

1Sources