Halbuki dinlər tarixinə, antropologiyaya, mifologiyaya və orta əsr səyyahlarının müşahidələrinə diqqətlə baxanda tamam başqa mənzərə ortaya çıxır. Qədim insan üçün heykəl çox vaxt Tanrı deyildi, ruhun nişanəsi idi. Totem heyvanın özü deyildi, tayfanın yaddaşı idi. Daş sadəcə daş deyildi, müqəddəsin görünə bildiyi yer idi. Ağac yalnız ağac deyildi, həyatın, kökün, davamlılığın rəmzi idi. Buna görə də “bütpərəstlik” anlayışını yalnız “daşdan Tanrı düzəltmək” kimi izah etmək həm tarixi sadələşdirir, həm də qədim insanın dünyagörüşünü kasadlaşdırır. Əslində insan çox vaxt bütə yox, büt vasitəsilə görünməyənə üz tuturdu.
Dinlər tarixi göstərir ki, qədim və ənənəvi cəmiyyətlərdə maddi fiqurlar çox vaxt “yaradan Tanrının özü” kimi deyil, müqəddəs gücün, əcdad ruhunun, qoruyucu varlığın, kollektiv yaddaşın və ya ilahi nizamın görünən nişanəsi kimi qəbul edilirdi. Bu fərqi görmədən bütpərəstlik haqqında danışmaq, bir məzar daşına baxıb onu sadəcə “daş parçası” adlandırmağa bənzəyir. Məzar daşı daşdır, amma onun qarşısında dayanan insan üçün o, xatirədir, itki hissidir, sevgi və bağlılıqdır.
1253-1255-ci illərdə Fransa kralı IX Lüdoviqin tapşırığı ilə monqol sarayına göndərilən fransiskan rahibVilhelm Rubruk (1220-1393) bu baxımdan olduqca maraqlı müşahidə aparmışdı. O, uyğurların məbədlərində insan fiqurlu təsvirlər görür və əvvəlcə onları “büt” kimi qəbul edir. Lakin sonradan uyğurlardan soruşanda ki, “əgər Tanrını insan surətində təsəvvür etmirsinizsə, niyə bu qədər insan təsviri saxlayırsınız?”, aldığı cavab məsələnin mahiyyətini açır. Ona izah edirlər ki, bu təsvirlər Tanrının surəti deyil, varlı və nüfuzlu bir adam öldükdən sonra yaxınları onun şəklini hazırladır, məbədə qoyur və onu xatirə kimi ehtiramla yad edirlər.
Bu nüansa diqqət edin. Çünki sözügedən epizod çox şey deyir. Burada heykəl ilah deyil. O, ölünün xatirəsini daşıyan rəmzdir. İnsan öz əli ilə yaratdığı fiqurun onu yaratdığına inanmır; o fiqur vasitəsilə əcdadını, keçmişini, nəsil bağını və ruhani davamlılığı xatırlayır.
Bu yanaşma atalar kultu ilə də bağlıdır. Bir çox qədim cəmiyyətlərdə əcdad sadəcə keçmişdə yaşamış insan kimi görülmürdü. O, ailəni, nəsli, tayfanı qoruyan mənəvi varlıq kimi düşünülürdü. Onun surəti də adi portret deyildi, canlılarla ölülər arasında bağ yaradan müqəddəs yaddaş vasitəsi idi. Buna görə də bəzi heykəllərin və fiqurların qarşısında göstərilən ehtiramı birbaşa “daşın özünə ibadət” kimi anlamaq doğru olmaz. Orada daşdan çox, daşın daşıdığı məna önəmlidir.
Məşhur ingilis antropoloquEdvard Börnett Taylor(Edward Burnett Tylor, 1832-1917) “Primitive Culture” (“İbtidai mədəniyyət”) əsərində qədim insanın dünyanı ruhlarla dolu canlı bir mühit kimi qavradığını göstərirdi. Onun elmə gətirdiyi “animizm” anlayışı da bu düşüncəni ifadə edir. Qədim insan üçün təbiət cansız və susqun deyildi. Dağ, çay, ağac, daş, külək, ildırım – bunların hamısı görünən dünyanın arxasında dayanan görünməz güclərlə əlaqələndirilə bilərdi. Bu, o demək deyildi ki, insan daşı bioloji mənada canlı hesab edirdi. Daha incə məsələ var idi: daş müqəddəs gücün məkanı, işarəsi və ya təzahür nöqtəsi ola bilərdi. İnsan daşa baxırdı, amma daşı aşan bir mənanı düşünürdü.
Dinlər tarixinin ən məşhur adlarından biri olanMirça Eliade (Mircea Eliade, 1907-1986) “The Sacred and the Profane” (“Müqəddəs və dünyəvi”) əsərində bu məsələni daha dərin fəlsəfi dillə izah edir. Eliadeyə görə, ənənəvi insan dünyanı yalnız maddi məkan kimi yaşamırdı. Onun üçün dünya müqəddəs və dünyəvi qatlara ayrılırdı. Bəzən adi görünən bir daş, ağac, dağ və ya məbəd müqəddəsin özünü göstərdiyi yerə çevrilirdi. Eliade buna “hierofaniya”, yəni müqəddəsin təzahürü deyirdi.
Göründüyü kimi bu fikir bütpərəstlik haqqında yayılmış bəsit təsəvvürləri ciddi şəkildə dəyişir. Əgər bir daş müqəddəs sayılırdısa, bu, hökmən “daş Tanrıdır” demək deyildi. Bunu belə də ifadə edə bilərik: müqəddəs olan özünü həmin daş vasitəsilə göstərir. Daş burada son məqsəd deyil, keçid nöqtəsidir. İnsan maddi olana toxunur, amma maddi olmayanla əlaqə qurmaq istəyir.
Fransız sosioloquEmil Dürkheym(Émile Durkheim, 1858-1917) də “The Elementary Forms of Religious Life” (“Dini həyatın ibtidai formaları”) əsərində totemizmi sadəcə heyvana, bitkiyə və ya təbiət cisminə ibadət kimi izah etmirdi. Onun fikrincə, totem çox vaxt cəmiyyətin özünü rəmzləşdirməsidir. Tayfa öz birliyini, mənşəyini, gücünü, kollektiv ruhunu totemdə görür. Deməli, qurd, qartal, ağac və ya başqa bir rəmz yalnız təbiət varlığı deyil, “biz kimik?” sualına verilən simvolik cavabdır. Bu baxımdan deyə bilərik ki, totemə göstərilən ehtiram heyvanın özünə yönəlmiş sadə pərəstiş deyil. O, tayfanın öz kökünə, ortaq yaddaşına və mənəvi birliyinə münasibətidir. İnsan totemin qarşısında dayananda bəzən heyvana yox, öz mənsubiyyətinə baş əyir.
İngilis etnoloq və folklorçusuCeyms Freyzer(James George Frazer, 1854-1941) “The Golden Bough: A Study in Comparative Religion” (“Qızıl budaq: Müqayisəli dində bir araşdırma”) əsərində qədim ayinləri, məhsuldarlıq mərasimlərini, müqəddəs kral obrazlarını və sehr-din əlaqələrini geniş müqayisəli material əsasında araşdırmışdı. Onun bəzi nəzəriyyələri bu gün müasir antropologiyada ehtiyatla qarşılanır, lakin əsərin əsas dəyəri ondadır ki, qədim dünyada rəmzlərin, ayinlərin və təbiət dövrlərinin insan şüurundakı yerini aydın göstərir. Qədim insan təbiət hadisələrini yalnız fiziki proses kimi yox, mənəvi məna daşıyan hadisə kimi yaşayırdı.
Bütlər, totemlər və müqəddəs təsvirlər də bu rəmzlər sisteminin içində anlaşılmalıdır. Onlar çox vaxt insanın görünməz aləmi görünən formaya salmaq cəhdi idi. Ölüm qorxusu, əcdada bağlılıq, qorunma arzusu, məhsuldarlıq ümidi, nəsil davamlılığı, tayfa birliyi — bütün bunlar maddi fiqurlarda ifadə olunurdu.
Müasir antropoloqAlfred Gell(1945-1997)“Art and Agency”(“İncəsənət və fəaliyyət gücü”) əsərində sənət obyektlərinin insan münasibətlərində aktiv rol oynadığını göstərirdi. Onun yanaşmasına görə, bəzi təsvirlər və fiqurlar sadəcə baxılan əşyalar deyil, onlar insan davranışına təsir edən sosial vasitələrdir. İnsan onların qarşısında and içir, dua edir, ehtiram göstərir, yas tutur, qorunma istəyir. Bu halda obyekt sanki sosial münasibətin iştirakçısına çevrilir.
Bu fikir büt anlayışını daha dərindən anlamağa kömək edir. Büt yalnız daş, ağac və ya gildən düzəldilmiş maddi əşya deyil. O, insanların qorxularının, ümidlərinin, yaddaşının və inamının cəmləndiyi bir mərkəzdir. Onu anlamaq üçün “bu daşdır, deməli, cahillikdir” demək kifayət etmir. Soruşmaq lazımdır: bu daşın ətrafında hansı xatirə var? Hansı ruhani məna var? Hansı sosial bağ var? Hansı qorxu və hansı ümid var?
ProfessorDavid Freedberg“The Power of Images” (“Təsvirlərin gücü”) əsərində insanların şəkillər və təsvirlər qarşısında davranışını geniş şəkildə təhlil edir. İnsanlar təsvirləri yalnız seyr etmirlər, onlara toxunurlar, onları öpürlər, onlardan qorxurlar, onları sındırırlar, onlara qəzəblənirlər, bəzən onlardan şəfa və himayə gözləyirlər. Bu davranışlar yalnız qədim dünyaya aid deyil. Müasir insan da simvollara qarşı bəzən çox güclü emosional münasibət göstərir.
Əslində bu gün də biz rəmzlərlə yaşayırıq. Bayraq sadəcə parça deyil. Məzar daşı sadəcə daş deyil. Ailə albomu sadəcə kağız deyil. Ata yadigarı sadəcə əşya deyil. Bir uşağın ilk oyuncağı, bir şəhidin şəxsi əşyası, bir ailə üzüyü, bir köhnə məktub – bunlar maddi baxımdan adi əşyalardır. Amma insan üçün onların içində xatirə, məna, sevgi, itki və kimlik var.
Qədim insanın bütə münasibətində də bəzən eyni psixoloji və mənəvi mexanizm işləyirdi. Fərq yalnız ondadır ki, qədim dünyada bu rəmzlər daha açıq şəkildə dini və müqəddəs məna qazanırdı.
Buna görə “bütpərəstlik” anlayışını elmi baxımdan işlədərkən iki səviyyəni ayırmaq vacibdir. Birincisi, teoloji səviyyədir. Bu baxışda Tanrıdan başqa bir varlığa ilahi ibadət yönəltmək bütpərəstlik sayılır. İkincisi isə antropoloji səviyyədir. Bu baxışda “büt” adlandırılan obyekt çox vaxt ruhun, əcdadın, müqəddəs gücün, kollektiv yaddaşın və sosial kimliyin maddi rəmzidir.
Bu iki yanaşmanı qarışdıranda qədim inanclar ya çox sadələşdirilir, ya da tam yanlış təqdim olunur. Kənardan baxan adam heykəl görür və “büt” deyir. İçəridə yaşayan adam isə həmin heykəldə atasının, tayfasının, qoruyucu ruhun və ya müqəddəs nizamın izini görür. Birinin “daş” dediyi şey, başqası üçün xatirədir. Birinin “totem” dediyi şey, başqası üçün kökdür. Birinin “heykəl” dediyi şey, başqası üçün ölülərlə dirilər arasında bağdır.
Əlbəttə, burada ifrata da varmaq olmaz. Tarix boyu bəzi cəmiyyətlərdə təsvirə, heykələ və ya müqəddəs əşyaya yönələn ehtiram o qədər güclü olub ki, kənardan baxan üçün bu, həqiqətən obyektin özünə ibadət təsiri bağışlayıb. Bəzi dini sistemlərdə müqəddəs fiqurların qarşısında qurbanlar kəsilib, dualar edilib, şəfa və qorunma istənilib. Buna görə “heç vaxt, heç bir yerdə insanlar bütə tapınmayıblar” demək elmi baxımdan çox sərt və mütləq ifadə olar.
Hesab edirik ki, tarixdə “bütpərəstlik” adlandırılan hallar çox zaman indiki təsəvvürümüzdən daha mürəkkəb olub. İnsanların böyük bir hissəsi öz əli ilə düzəltdiyi heykəlin onu yaratdığına inanmırdı. Onlar həmin heykəl vasitəsilə görünməz aləmlə, əcdad ruhu ilə, qoruyucu qüvvə ilə, müqəddəs nizamla və ya kollektiv yaddaşla əlaqə qurmağa çalışırdı. Bu baxımdan bütpərəstlik haqqında ən böyük yanlışlıq onun yalnız “cahil insanın daşa sitayişi” kimi təqdim edilməsidir. Əslində burada insanlığın ən qədim sualları dayanırdı: ölənlər hara gedir? Əcdad bizi qoruyurmu? Təbiətin arxasında hansı güc var? İnsan öz kökünü necə yadda saxlamalıdır? Görünməyənlə necə danışmaq olar? Ölümü necə mənalandırmaq olar?
Büt dediyimiz şey bəzən bu sualların daşlaşmış cavabı idi. Qədim insan daşı Tanrı sanmaya bilərdi. Amma Tanrının, ruhun, əcdadın və sirrin izini daşda axtarırdı. O, heykəli yaratdığı üçün ona tapınmırdı, bəzən həmin heykəl vasitəsilə itirdiyini, qorxduğunu, ümid etdiyini və müqəddəs saydığını yaşatmağa çalışırdı.
Belə baxanda, “bütpərəstlik” yalnız keçmişin dini anlayışı deyil, həm də insanın rəmz yaratmaq ehtiyacının tarixidir. İnsan görünməyəni görünən etmək istəyib. Ölümü xatirəyə, xatirəni fiqura, fiquru müqəddəsliyə çevirib. Daşa məna verib, ağaca ruh yükləyib, totemdə öz kökünü görüb.
Bəlkə də məsələ elə bundadır: tarix boyu insan çox vaxt bütə yox, büt vasitəsilə özündən böyük hesab etdiyi həqiqətə baxıb. Daşın içində Tanrı yox idi, amma insanın Tanrıya, ruha, əcdada və əbədiyyətə uzanan baxışı vardı.