Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş yüksəkvəzifəli əməkdaşı David Raş hökumətə məxsus, ümumi dəyəri 40 milyon dolları aşan yüzlərlə külçə qızılı mənimsəməkdə ittiham olunur.
Vircinia ştatında açılan federal məhkəmə işinin materiallarına əsasən, Raş “xidməti və iş xərcləri” adı altında dövlət resurslarından böyük həcmdə xarici valyuta və on milyonlarla dollar dəyərində qızıl tələb edib. İstintaq orqanları onun bu vəsaiti hansı məqsədlə istifadə etməyi planlaşdırdığını hələ dəqiq müəyyənləşdirə bilməyib.
FBI əməkdaşları mayın 18-də şübhəlinin Virciniyadakı evində axtarış aparıblar. Əməliyyat zamanı bazar dəyəri 40 milyon dollardan artıq qiymətləndirilən 303 ədəd külçə qızıl, təxminən 2 milyon dollar nağd pul və əksəriyyəti “Rolex” markalı olan 35 lüks saat aşkarlanaraq götürülüb.
İstintaq materiallarında həmçinin David Raşın tərcümeyi-halında saxtakarlıq etdiyi bildirilir. FBI məlumatına görə, o, Klemson Universiteti və Rensselaer Politexnik İnstitutunun məzunu olduğunu iddia etsə də, hər iki ali təhsil müəssisəsində onun adına heç bir qeyd tapılmayıb. Bundan əlavə, Rush özünü “Hərbi Dəniz Qüvvələrinin pilotu” kimi təqdim edib və bu əsasla minlərlə dollar məbləğində əlavə ödəniş alıb. Araşdırma nəticəsində onun heç vaxt pilot işləmədiyi müəyyənləşdirilib.
Keçmiş CIA əməkdaşı “dövlət vəsaitini mənimsəmə” və “rəsmi sənədlərdə saxtakarlıq” ittihamları ilə həbs olunub. Onun CIA-dəki vəzifəsindən nə vaxt ayrıldığı barədə isə hələlik rəsmi məlumat verilməyib.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.