EN

İrəvanın silah şousu Paşinyan Azərbaycanın ərazilərinin işğal olunduğunu etiraf etdi

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mayın 28-də İrəvanın mərkəzi Respublika Meydanında Ermənistanın Respublika Gününə həsr olunmuş genişmiqyaslı hərbi parad keçirilib. Son 10 ildə ilk dəfə təşkil olunan bu paradda Ermənistan rəhbərliyi və xarici diplomatlar iştirak ediblər.

"AzPolitika" erməni mediasına istinadən xəbər verir ki, parad yerli vaxtla səhər saatlarında başlayıb. Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Müdafiə naziri Suren Papikyan, yüksək rütbəli dövlət və hərbi rəsmilər, həmçinin xarici ölkələrin Ermənistandakı səfirləri və hərbi attaşeləri iştirak ediblər. Paradda diqqət çəkən əsas məqamlardan biri yeni yaradılmış PUA (Pilotsuz Uçuş Aparatları) qüvvələrinin polkovnik Koryun Piliposyanın komandanlığı altında meydandan keçməsi olub.

Paşinyanın çıxışında qeyd etdiyi 7 müxtəlif ölkənin istehsalı olan silahlar arasında Rusiya, Fransa, Hindistan, İran və Çin istehsalı olan hərbi texnikalar xüsusi yer alıb. Meydandan keçən xarici və yerli hərbi texnikanın siyahısı olduqca diqqətçəkəndir:

Zirehli texnikalar və sistemlər: Fransanın “Bastion” və Hindistanın “Tata” zirehli maşınları, Rusiyanın TOS-1A ağır odsaçan sistemləri və “Pole-21” elektron müharibə (radiomaneə) sistemləri.

Hava Hücumundan Müdafiə (HHM) və radarlar: Rusiyanın "Tor-M2KM" zenit-raket kompleksləri, Ermənistanın öz istehsalı olduğu iddia edilən və 25 km məsafədə eyni vaxtda 16 hava hədəfini məhv edə bilən “Lusan” ZRK, həmçinin “Tuman” (hava hədəflərini aşkarlamaq və peyk qəbuledicilərini yatırmaq üçün), “Şit-200” və “Paylatsu” radar sistemləri.

Artilleriya və raket sistemləri: Hindistan istehsalı olan "Pinaka" yaylım atəşli raket sistemləri, "ATAGS" qoşqulu haubitsaları, "MArG" özüyeriyən artilleriya qurğuları, Fransanın məşhur "Caesar" özüyeriyən haubitsaları, İranın "AD-08 Majid" hava hücumundan müdafiə raket sistemləri. Həmçinin “Atlant2” (122 mm), “Şant” çoxməqsədli raket sistemləri, “Mihr” və “Aramazd” (155 mm) özüyeriyən artilleriya qurğuları.

Tank əleyhinə sistemlər: “Kornet” və “Nizak” tank əleyhinə raket kompleksləri.

Paradda Ermənistanın hərbi sənayesinə qoyulan investisiyaların "nəticəsi" kimi yerli istehsal olan pilotsuz uçuş aparatları və zərbə dronları da geniş şəkildə nümayiş etdirilib. Onların arasında Çin istehsalı olan "CH-4" strateji kəşfiyyat-zərbə PUA-ları ilə yanaşı, yerli modellər də yer alıb:

“Kaytsak” (Şimşək) dronu: Həm sabit, həm də hərəkət edən hədəfləri 17 kilometr dərinlikdə məhv etmək üçün nəzərdə tutulub.

“Meghu-5” (Arı-5) PUA-sı: Süni intellekt elementləri ilə təchiz olunub, zirehli texnika və canlı qüvvəni məhv etmək üçün 90 km/saat sürətlə 40 kilometr radiusda fəaliyyət göstərir.

Digər PUA-lar: “Molniya” və “Pçela-52” hücum dronları, “AW-5A”, “SPM-1”, “Ştor”, “BİP-10” və “UL-450” kəşfiyyat dronları, həmçinin “Vorot-1” və “Vorot-2” antiradar/hücum sistemləri.

Paşinyandan paradoksal bəyanatlar: “Ermənistan ordusu artıq müharibə yox, sülh amilidir”

Ermənistan Baş naziri Nikol Paşinyan hərbi paraddakı çıxışında İrəvanın yeni hərbi və siyasi doktrinasının bəzi detallarını açıqlayıb. O, Ermənistan ordusunun tamamilə yenidən qurulduğunu və ölkəsinin artıq fərqli reallıqlarda yaşadığını iddia edib.

Paşinyan çıxışına Azərbaycanla münasibətlərə toxunaraq başlayıb və regionda yeni hərbi-siyasi vəziyyətin yarandığını vurğulayıb: "Biz 2026-cı ilin Respublika Gününü tamamilə yeni tarixi şəraitdə qeyd edirik. Təxminən 35 illik münaqişədən sonra Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub".

Baş nazir sülhün qorunması və Ermənistanın "münaqişə dalanından çıxarılaraq" nəqliyyat qovşağına (TRIPP layihəsi daxil olmaqla) çevrilməsinin ölkəsinin strateji prioritetləri olduğunu bəyan edib.

Paşinyan çıxışında Ermənistan ordusunun ideoloji xəttinin dəyişdiyini xüsusi qeyd edib. Onun sözlərinə görə, ordunun yeganə vəzifəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini qorumaqdır və o, ölkə hüdudlarından kənarda tətbiq edilə bilməz.

Ermənistan rəhbəri əvvəlki illərdə İrəvanın silah tapmaqda çətinlik çəkdiyini etiraf edərək, bunun səbəbini işğalçılıq siyasəti ilə əlaqələndirib: "2022-ci ilə qədər beynəlxalq silah və hərbi texnika bazarları Ermənistan üçün demək olar ki, qapalı və ya çətin əlçatan idi. Çünki beynəlxalq tərəfdaşlar Ermənistanın bu silahları öz beynəlxalq səviyyədə tanınmış ərazilərindən kənarda (Azərbaycanın işğal olunmuş torpaqlarında - red.) istifadə edəcəyinə əmin idilər və bizə silah satmaqdan imtina edirdilər. Yalnız 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı Ermənistanın üzünə açıldı".

Paşinyan paradda nümayiş etdirilən texnikaların Ermənistanın diversifikasiya olunmuş xarici siyasətinin nəticəsi olduğunu bildirib. O, hazırda İrəvanın hərbi sahədə coğrafiyanı genişləndirdiyini gizlətməyib: «Bugünkü paraddan təxminən 7 ölkənin istehsalı olan silah və hərbi texnika keçəcək. Bu hərbi-texniki əməkdaşlıq coğrafiyası bizim "Real Ermənistan" ideologiyasına əsaslanan siyasətimizin nəticəsidir».

Ermənistan Baş naziri həmçinin yerli hərbi sənayeyə 2022-ci ildən bəri təxminən 170 milyard dram (təxminən 430 milyon dollar) sərmayə qoyulduğunu və dövlət sərhədi boyu XXI əsrin tələblərinə cavab verən onlarla mühəndis istehkamlarının, möhkəmləndirilmiş rayonların tikildiyini vurğulayıb.

Paşinyan çıxışının sonunda Ermənistan ordusunun yeni uniforformaya, yeni rəmzlərə, fərqli psixologiyaya və yeni hərbi doktrinaya keçdiyini qeyd edərək, bu dəyişikliklərin ölkənin suverenliyini qorumağa xidmət etdiyini iddia edib.

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
azpolitika.info

1Sources