Bir çox insan gecə yatarkən telefonu başının altında və ya yatağın dərhal yanında saxlayır. Mütəxəssislər isə bunun sağlamlığa və yuxu keyfiyyətinə ciddi mənfi təsir göstərdiyini bildirirlər.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin rəyinə görə, smartfonlardan gələn bildiriş siqnalları və ekran işığı fərqində olmasaq da, beynin tam istirahət fazasına keçməsinə mane olur.
Mətnə əsasən, bu vərdiş bədəndəki bioloji prosesləri belə pozur:
Melatonin hormonunun azalması: Gecə saatlarında telefondan yayılan "göy işıq" melatonin (yuxu) hormonunun ifrazını kəskin şəkildə azaldır. Bu isə yuxuya getməyi çətinləşdirir.
Gecə oyanmaları və asılılıq: Cihazın əl çatacaq məsafədə olması insanın gecə tez-tez oyanmasına və instinktiv olaraq yenidən ekrana baxmaq istəyinə səbəb olur.
Xroniki yorğunluq: Yuxu fazalarının qırılması növbəti gündə stress, yorğunluq, enerji əskikliyi və diqqət dağınıqlığı ilə nəticələnir.
Mütəxəssis tövsiyəsi: Daha sağlam və rahat yuxu üçün yatmazdan ən azı bir saat əvvəl telefonla olan bütün əlaqəni kəsmək və cihazı yataq otağının uzaq bir küncündə, yaxud başqa otaqda saxlamaq lazımdır.
Xədicə Paşayeva, Bizim.Media