Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhər və ştatlarında 28 May – Azərbaycan
Respublikasının Müstəqillik Günü münasibətilə bəyannamələr verilib.
APA xəbər verir ki, Vaşinqton şəhərinin meri Muriyel Bauser, Merilend ştatının qubernatoru Ves Mur, Texas ştatının
Hyuston şəhərinin meri Con Vitmayr, Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper,
Florida ştatının Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava, Pensilvaniya ştatının Oyl Siti
şəhərinin meri Con Klak, eləcə də Nyu York Ştat Assambleyasının üzvü Alek Bruk-Krasnı
tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycan xalqının tarixi irsi, ABŞ-də azərbaycanlı
icmasının fəaliyyəti və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.
Bəyannamələrdə qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə müsəlman
Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşmüş, qadınlara seçki hüququ
verən ilk dövlətlərdən biri olmuşdur. Sənədlərdə həmçinin Azərbaycan ilə ABŞ arasında strateji
tərəfdaşlıq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və xalqlararası münasibətlərin inkişafı
xüsusi qeyd edilib.
Hyuston və Oyl Siti tərəfindən qəbul olunan bəyannamələrdə Bakı ilə qardaşlaşmış şəhər
münasibətləri, enerji sahəsində tarixi əlaqələr və mədəni əməkdaşlıq ön plana çəkilib.
Vaşinqton, Merilend və Nyu York tərəfindən yayımlanan bəyannamələrdə isə ABŞ-də yaşayan
azərbaycanlı icmasının Amerika cəmiyyətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Hallandeyl Biç və Mayami-Deyd dairəsinin rəhbərliyi öz sənədlərində Azərbaycan-Amerika
icmasının Florida ştatında mədəni müxtəlifliyin, qarşılıqlı anlaşmanın və ictimai fəallığın
gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.