EN

Vyetnam hakimiyyəti Trampın layihəsi üçün qəbiristanlığı köçürür: Sakinlər narazıdır

BAKI, 29 may. TELEQRAF

Vyetnam hakimiyyəti ölkənin şimalında yerləşən qəbiristanlığın ləğv edilməsini və həmin ərazidə ABŞ Prezidenti Donald Trampa məxsus şirkətin iştirakı ilə qolf meydançası və elit yaşayış kompleksi tikilməsini planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “The Trump Organization” və onun yerli tərəfdaşları Hınqyen əyalətində 1,5 milyard dollar dəyərində iri layihə həyata keçirməyi nəzərdə tutur. Layihənin həyata keçiriləcəyi ərazidə qəbiristanlıq da yerləşir.

Nəşr qeyd edir ki, layihə Hanoy və Vaşinqton arasında münasibətlərin simvolik göstəricilərindən biri hesab olunur. Bildirilir ki, 2025-ci ilin mayında təməlqoyma mərasimində çıxış edən Vyetnamın o zamankı Baş naziri Fam Min Çin qolf meydançasının Vyetnam-ABŞ əlaqələrinin möhkəmlənməsi və xüsusilə ABŞ-dan olan investorların etimadının artırılması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Layihənin ilkin plana əsasən 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, torpaq mübahisələri səbəbindən tikinti prosesi ləngiyib.

Qəzetin keçirdiyi sorğulara əsasən, tikintidən təsirlənəcək təxminən 4 min sakin ya torpaqlarını verməkdən imtina edir, ya da hökumətdən daha yüksək kompensasiya tələb edir.

Bundan əvvəl “Reuters” agentliyi “The Trump Organization”ın vyetnamlı tərəfdaşlarla birlikdə 2026-cı ildə Ho Şi Min şəhərində göydələn tikintisinə başlaya biləcəyini yazmışdı. Məlumata görə, 60 mərtəbədən hündür olması planlaşdırılan binaya yatırılacaq investisiyanın həcmi 1 milyard dolları keçəcək.

Chosen
21
32
teleqraf.com

10Sources