EN

Batmış 400 illik gəmidə külli miqdarda qaçaqmal aşkar edildi

2024-cü ildə İspaniyanın Kadis sahilləri yaxınlığında aşkar edilən "Delta I” adlı batmış gəmi təxminən 400 yaşı olan yük barədə yeni detalları üzə çıxarıb. "Cadiz Directo”nun məlumatına görə, sualtı arxeoloqların nəticələri göstərir ki, gəmi İsveç istehsalı toplar və indiki Boliviya ərazisindən gətirilmiş gümüş külçələr daşıyıb. Bu isə Avropanın Atlantik sahillərində qanunsuz ticarətin mövcudluğuna işarə edə bilər.
 
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "WP Tech” yazıb.

Məqalədə xatırladılır ki, gəmi Atlantik okeanı sahilində yerləşən İspaniyanın cənub-qərbindəki Kadis limanında yeni terminal tikintisindən əvvəl aparılan dibdərinləşdirmə işləri zamanı aşkar olunub. O vaxtdan bəri gəmi Andalusiya Tarixi İrs İnstitutunun Sualtı Arxeologiya Mərkəzinin mütəxəssisləri tərəfindən araşdırılır.

Arxeoloqlar əvvəldən bunun XVII əsrə aid gəmi qalıqları olduğunu bilsələr də, sonrakı analizlər yükün xarakterini daha dəqiq müəyyən etməyə imkan verib.

Hazırda gəminin ilkin adı hələ də məlum deyil. "Delta I” adı ona 2024-cü ildə tapıldıqdan sonra verilib. Ekspertlərin fikrincə, gəmi Fransada tikilib, daha sonra isə XVII əsrdə silah bazarında fəal olan holland tacirləri tərəfindən istifadə olunub.

İsveç topları və Boliviya gümüşü

Batmış gəmidə 27 ədəd İsveç istehsalı "Finbankera” tipli dəmir top, mənşəyi bilinməyən bürünc zəng və 18 gümüş külçə aşkarlanıb. Zəngin üzərində "İsa, Məryəm və Yusif 1671” yazısı həkk olunub. Külçələrdən birinin üzərində isə 1667-ci il tarixi aydın şəkildə görünür. Ümumilikdə 18 külçənin ümumi çəkisi yarım ton təşkil edib.

Toplar isə müxtəlif xüsusiyyətlərə malik kolleksiya təşkil edir. Alimlər onların beş fərqli kalibrdə olduğunu müəyyən ediblər və bəzi nümunələrin qorunma vəziyyəti ciddi şəkildə fərqlənir.

Məqalədə qeyd olunur ki, topların bir hissəsi natamam olub və ya lülələri zədələnib. Ekspertlər hesab edirlər ki, onlar ballast kimi istifadə olunub və ya gəmi batmazdan qısa müddət əvvəl zədələniblər. Toplar İsveç istehsalı olsa da, əvvəllər Fransa donanmasının artilleriyası kimi xidmət etmiş ola bilər.

Niyə tədqiqatçılar qaçaqmalçılıqdan şübhələnirlər?

Ən çox sual doğuran məqam gümüşlə xarici istehsal toplarının eyni gəmidə daşınmasıdır. CIANYS 2021 konqresində təqdim olunan araşdırmanın müəlliflərinin sözlərinə görə, İspaniyada qiymətli metalların ticarəti ciddi vergi nəzarətinə tabe idi.

"Rəsmi monopolist Sevilya idi, lakin təbii şəraiti sayəsində Kadis də Amerikadan gələn qaleonların yüklənməsi və boşaldılmasına xidmət edirdi. Məhz buna görə Kadis körfəzi qaçaqmalçılıq üçün əlverişli məkan ola bilərdi”, deyə nəşrdə vurğulanıb.

Chosen
32
1
olke.az

2Sources