EN

BMW-ləri humanoidlər istehsal etməyə başladı

BMW avtomobil istehsalında yeni dövrə qədəm qoyur. Almaniya nəhəngi bu yaydan etibarən Leypsiq zavodunda humanoid (insanabənzər) robotları sınaqdan keçirməyə başlayacaq.

Şirkətin rəqəmsallaşma üzrə rəhbəri Mixael Nikolaides bu texnologiyanı istehsalatın gələcəyi adlandırıb. Onun sözlərinə görə, insan ölçülərinə və qabiliyyətlərinə malik olan bu robotlar fabriki yenidən dizayn etmədən istənilən iş sahəsində insanı əvəz edə bilər. Robot texnologiyalarının xərclərinin kəskin azalması bu keçidi daha da sürətləndirib.

İsveçrənin "Hexagon Robotics" firması tərəfindən hazırlanan AEON robotları 1,65 metr boya və 60 kiloqram çəkiyə malikdir. Səkkiz saatlıq növbə ilə işləyən bu süni intellektli maşınlar hər üç saatdan bir batareyalarını müstəqil şəkildə dəyişə bilirlər. Onlar 15 kiloqrama qədər yük daşımaq qabiliyyətinə malikdir.

Yeni nəsil işçilər ilkin mərhələdə yüksək gərginlikli batareyaların yığılması və ehtiyat hissələrinin istehsalı ilə məşğul olacaqlar. Bu səbəbdən Leypsiqdə yığılan elektrikli "MINI Countryman", həmçinin BMW-nin 1-ci və 2-ci seriya modellərinin istehsalında robot əməyindən geniş istifadə olunacağı gözlənilir.

Qeyd edək ki, BMW bu sahədə tək deyil. Bir müddət əvvəl "Renault" şirkəti də ağır elektrikli avtomobil təkərlərini daşımaq üçün nəzərdə tutulan "Calvin" adlı bənzər robotunu təqdim etmişdi. Hazırda bir çox avtomobil istehsalçısı qaynaq və daşıma işlərində avtomatlaşdırılmış sistemlərdən aktiv istifadə edir.

İsmayıl
Demokrat.az
Chosen
48
1
demokrat.az

2Sources