EN

Araşdırma: B12 çatışmazlığı yorğunluq riskini artırır

Osaka Metropoliten Universitetinin professor Hiroaki Kanouçinin rəhbərlik etdiyi elmi qrupu suda həll olunan vitaminlərin çatışmazlığı ilə xroniki yorğunluq sindromunun yaranması arasında qarşılıqlı əlaqə müəyyən edib.

AzEdu.az xəbər verir ki, araşdırmanın nəticələri "Medical Xpress" jurnalında dərc olunub.

Alimlər fol turşusu (B9) və B12 vitamini çatışmazlığının insanın ümumi rifahı ilə birbaşa korrelyasiyaya malik olduğu barədə fərziyyə irəli sürüblər. Tədqiqatın əsas obyekti homosistein olub – bu, qanda səviyyəsi qeyd olunan maddələrin qeyri-kafi qəbulu zamanı yüksələn biomarkerdir. Eksperimentə Yaponiyanın 600-ə yaxın sağlam sakini cəlb edilib, onlardan qan analizləri götürülüb, həmçinin xüsusi şkalalar vasitəsilə motivasiya və yorğunluq dərəcələri müəyyən edilib.

Analizin nəticələri göstərib ki, homosistein konsentrasiyası yüksək olan iştirakçılarda cinsindən asılı olmayaraq, B12 və B9 vitaminlərinin səviyyəsi davamlı olaraq aşağı qeydə alınıb. Bununla belə, kişilərdə və qadınlarda yorğunluğun təzahür forması fərqli olub. Kişilərdə biomarkerin yüksək göstəriciləri fiziki tükənmə ilə əlaqələndirildiyi halda, qadınlarda qida maddələrinin çatışmazlığı motivasiyanın düşməsində özünü büruzə verib.

"Sağlam insanlarda B12 vitamini, fol turşusu və yorğunluq arasında aşkar edilən bu qarşılıqlı əlaqə, yəqin ki, ilk bu cür elmi müşahidədir", - Kanouçi bildirib.

Tədqiqat qrupunun rəhbəri izah edib ki, tibb praktikasında homosisteinin səviyyəsi ənənəvi olaraq yalnız ürək-damar patologiyaları, demans və sümük sınıqları riskləri ilə əlaqədar qiymətləndirilirdi. O qeyd edib ki, yeni məlumatlar gələcəkdə yorğunluq və motivasiya göstəricilərinin də nəzərə alınmasının vacibliyinə dəlalət edir. Homosistein konsentrasiyasının artmasının qarşısını almaq üçün B12 vitamini və fol turşusu çatışmazlığına yol verməmək prinsipial əhəmiyyət kəsb edir. Kanouçinin sözlərinə görə, daimi olaraq balanslaşdırılmış pəhriz saxlamaq həlledici rol oynayır.

Analiz zamanı tədqiqatçılar insanın ümumi vəziyyətinə təsir göstərən digər amilləri, o cümlədən sınaqdan keçənlərin yaşını, yuxu müddətini, iş yükünün intensivliyini və qidalanma vərdişlərini də nəzərə alıblar. Müəlliflər vurğulayıblar ki, müasir cəmiyyət şəraitində xroniki yorğunluq problemi sırf fərdi məsələ çərçivəsindən kənara çıxıb.

Chosen
33
5
azedu.az

7Sources