EN

Aİİ-dən çıxış Ermənistan üçün şok effekti yarada bilər – Gizli hesablar üzə çıxır

Məlum olduğu kimi son günlərdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı ilə bağlı iddialar yayılmaqdadır. Məsələyə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən reaksiya verilib. Baş nazir yayılan iddiaları təkzib edib:

"Biz nəinki Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmayacağıq, həm də Ermənistanın iqtisadi maraqlarını qorumaq üçün təsir imkanlarımızdan istifadə edəcəyik. Strategiyamız dəyişməz olaraq qalır. Rusiyalı tərəfdaşlarımızla sakit, stressiz, səbirlə işləyəcək və bütün məsələləri həll edəcəyik”.

Bəs Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu proses ölkənin iqtisadi modelinin tədricən dəyişməsinə gətirib çıxara bilər:

"Hazırda Rusiya bu prosesə Ermənistan məhsullarına məhdudiyyətlər qoymaqla, ucuz qaz, neft məhsulları və xam almaz üçün mövcud güzəştlərin ləğvi, miqrasiya problemləri yaradacağı barədə mesajlar verməklə, gömrük güzəştlərinin tarixə qovuşacağını xatırlatmaqla ciddi təzyiq göstərir. Belə olan halda Ermənistan üçün risklərin miqyası kiçik deyil. 2025-ci ildə ölkənin qaz idxalının 82 faizi Rusiyanın payına düşüb. Rusiya qazı Ermənistana 1000 kubmetr üçün 177,5 dollar qiymətinə satılır ki, daha çox əlverişli qiymətdir. Bu səbəbdən enerji məsələsi Ermənistan iqtisadiyyatının ən həssas istiqamətlərindən biri hesab olunur.

Ticarət sahəsində də asılılıq yüksək olaraq qalır. 2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bu göstərici Ermənistanın xarici ticarətinin 35,5 faizinə bərabər olub. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır.

Miqrasiya məsələsi də xırda məsələ deyil. Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan vətəndaşları Rusiyada əlavə iş icazəsi almadan çalışa bilirlər. Bu rejimin dəyişməsi Rusiyada yaşayan və işləyən ermənilər üçün həm gəlir, həm sosial təminat, həm də hüquqi status baxımından yeni risklər yaradacaq. Bu da Ermənistan üçün ciddi iqtisadi itki ola bilər".

İqtisadçı həmçinin qeyd edib ki, Ermənistanın Rusiyanın iqtisadi orbitindən uzaqlaşması Moskva üçün Cənubi Qafqazda daha geniş təsir itkisi deməkdir:

"Gürcüstan uzun illərdir Rusiya inteqrasiya layihələrindən kənardadır. Azərbaycan isə balanslı və müstəqil regional siyasət aparır. Bu baxımdan Ermənistanın da uzaqlaşması Rusiyanın regiondakı iqtisadi və siyasi təsir imkanlarının daha da zəifləməsi kimi qiymətləndirilir.

Bununla yanaşı, orta və uzun müddətdə Ermənistan üçün yeni imkanlar da yarana bilir.

Əgər Azərbaycan ilə münasibətlər tam normallaşsa, Türkiyə ilə sərhədlər açılsa və regional kommunikasiya xətləri tam işlək vəziyyətə gəlsə, Ermənistan ilk dəfə olaraq qapalı iqtisadi modeldən regional tranzit modelinə keçmək şansı əldə edə bilər. Türkiyə bazarına çıxış logistika xərclərini azalda, ixrac imkanlarını genişləndirə və xarici investorlar üçün Ermənistanın cəlbediciliyini artıra bilər.

Avropa İttifaqı istiqamətində də proses sürətlənir. Hazırda Ermənistan ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş istiqamətində danışıqlar davam edir. 2025-ci ildə viza liberallaşdırılması üzrə fəaliyyət planı təqdim olunub və 2026-cı ildə ilk irəliləyiş hesabatı açıqlanıb. Avropa rəsmiləri bildirirlər ki, islahatlar davam edərsə, gələcək illərdə Ermənistan vətəndaşları üçün Şengen məkanına vizasız səfər real perspektivə çevrilə bilər. Bu isə təhsil, biznes, turizm və əmək mobilliyi baxımından yeni imkanlar yarada bilər.

Bundan əlavə, Avropa İttifaqı Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya proqramı, 270 milyon avroluq dayanıqlılıq və inkişaf paketi, enerji, nəqliyyat, rəqəmsal infrastruktur və biznes mühiti üzrə yeni layihələr üzərində işləyir. Bu vəsaitlər Ermənistanın iqtisadi transformasiyasına dəstək verə bilər.

Lakin bu keçid sürətli olmayacaq. Fikrimcə, ilk 1-2 il Ermənistan üçün daha mürəkkəb adaptasiya mərhələsi olacaq. Ticarət axınlarının dəyişməsi, yeni logistika marşrutlarının formalaşması, texniki standartların uyğunlaşdırılması, enerji alternativlərinin yaradılması və investor etimadının formalaşması zaman tələb edir. Əsas iqtisadi nəticələrin daha çox 3-5 illik dövrdə görünməsi ehtimalı yüksəkdir".

Eldəniz Əmirovun fikrincə, Rusiya Ermənistana qarşı ən sərt qaz təzyiqinə getməyəcək:

"Belə addım Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da pisləşdirə və Moskvanın onsuz da zəifləyən təsir imkanlarını sürətlə azalda bilər. Üstəlik, Rusiya üçün qaz satışı baxımından daha bir bazarın itirilməsi də əlavə iqtisadi yük yaradar.

Bu səbəbdən daha real görünən ssenari mərhələli təzyiq modelidir. Məhsul idxalına məhdudiyyətlər, siyasi mesajlar, miqrasiya ilə bağlı siqnallar və enerji güzəştlərinin mütəmadi şəkildə gündəmə gətirilməsi Moskva üçün daha çevik alətlər hesab olunur. Bu tip alətlərin üstünlüyü ondadır ki, onları istənilən vaxt yumşaltmaq və ya dayandırmaq mümkündür.

Bununla belə, prosesin sadə və ağrısız keçəcəyini düşünmürəm. Qısamüddətli dövrdə Ermənistan iqtisadiyyatı müəyyən itkilərlə üzləşə bilər. ÜDM artım tempinin zəifləməsi, bəzi sahələrdə istehsalın azalması, əhali gəlirlərinin aşağı düşməsi, investisiyalarda qeyri-müəyyənliyin yaranması və işsizlik riskinin artması mümkün ssenarilər sırasındadır".

Xalidə Gəray
Musavat.com

Chosen
18
6
musavat.com

7Sources