EN

"Aqrar sahədə torpaqların konsolidasiyası və kadr məsələləri prioritetdir"

Mayın 25-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatına dair müşavirə və təqdim olunan yeni Dövlət Proqramı aqrar sektorun gələcək inkişaf istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyırdı.


Müşavirədə kənd təsərrüfatında mövcud vəziyyət, qarşıda duran çağırışlar və yeni yanaşmalar açıq şəkildə müzakirə olundu. Xüsusilə aqrar sahədə daha dayanıqlı və səmərəli inkişaf modelinə keçidin vacibliyi vurğulandı. Bu yanaşma göstərir ki, artıq kənd təsərrüfatında təkcə istehsal həcminin artırılması deyil, həm də məhsuldarlıq, innovasiya və rəqabət qabiliyyəti məsələləri prioritet hesab olunur. Çünki Azərbaycanın aqrar sektorda əsas çağırışları artıq yalnız məhsul istehsalı ilə məhdudlaşmır; burada struktur transformasiyası, insan kapitalı və bazar modelinin təkmilləşdirilməsi də mühüm rol oynayır.”

Nazirin təqdimatı çox maraqlı, xüsusilə, texnokrat və cəsarətli çıxış təsiri bağışladı. Təqdimata baxanda görünür ki, nazir kifayət qədər səlis və texniki təqdimat etdi. Heyvandarlıq sahəsində geriləmə, buğda məhsuldarlığının aşağı olması, bu sektorun inkişaf etmədən 5 ildir eyni səviyyədə qalması, ⁠ət istehsalının milli tələbatı ödəməməsi və resurs səmərəsizliyi kimi məsələləri açıq deməsi əvvəlki illərlə müqayisədə fərqli idi. Adətən təqdimatlar daha çox “nailiyyət hesabatı” xarakteri daşıyırdı. Bu dəfə isə problemin özü etiraf edildi. Xüsusilə “transformasiya”, “dəyər zənciri”, “innovasiya”, “rəqəmsallaşma”, “institusional islahat” kimi terminlərin istifadəsi göstərir ki, komanda artıq anlayır ki, sadəcə subsidiya verməklə aqrar sektor inkişaf etmir. Amma burada vacib sual yaranır: bu terminlər real struktur dəyişikliklərinə çevriləcək, yoxsa yenə proqram dili olaraq qalacaq? Çünki Azərbaycanda əsas problem strategiya sənədi yox, icra mexanizmidir. Bu günədək bu cür strateji sənədlər çox hazırlanmışdır, lakin qısa bir müddət sonra həmin sənədlərdən demək olar ki, istifadə edilmədi. Xatırladım ki, 2016-cı ilin 6 dekabrında aqrar sektorun inkişafı ilə bağlı starteji yol sənədi təsdiqlənmişdi.

Mən 2011-ci ildən orqanik istehsalatın təbliği ilə məşğulam. 2019-cu ildən etibarən isə bunu təsis etdiyimiz ictimai birlik vasitəsilə institusional şəkildə edirik. Bu ⁠Proqramda kənarda qalan əsas sahələrdən biri orqanik kənd təsərrüfatıdır. Hesab edirəm ki bu, çox ciddi boşluqdur. Amma Proqramın mahiyyətinə baxdıqda düşünmək olar ki, bu boşluq sayılmır, əksinə, ehtiyaca uyğun bu cür addım atılmışdır. İllərdir deyirik ki, Azərbaycanın aqrar üstünlüyü əslində kütləvi taxıl istehsalında deyil və ola da bilməz. Bunun üçün bizim resurslarımız yoxdur. Taxılçılıq sahəsi dövlətin subsidiya güzəştlərini əldə etməkdən başqa heç bir işə yaramır. Biz, ⁠yüksək keyfiyyətli niş məhsullar, premium aqrar ixrac, orqanik və ekoloji təmiz məhsullar, təbii bal, ⁠dərman bitkiləri, premium meyvə-tərəvəzçilik, ⁠quru meyvə, süd məhsulları, otlaq əsaslı heyvandarlıq sahələrinin inkişafı üzərində də proqramlar qurmahazırlamalıydıq. Çünki Azərbaycanın torpaq ehtiyatı, və su ehtiyatları məhduddur.  Bizim Ukrayna və ya Qazaxıstan kimi sonsuz taxıl düzənliklərimiz yoxdur.

Bu proqramda təəssüf ki, aqrar brendləşmə, ⁠premium ixrac strategiyası, orqanik sertifikasiya infrastrukturu(2016-cı ilin 6 dekabrında təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı hissəsində bu sahəyə yer ayrılmışdı), ⁠aqroturizm, ⁠kənd sahibkarlığı ekosistemi praktik olaraq görünmür. Qabaqcıl aqrar ölkələr həcmə deyil, keyfiyyətə oynayırlar. Bir çox məhsul az istehsal edilir, amma baha satılır. Azərbaycan fermeri isə hələ də sovet düşüncəsi ilə: “nə qədər çox ton istehsal etdik?” məntiqindən tam çıxa bilməyib. Burada “çörək bol olarsa basılmaz Vətən” klassik düşüncəsi hələ də yaşamaqdadır. Elə bu məqamda bildirmək istərdim ki, bu Proqramda yenə taxılçılıq prioritet oldu. Taxıl məsələsində dövlətin arqumenti əsasən “ərzaq təhlükəsizliyi” üzərində qurulur. Bu arqument mahiyyət etibarilə doğrudur. Xüsusilə, ⁠müharibələr, ⁠logistika böhranları, ⁠qlobal ərzaq riskləri fonunda dövlət müəyyən həcmdə strateji əhəmiyyətli məhsul istehsalı istəyəcək. Amma ölkəmizin böyük hissəsində buğda iqtisadi baxımdan rəqabətqabiliyyətli deyil. Cənab Prezidentin nitqində də tənqidi tonla qeyd edilir ki, illərlə eyni səviyyədə qalmışıq.  Bu o deməkdir ki, resurs qoyulur, amma struktur sıçrayışı olmur. Az məhsuldar dəmyə torpaqlarda aşağı rentabelli taxıl istehsalı nə qədər rasionaldır? Alternativ isə həmişə bu cür olmuşdur: 1 hektarda taxıldan əldə edilən gəlirlə, meyvəçilikdən, ⁠bağçılıqdan, intensiv istixanadan, ⁠dərman bitkilərindən, yem istehsalından əldə edilən gəlir arasında bəzən 5-10 qat fərq olur. Nəzərə almalıyıq ki, bizim su ehtiyatlarımız da məhduddur. Buna görə  ölkəmizin əsas prioriteti maksimum əlavə dəyər yaratmaq olmalıdır. Yəni ki, “ən çox məhsul” yox, “ən çox iqtisadi dəyər” məntiqi ilə işləməliyik. Bu baxımdan proqramda hələ də “sovet aqrar” refleksləri hiss olunur.

Proqramda diqqətçəkən məqam suvarma və konsolidasiya ilə bağlı hissədir. Azərbaycanın torpaq çatışmazlığından daha çox, parçalanmış və səmərəsiz istifadədə olan torpaq problemi həll edilməlidir. Proqramda bu konseptual olaraq bu cür formalaşdırılmışdır: müasir suvarmanın tətbiqi, ⁠torpaq konsolidasiyası, ⁠qapalı şəbəkələr, təsərrüfat ölçüsünün böyüdülməsi. Bu məqamda onu da qeyd edim ki, ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqların 60%-i istifadə üçün yararsızdır. 1-2 hektarlıq xırda təsərrüfatlarla ⁠texnologiya tətbiqi, yüksək məhsuldarlıq, ixrac standartlarının tətbiqi, ⁠müasir logistika sistemi çətin qurulur və ümumiyyətlə qurmaq mümkün olmur. Əgər həqiqətən konsolidasiya baş versə,və ya dünya standartlarında kooperativləşmə təmin edilsə bu böyük inqilabi dönüş nöqtəsi sayıla bilər. burada bir risk meydana çıxır ki, bu da kiçik təsərrüfat sahiblərinin sıradan çıxmasıdır. Bunu da aidiyyəti dövlət qurumları nəzərə alacaqdır yəqin.

Nazirin çıxışında digər təhlükə siqnalı heyvandarlıqla bağlı oldu. Belə ki, heyvan sayının azalması və ət istehsalının tələbatı ödəməməsi çox ciddi məsələdir. Bu, artıq struktural təhlükəsizlik məsələsidir. Burada səbəblər əsasən yem bazasının zəifliyi, otlaq problemləri, ⁠damazlıq keyfiyyəti, ⁠kiçik təsərrüfat modeli, peşəkar menecment çatışmazlığı, ⁠kənddən şəhərə köç kimi faktorlarla bağlıdır. Əslində heyvandarlıq yalnız “heyvan saxlamaq” deyil. Bu innovativ yem sənayesi, genetika tədqiqatları, ⁠logistika, soyuducu zəncir, emal sənayesi, ⁠baytarlıq sistemi deməkdir.

Proqramda kadr və insan kapitalının inkişafı ilə bağlı boşluqlar da vardır. Texnologiya var, suvarma var, investisiya var, amma insan faktoru çox zəif görünür. Proqramın ümumi çəkisinə baxanda bu istiqamət hələ də ikinci planda qalır. Və açığı, məncə proqramın ən zəif yerlərindən biri də məhz budur.

Sənədin ruhunda əsas ağırlıq ⁠infrastruktur, ⁠suvarma, torpaq məsələləri, məhsuldarlıq, aqro-texnika, investisiya, uğurlu aqropark, ⁠emal sənayesi üzərindədir. İnsan kapitalı isə daha çox “dəstək elementi” kimi keçir, “əsas transformasiya nüvəsi” kimi yox. Halbuki dünyadakı uğurlu aqrar transformasiyalara baxanda əsas sıçrayışı texnika yox, kadr verir.

Sənəddə insan kapitalının inkişafı ilə bağlı əsasən bunlar görünür:

•⁠  ⁠aqrar təhsilin inkişafı,

•⁠  ⁠elmi-tədqiqat institutlarının gücləndirilməsi,

•⁠  ⁠innovasiya və rəqəmsallaşma,

•⁠  ⁠məsləhət xidməti

•⁠  ⁠fermerlərin maarifləndirilməsi,

•⁠  ⁠yeni texnologiyaların tətbiqi,

•⁠  ⁠peşəkar hazırlıq,

•⁠  ⁠aqrar elm və praktikanın əlaqələndirilməsi.

Hiss edilir ki, aqrar sektor “istedad cəlb edən sahə” kimi xarakterizə edilmir və ya edilə bilmir. Məsələn, İsraildə aqrar texnologiya elit sahədir. Niderlandda aqrar universitetlər dünya səviyyəsində qəbul edilir. Polşada aqrobiznes prestijli sektora çevrilib. Azərbaycanda isə ən yaxşı tələbələrin böyük hissəsi informasiya təhlükəsizliyi, maliyyə, dövlət sektoru, hüquq istiqamətinə maraq göstərirlər. Aqrar sektor isə çox vaxt “başqa variant tapmayanların sahəsi” kimi görünür. Bu isə strateji problemdir. Çünki müasir aqrar sektor artıq data analitikası, AI, ⁠genetika, ⁠su mühəndisliyi, aqrar marketinq, ⁠logistika, ⁠ixrac menecmenti, peyk monitorinqi deməkdir. Əgər bu sahəyə ən güclü insan kapitalı gəlməsə, transformasiya yarımçıq qalacaq.

Ölkəmizdə “aqrar elita” anlayışının olmaması digər bir  çatışmazlıq kimi xarakterizə edilə bilər. Dünyada aqrar sıçrayış edən ölkələr sadəcə fermer yetişdirməyiblər, “aqrar elita” yaradıblar. Buna görə də gənclər bu elitaya can atmaq üçün çalışırlar. Məsələn, ⁠İsraildə aqrar innovator, ⁠Niderlandda aqrar mühəndis, Polşada aqrobiznes meneceri, ⁠Türkiyədə ixrac yönümlü aqrar sahibkar sinfi formalaşıb.

Məncə bizim üçün ən vacib sual budur: Biz özünü təmin edən aqrar dövlət olmaq istəyirik, yoxsa yüksək əlavə dəyər yaradan ixrac yönümlü aqrar iqtisadiyyat?

Bu iki model fərqli strategiyalar tələb edir. Hazırkı proqram isə sanki bu iki model arasında qalır-həm sovet tipli ərzaq təhlükəsizliyi refleksi var,həm də modern aqrobiznes dili istifadə olunur. Əsl transformasiya isə bu seçim aydınlaşanda başlayacaq.

 

Emin Əliyev

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədr müavini

Chosen
37
1
manset.az

2Sources