BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı davam edən danışıqlar fonunda yeni açıqlama yayıb. O, mümkün razılaşmanın əsas şərtlərini sadalayaraq yekun qərarın verilməsi üçün Ağ Evdə mühüm görüş keçirildiyini bildirib.
TurkicWorld xəbər verir ki, Donald Tramp Truth Social platformasında paylaşdığı bəyanatda İranın nüvə silahı əldə etməməsinin ABŞ üçün əsas prinsip olaraq qaldığını vurğulayıb.
Trampın sözlərinə görə, mümkün razılaşmanın əsas şərtlərindən biri Hörmüz boğazının hər iki istiqamətdə dərhal və heç bir məhdudiyyət olmadan beynəlxalq gəmiçilik üçün açılmasıdır.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, boğazda mövcud ola biləcək mina təhlükəsi aradan qaldırılmalı və qalan minaların təmizlənməsi ABŞ və İran arasında koordinasiya şəraitində həyata keçirilməlidir.
O bildirib ki, ABŞ-ın tətbiq etdiyi dəniz blokadası səbəbindən bölgədə qalan gəmilər razılaşma əldə olunacağı təqdirdə normal hərəkətlərini bərpa edə və marşrutlarına davam edə biləcəklər.
Tramp açıqlamasında yeraltında saxlanıldığı iddia edilən zənginləşdirilmiş nüvə materiallarının ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin birgə koordinasiyası ilə çıxarılaraq məhv edilməli olduğunu da qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, yekun razılaşma əldə olunana qədər heç bir maliyyə ödənişi həyata keçirilməyəcək.
Bəyanatın sonunda Tramp hazırda Ağ Evin Situasiya Otağında müşavirləri ilə birlikdə İran məsələsi üzrə son qərarın müzakirə edildiyini və yaxın vaxtlarda yekun mövqenin açıqlanacağını bildirib.