EN

Misirin çubuq döyüşü: rəqsə çevrilən qədim idman FOTO/VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misirdə elə bir idman növü var ki, burada qalib gəlmək üçün rəqibi yerə sərmək yox, çeviklik, dəqiqlik və özünü idarə etmək bacarığı əsas sayılır.

İdman.Biz bu dəfə Misirin ən qədim xalq oyunlarından və döyüş ənənələrindən biri sayılan təhtib barədə məlumat verir.

Uzun çubuqlarla icra olunan bu bu idmanın ən diqqətçəkən tərəfi zorakılığı yox, nəzarətli gücü təbliğ etməsidir. İki nəfər üz-üzə dayanır, əllərində çubuq olur, ətrafda musiqi səslənir, tamaşaçılar isə hər hərəkəti diqqətlə izləyirlər. Meydan bir anlıq döyüş səhnəsini xatırlatsa da, burada əsas qalibiyyət rəqibə yox, özünə hakim olmaqdır. UNESCO təhtibi iki rəqib arasında musiqi müşayiəti ilə keçirilən qısa, qeyri-zorakı çubuq qarşılaşması kimi təsvir edir.

Bu idman növü xüsusilə Yuxarı Misirdə geniş yayılıb. Təhtib toylar, xalq şənlikləri, dini və sosial mərasimlər zamanı nümayiş etdirilir. Oyun zamanı iştirakçılar uzun çubuqla dairəvi hərəkətlər edir, hücum və müdafiə jestlərini ardıcıl şəkildə göstərirlər. Burada əsas məqsəd rəqibə xəsarət yetirmək deyil, ustalıq və nəzarətli güc nümayiş etdirməkdir.

Təhtib həm idman, həm rəqs, həm də mədəni ənənə kimi yaşayır. Burada çubuq sadəcə alət deyil, kişilik, cəsarət, ləyaqət və özünəinam rəmzi kimi qəbul olunur. Oyunun qaydaları iştirakçıdan təkcə fiziki hazırlıq yox, həm də davranış mədəniyyəti tələb edir.

Qədim dövrlərdə təhtib daha çox döyüş hazırlığı ilə bağlı olub. Zaman keçdikcə bu ənənə idman və xalq mərasimi formasına keçib, rəqs və tamaşa xarakteri qazanıb. Müasir dövrdə təhtib Misirin tanınan qeyri-maddi mədəni irslərindən biri sayılır. 2016-cı ildə UNESCO onu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib.

Təhtib oyununda musiqi xüsusi rol oynayır. Ritm iştirakçıların hərəkətini müəyyənləşdirir, tamaşaçıları isə qarşılaşmanın bir hissəsinə çevirir. Bu səbəbdən təhtibə sadəcə “çubuq döyüşü” demək düzgün olmaz. O, həm səhnə, həm duel, həm də qədim Misir ruhunu yaşadan canlı ənənədir.

Misirin piramidaları, fironları və qədim məbədləri dünyada necə tanınırsa, təhtib də bu ölkənin canlı mədəni yaddaşlarından biri kimi diqqət çəkir. Bu idman növü göstərir ki, bəzən bir xalqın tarixi yalnız daş divarlarda yox, insan bədəninin hərəkətində, musiqinin ritmində və nəsildən-nəslə ötürülən oyunda yaşayır.

Xatırladaq ki, bundan əvvəl Polşada oynanınlan braveball, İrlandiyada məşhur olan hörlinq, Meksika xalqına məxsus pelota purepeça barədə də məlumat vermişdik.

Aqil Tağıyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
icma.az

1Sources