EN

İngiltərənin keçmiş futbolçusu polis tərəfindən həbs edilib

İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Rahim Sterlinq sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək həbs edildikdən sonra qalmaqalın mərkəzində olub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu cümə axşamı, 28 may tarixində, səhər saat doqquzda Hempşirdəki M3 avtomobil yolunda baş verən avtomobil qəzasından sonra polis tərəfindən saxlanılıb.

Deyilənə görə, Sterlinq "Lamborghini" markalı avtomobilini maneəyə çırpıb. Hadisədə iştirak edən yeganə şəxs oyunçu olub və heç kim xəsarət almayıb.

Futbolçu polis tərəfindən narkotik təsiri altında avtomobil idarə etmək, təhlükəli sürücülük, C sinif narkotik saxlamaq və test üçün nümunə verməkdən imtina etmək şübhələri ilə saxlanılıb.

İngilis oyunçu daha sonra istintaqın başa çatmasına qədər girov müqabilində sərbəst buraxılıb.

Xatırladaq ki, Sterlinq karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi" və "Arsenal"da oynayıb. "Siti" ilə dörd dəfə İngiltərə çempionu olub. Qanad oyunçusu İngiltərə millisində 82 oyun keçirib və 20 qol vurub.

Sterlinqin son klubu bu ilin qışında altı aylıq müqavilə imzalayaraq Feyenoord olub. Lakin oyunçu komandada özünü təsdiqləyə bilməyib, cəmi səkkiz oyunda iştirak edib və Rotterdam klubunun rəhbərliyi oyunçu ilə müqaviləni yeniləməmək qərarına gəlib.

Müəllif: Günel Fərzəliyeva
Chosen
26
1
sia.az

2Sources