EN

Bu şəxslərə faizsiz kredit veriləcək?

"Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində ağıllı şəhər və kənd modellərinin, enerji səmərəli infrastrukturun və rəqəmsal idarəetmə sistemləri tətbiq edilir".

Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, hazırda bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir, 340 MVt gücündə günəş elektrik stansiyaları inşa edilir, 7 MVt gücündə damüstü günəş panelləri quraşdırılıb, həmçinin 240 MVt gücündə külək elektrik stansiyası üzrə hazırlıq işləri aparılır. 

Bildirək ki, hazırda bir sıra dünya ölkələrində alternativ enerjidən istifadə geniş miqyas alıb və burada vətəndaşlar mikro-günəş panelləri vasitəsilə istehsal etdikləri artıq elektrik enerjisini dövlət şəbəkəsinə sata bilirlər.

Bu da bir faktdır ki, həmin günəş panellərinin quraşdırlması üçün müəyyən məbləğdə vəsait tələb olunur.

Azərbaycanda vətəndaş evində günəş paneli quraşdırarsa, dövlət ona faizsiz kredit verə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xaldi Kərimli "Cebheinfo.az"-a bildirib ki, ölkədə bu istiqamətdə faizsiz kreditin verilməsi üçün qanun yoxdur:

"Hazırda ölkədə güzəştli kredit sistemi var. Azərbaycan Biznesin İnkişaf Fondu var və orada 5 faizə qədər güzəştli kreditlər verilir ki, bu, biznes üçün nəzərdə tutulub. İpoteka və Kredit Zəmanəti Fondunda da kredit biznesə verilir. Ancaq fərdi şəxslər, istehlak qayğılarını ödəmək üçün bankdan kredit götürürlər. Ancaq dövlətdən faizsiz kredit götürülməsinin qanuni əsası yoxdur.

Ümumiyyətlə, faizsiz kredit mümkün deyil. Çünki ölkədəki mövcud fondlar müəyyən faizə qədər subsidiyalaşdırılır və kredit verirlər. Güzəştli sosial imtiyazları olan əhali  təbəqəsinə dövlət güzəştli ipoteka krediti verir. Ancaq orada  da 4 faiz öz əksini tapıb.

Ümumiyyətlə, faizsiz kredit anlayışı yoxdur, güzəştli kredit verə bilər. Bununla bağlı hökumətin təşəbbüs göstərməsi, parlamentin də o qanunu təsdiq etməsi lazımdır. Ancaq indiki halda belə bir sistem yoxdur". 

Chosen
56
cebheinfo.az

1Sources