EN

Hər bir uşaq ailəsində nəyi görürsə, cəmiyyətə də onu daşıyır - RƏY

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsinin vacibliyini özündə əks etdirən əlamətdar tarixdir.  Uşaqlara göstərirlən qayğı və onlar üçün yaradılan imkanlar hər bir dövlətin inkişaf səviyyəsini göstərir. Azərbaycan da bu istiqamətdə ardıcıl siyasət həyata keçirən, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, uşaq və yeniyetmələrin hüquq və mənafelərinin qorunması sahəsində mühüm addımlar atan dövlətdir. Ölkəmizdə uşaqların rifahının yüksəldilməsi məqsədilə müxtəlif dövlət proqramları icra olunur, yeni məktəb və uşaq bağçaları istifadəyə verilir, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial dəstək mexanizmləri genişləndirilir. Həmçinin uşaqların hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması, sağlam həyat tərzinin təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycanda dövlətin uşaqlara böyük diqqət və qayğısı var.

Deputat

Deputat vurğulayıb ki, qəbul edilən qərar və qanunlarda dövlətin uşaqlara qayğısı özünü açıq şəkildə göstərir: “Uşaq evlərinə, yeniyetmə və şagirdlərə göstərilən xüsusi diqqət və qayğı ilə yanaşı yeni məktəblərin, bağçaların inşası, təhsil istiqamətində davamlı atılan addımlar, həyata keçirilən tədbirlər, sosial yardımların verilməsi, destək proqramları bu fikri ciddi formada təsdiq edir. Dünyadakı prosesi, uşaqlarla bağlı cərəyan edən məsələləri təhlil edəndə bir neçə vacib məqam diqqət çəkir. Sosial media, internet oyunları artıq bütün sahələrə siraət edir. Bu gün olduqca çətin və mürəkkəb mərhələyə daxil olduğumuzu açıq-aydın qeyd etməliyik. Bu da dövlətin bu sahədə atdığı addımların önəmini, xüsusi əhəmiyyət daşıdığını bir daha göştərir. Uşaq və yeniyetmələrin təhlükəsizliyi ilə bağlı Azərbaycan dövləti davamlı olaraq mühüm addımlar atır. Bu yaxınlarda cənab Prezidentin olduqca önəmli sərəncamı oldu. Bu sərəncam uşaq və yeniyetmələrin sosial medianın, telefonun təsirlərinə məruz qalmasının qarşısının alınması ilə bağlı çox vacib addım idi. Bir sözlə, ətraf mühitin, sosial medianın  bu günün uşaqlarına ciddi təsirini müşahidə etməkdəyik. Bunlar haqlı olaraq cəmiyyətdə çox ciddi narahatlıq və suallar yaratmaqdadır. Buna görə də dövlətimiz məqsədyönlü addımlar atır, tədbirlər reallaşdırır. Lakin uşaqların təhlükəsizliyi ilə bağlı təkcə dövlətin yox, vətəndaşların da üzərinə vəzifə düşür. Onlar da bu məsələdə ehtiyatlı olmalıdırlar. Valideynlər övladlarının tərbiyəsinə vaxt ayırmalıdırlar. Mütləq şəkildə uşaqların normal böyümələri üçün davamlı addımlar atmalıdırlar. Həmişə deyirik ki, gənclər, uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq üçün hər birimiz əlimizdən gələni əsirgəməməli, bütün səyimizlə, gücümüzlə çalışmalıyıq”.

 

Psixoloq Gülnar Orucova isə deyib ki, 1 İyun münasibətilə keçirilən tədbirlər cəmiyyətin uşaqlara olan diqqət və qayğısının təzahürü olmaqla yanaşı, onların xoşbəxt gələcəyinin təmin edilməsinin ümummilli məsuliyyət olduğunu bir daha xatırladır:

Gülnar

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda xüsusi qeyd olunur. Həm müəssisələrdə, tədris mərkəzlərində, bağçalarda, həm də restoranlarda, uşaq əyləncə mərkəzlərində uşaqlar üçün 1 iyun xüsusi təşkil edilir. Ən çox özəl liseylərdə 1 İyun təmtəraqlı keçirilir və uşaqlara kiçik  hədiyyələr verilir, şəhərdə xeyli sayda uşaq gəzintiyə çıxarılır. Əksər valideynlər başqa günlər olmasa belə, 1 iyunu öz övladları ilə xüsusi qeyd edirlər. Psixoloq olaraq tədris mərkəzlərində yaradıcılıq gecələrinin, əyləncə proqramlarının, rəsm müsabiqələrinin keçirildiyini müşahidə edirik. Xeyriyyə və sosial layihələr həyata keçirən təşkilatlar, şirkətlər də var. Uşaq evlərinin balaca sakinlərinə dövlət tərəfindən xüsusi diqqət göstərilir, lakin biz sadə vətəndaşların da uşaq sığınacaqlarına 1 iyun günü necə qayğı ilə yanaşdıqlarını, oradakı azyaşlıları yaddan çıxarmadıqlarını görürük. Uşaqlar bizim gələcəyimizdir. Bu gün uşaqlara yetəri qədər diqqət, qayğı, sevgi versək, gələcəkdə bunun qarşılığını artıqlaması ilə o uşaqlardan alacağıq. Hər bir uşaq evində nəyi görürsə, cəmiyyətə də onu daşıyır. Çalışmaq lazımdır ki, yaşadığımız evdə, ailəmizdə  uşaqlarımıza dəyər verək. Çünki özgüvəni həmişə ailə formalaşdırır. Uşağımıza dəyər verək ki, o da cəmiyyətə sevgi, qayğı aşılasın, şiddət, nifrət, aqressiya daşımasın”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd

Tarix: 30 May 2026, 17:01   
Chosen
32
pravda.az

1Sources