
Əfqanıstanın şərqindəki Laqman vilayətində Pakistandan ölkəyə geri dönən qaçqınları daşıyan yük avtomobilinin aşması nəticəsində 22 nəfər həyatını itirib, 36 nəfər isə yaralanıb.
AFN.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 05:30 radələrində Kabil-Cəlalabad magistral yolunun Surxakan bölgəsi yaxınlığında qeydə alınıb.
Məlumata görə, qaçqınları aparan yük maşını sürücünün sükan arxasında yuxulaması səbəbindən yoldan çıxaraq dərəyə yuvarlanıb.
Dəhşətli qəza nəticəsində dünyasını dəyişənlərdən 10-nun uşaq, 5-nin isə qadın olduğu bildirilir.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan və qonşu Nanqarhar vilayətindəki xəstəxanalara çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu diqqətə çatdırılıb.