EN

Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ

May ayında yağan intensiv yağışlar və bəzi bölgələrdə müşahidə olunan sel hadisələri kənd təsərrüfatına təsirsiz ötüşmür.

Bəs may yağışları ən çox hansı məhsulların qiymətinə təsir göstərə bilər?

Qida üzrə ekspert Fərid Səfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, may ayında yağan intensiv yağışlar kənd təsərrüfatına ciddi təsir göstərə bilər:

“Xüsusilə açıq sahələrdə yetişdirilən məhsullar artıq rütubətdən zərər gördükdə məhsuldarlıq azalır və bu da qiymətlərə təsir edir. Ən çox bahalaşa biləcək məhsullar arasında pomidor, xiyar, bibər, kartof, soğan, göyərti və bəzi meyvələr yer alır. 

Yağışlar məhsulun çürüməsinə, xəstəliklərin yayılmasına və yığım prosesinin gecikməsinə səbəb olduqda bazara çıxarılan məhsulun həcmi azalır. Nəticədə təklif azalır, qiymətlər isə yüksələ bilər.

Məhsul çatışmazlığı məsələsinə gəldikdə, qısamüddətli dövrdə müəyyən məhsullar üzrə lokal çatışmazlıqlar yarana bilər. Lakin bu, adətən bütün ölkə üzrə ciddi ərzaq qıtlığı demək deyil.

Əgər əlverişsiz hava şəraiti uzun müddət davam edərsə və müxtəlif bölgələrdə məhsullara genişmiqyaslı zərər dəyərsə, bəzi tərəvəz və meyvələrin bazarda azalması mümkündür. Belə hallarda qiymət artımı daha çox hiss olunur və idxal məhsullarına tələbat yüksəlir.

Ona görə də may yağışlarının təsiri ilk növbədə təzə meyvə-tərəvəz bazarında qiymət artımı və müəyyən məhsulların bazara gec çıxması şəklində özünü göstərə bilər”.

Ekspert qeyd edib ki, tammiqyaslı məhsul çatışmazlığı isə hava şəraitinin davamından və dəyən ziyanın səviyyəsindən asılı olacaq.

Chosen
20
1
cebheinfo.az

2Sources