EN

Adil Əliyevdən bədxahlarına “Nürnberq mesajı” – icra başçısı niyə qəzəblənib?

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev son günlər haqqında yayılan ittiham və iddialara münasibət bildirib. O, şəxsi sosial şəbəkə hesabında paylaşdığı statusla həm öz mövqeyini açıqlayıb, həm də ünvanına səslənən ittihamlara dolayı cavab verib.

Musavat.com xəbər verir ki, Facebook səhifəsindəki paylaşımda Adil Əliyev son dövrlər ona qarşı aparılan kampaniyalardan narahatlığını ifadə edib.

İcra başçısı yazıb ki, son günlər bəzi qərəzli şəxslər tərəfindən onun haqqında yalanlar, böhtanlar və təhqirlər səsləndirilir:

“Son günlər bəzi əxlaq və tərbiyə anlayışından uzaq, qərəzli şəxslər tərəfindən haqqımda yalanlar, böhtanlar və təhqirlər səsləndirilir. İnsan öz sözləri, davranışları və əməlləri ilə tanınır. Təhqiri, böhtanı və qarayaxmanı fəaliyyət üsuluna çevirənlər əslində öz mahiyyətlərini və səviyyələrini ortaya qoyurlar”.

WhatsApp

Adil Əliyev bildirib ki, fəaliyyətinin əsas prinsipi dövlətçilik, milli-mənəvi dəyərlər və qanunlara hörmət olub:

“Mən isə hər zaman milli-mənəvi dəyərlərimizə, dövlətçiliyimizə və qanunlara hörmətlə yanaşmış, ölkəmizin maraqlarını hər şeydən üstün tutmuşam. Dövlətimizə və Prezidentimizə sədaqətlə xidmət etmişəm və bundan sonra da bu mövqeyimə sadiq qalacağam”.

Paylaşımda diqqət çəkən məqamlardan biri də onun təhqir və qarşıdurma yolunu seçmədiyini vurğulaması olub:

“Yalan və böhtan həqiqəti dəyişdirə bilməz. Mən kiməsə təhqirlə cavab verməyi özümə yaraşdırmıram və özümü həmin insanların səviyyəsinə endirmək niyyətində deyiləm. Mənim cavabım gördüyüm işlər, tutduğum prinsipial mövqe və dövlətimə olan sarsılmaz sədaqətimdir”.

Musavat.com bildirir ki, son aylarda Adil Əliyev həm xaricdə fəaliyyət göstərən bəzi media quruluşlarının, həm də sosial şəbəkələrdəki müxtəlif platformaların hədəfinə çevrilib. Müxtəlif mövzularda onun ünvanına tənqidlər, ittihamlar və müzakirələr aparılır. İcra başçısının son paylaşımı da məhz bu kampaniyalara ümumi cavab kimi qiymətləndirilir.

Paylaşımın maraqlı tərəflərindən biri isə geolokasiya seçimi olub. Adil Əliyev statusunu Almaniyanın Nürnberq şəhərindən etdiyini göstərib. Bunun təsadüfi seçim, yoxsa xüsusi mesaj olub-olmadığı məlum deyil. Musavat.com bu məqamla bağlı əlavə məlumat əldə edə bilməyib.

Qeyd edək ki, Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmazdan əvvəl uzun illər Milli Məclisin deputatı, həmçinin parlament sədrinin müavini vəzifələrində çalışıb. O, vəzifəli şəxs olmasına baxmayaraq, sosial şəbəkələrdə ən çox izlənilən dövlət məmurlarından biri hesab olunur.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub. Yüzlərlə istifadəçi və tərəfdarı statusa münasibət bildirərək Adil Əliyevə dəstək ifadə edib, onun fəaliyyətini müdafiə edən rəylər yazıb.

Musavat.com

Chosen
31
musavat.com

1Sources