EN

ABŞ-nin gizli neft dəhlizi? İran nəzarətini belə aşırlar

Hörmüz boğazında gərginlik artarkən ABŞ və müttəfiqlərinin enerji daşımalarını qorumaq üçün qeyri-rəsmi mexanizmlərdən istifadə etdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetində diqqətçəkən material dərc olunub.

Məqalədə bildirilir ki, son həftələr bir sıra neft tankerləri və qaz daşıyan gəmilər İranın mümkün müdaxilə riskini azaltmaq üçün xüsusi marşrut və prosedurlardan yararlanıblar.

Nəşrin mənbələrinin iddiasına görə, bəzi gəmilər Hörmüz boğazının ən həssas hissələrindən keçərkən avtomatik identifikasiya sistemlərini (AIS) müvəqqəti söndürərək yerləşmələrini gizlədiblər. Bu addımın İran qüvvələrinin izləmə və mümkün təzyiq imkanlarını azaltmaq məqsədi daşıdığı bildirilir.

WSJ yazır ki, marşrut seçimi və təhlükəsizlik tədbirləri ABŞ hərbi dairələrinin qeyri-rəsmi tövsiyələri əsasında həyata keçirilmiş ola bilər. Mənbələrin sözlərinə görə, bölgədə pilotsuz müşahidə vasitələri ilə monitorinq aparılıb, gəmi kapitanlarına isə təhlükə yaranacağı halda davranış qaydaları barədə tövsiyələr verilib.

İddia olunan sxem çərçivəsində gəmilərin əsasən Oman sahillərinə yaxın xətt üzrə hərəkət etdiyi vurğulanır. Bu marşrut İran sularına yaxın ənənəvi şimal dəhlizi ilə müqayisədə daha təhlükəsiz hesab olunur və insident riskinin aşağı olduğu bildirilir.

Bununla belə, analitik şirkət "Kpler"in məlumatına görə, bu sxemdən hələlik məhdud sayda gəmi istifadə edib. Tankerlərin böyük əksəriyyəti əvvəlki kimi İran sularına daha yaxın keçən standart marşrutdan yararlanmağa davam edir.

Maraqlıdır ki, daha əvvəl "The Wall Street Journal" ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında kommersiya gəmilərini müşayiət etməyə yenidən başladığını yazmışdı. Lakin ABŞ Mərkəzi Komandanlığı belə missiya həyata keçirmədiyini bildirib.

Məqalə göstərir ki, dünya neft ticarətinin əsas arteriyalarından biri olan Hörmüz boğazı ətrafında gərginlik səngimək bilmir. Qlobal enerji tədarükünün mühüm hissəsi məhz bu dar keçiddən keçdiyi üçün burada baş verən hər dəyişiklik dünya bazarlarına təsir potensialı daşıyır.

Musavat.com

Chosen
13
2
musavat.com

3Sources