EN

ABŞ-də siqaret çəkənlərin sayı 2025-ci ildə rekord minimuma enib

ABŞ-də böyüklər arasında siqaret çəkmə səviyyəsi tarixi minimuma enib.

Moderator.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2025-ci ildə yetkin amerikalıların yalnız doqquz faizi özünü siqaret çəkən kimi təqdim edib. Bu isə hər 11 nəfərdən biri deməkdir. Müqayisə üçün qeyd olunur ki, 1960-cı illərin ortalarında böyüklərin 42 faizi siqaret çəkirdi.

Göstəricinin azalmasına siqaretlərə tətbiq edilən vergilər, qiymət artımları, ictimai yerlərdə siqaret çəkməyə qoyulan qadağalar və maarifləndirici kampaniyalar səbəb olub. 2024-cü ildə siqaret çəkənlərin payı ilk dəfə 10 faizdən aşağı düşmüşdü. 2025-ci ildə isə bu rəqəm doqquz faiz təşkil edib.

Bununla yanaşı, böyüklər arasında elektron siqaret istifadəsi sabit qalaraq təxminən yeddi faiz səviyyəsində olub.

"Campaign for Tobacco-Free Kids" təşkilatı siqaret çəkənlərin sayının azalmasını "ictimai səhiyyə sahəsində monumental nailiyyət" adlandırıb və bunun milyonlarla insanın həyatını xilas etdiyini, səhiyyə xərclərinə milyardlarla dollar qənaət etdirdiyini bildirib.

Lakin mütəxəssislər narahatlıq ifadə edirlər. Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Administrasiyası CDC-nin Siqaretçəkmə və Sağlamlıq İdarəsini, həmçinin "Keçmiş siqaret çəkənlərin məsləhətləri" adlı reklam kampaniyasını ləğv edib.

Qiymətləndirmələrə əsasən, həmin kampaniya təkcə bir milyondan çox amerikalının siqareti tərgitməsinə kömək edib və səhiyyə sahəsində 7.3 milyard dollardan çox vəsaitə qənaət olunmasını təmin edib.

Chosen
31
50
moderator.az

10Sources